RU

Bazarlar bu savaş ı uduzdu: Daha heç kim axşam bazarı na getmir

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son illər Azərbaycanda insanların alış-veriş vərdişlərində ciddi dəyişikliklər müşahidə olunur. 

Bir vaxtlar şəhər həyatının ayrılmaz hissəsi sayılan bazarlar əvvəlki canlılığını tədricən itirir. Əvvəllər insanlar təkcə alış-veriş üçün deyil, həm də ünsiyyət qurmaq, hal-əhval tutmaq, təzə məhsul seçmək üçün bazarlara üz tuturdular. Xüsusilə həftə sonları bazarlarda müşahidə olunan sıxlıq artıq əvvəlki qədər hiss olunmur.

İndi isə əhalinin böyük hissəsi gündəlik tələbatlarını supermarketlərdən, iri ticarət mərkəzlərindən və onlayn platformalardan qarşılamağa üstünlük verirlər. Hətta meyvə-tərəvəz kimi məhsulların alınmasında belə marketlərə maraq artıb. 

Hazırda Bakıda fəaliyyət göstərən əsas bazarlar sırasında “Vosmoy” kimi tanınan "8-ci km bazarı", "Yaşıl bazar", "Təzə bazar", "Nəsimi bazarı" və "Şərq bazarı" yer alır. Vaxtilə insanların ən çox üz tutduğu:

Yasamal bazarı", "Şüşəli bazar" və bir sıra bazarlar artıq fəaliyyətini dayandırıb. Bütün bunlar göstərir ki, illərdir formalaşan bazar mədəniyyəti zəifləyib və unudulmağa başlayır.

Bazarlar artıq insanları əvvəlki kimi özünə cəlb etmir, yoxsa insanlar bazarları tərk edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, müasir həyat tərzi insanların davranışına təsir edir:

"Son illər Azərbaycanda bazar mədəniyyətinin zəifləməsi əsasən insanların həyat tərzinin və alış-veriş vərdişlərinin dəyişməsi ilə bağlıdır. Əvvəllər bazarlar həm alış-veriş, həm də insanların bir araya gəldiyi sosial məkan idi. 

İnsanlar burada yalnız məhsul almır, söhbət edir, münasibətlər qurur və gündəlik həyatın bir hissəsini yaşayırdılar. Müasir dövrdə isə bu funksiyanı ticarət mərkəzləri, supermarketlər və sosial şəbəkələr müəyyən qədər əvəz edib.

Supermarketlər insanların daha çox rahatlıq və sürət axtarması səbəbindən üstünlük qazanır. Burada məhsullar qablaşdırılmış, qiymətlər sabit və alış prosesi daha rahat olur. Kartla ödəniş, çatdırılma xidməti və geniş iş saatları da marketləri daha cəlbedici edir. 

Onlayn alış-verişin yayılması isə insanların bazara getmədən ehtiyaclarını qarşılamağına imkan yaradır".Onun sözlərinə görə, market qiymətləri ilə bazar qiymətləri bir-birinə yaxınlaşıb:

"Keçmişdəki ucuz bazar qiymətləri mövcud deyil. Ona görə də əhali daha çox marketlərə axışır. Digər tərəfdən, şəhərləşmə prosesi və yeni yaşayış tərzi də bazarların əvvəlki rolunu zəiflədir. 

İnsanların vaxtı azalır, gündəlik həyat sürətlənir və uzun müddət bazarda gəzmək artıq əvvəlki qədər maraqlı görünmür. Gənc nəsil daha çox müasir alış-veriş məkanlarına üstünlük verir".

Ekspert qeyd edib ki, bəzi hallarda bazarların köhnə olması, gigiyena və parklanma problemləri də insanların uzaqlaşmasına səbəb olur:

"Marketlər isə daha səliqəli və rahat mühit təqdim edir. Buna görə də insanlar bazarları tərk etdikcə, bazarların canlılığı azalır, canlılıq azaldıqca isə bazarlar əvvəlki cəlbediciliyini itirir.

Bununla belə, bazarlar tamamilə yox olmur. Çünki insanlar hələ də təzə və yerli məhsullar üçün bazarlara üz tuturlar. Sadəcə olaraq bazarların əvvəlki sosial və mədəni əhəmiyyəti zəifləyib və onlar müasir ticarət sistemi ilə rəqabətdə geri qalmağa başlayıb".

Gülər Həsənli

"Cebheinfo.az"

Açar sözlər:

bazar Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
cebheinfo.az

2Источники