RU

Keçmiş məmurun xanımı ilə qızı arasında miras davası gedir

AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin xanımı ilə qızı məhkəmədə üz-üzə gəlib.

KONKRET.az xitab24.az-a istinadla xəbər verir ki, buna səbəb Ramiz Mirzəyevin vəfatından sonra geriyə qalan miras bölüşdürülməsində yaranan problemlərdir.

Anasına qarşı məhkəmə iddiasını isə mərhum Mizrəyevin qızı qaldırıb. O, mirasdan bəzi əmlakların qardaşı Anar Mirzəyevin də vəfatından sonra onların gəlini və Ramiz Mirzəyevin nəvəsinin adına keçirilməsinə etiraz edib.

Mirasa Tovuzda, İsmayıllıda, Şamaxıda çoxsaylı müxtəlif təyinatlı torpaq sahələri, Abşeron rayonu ərazisində bağ evi, Bakının Xətai, Nəsimi, Sabunçu, Səbail, Binəqədi rayonları ərazisində çoxsaylı mənzilər, şirkətlər, Ramiz Mirzəyevin bank kartlarında qalan bir milyon manata yaxın vəsait, avtomobillər və s. daxildir.

Ramiz Mirzəyevin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edədək əmlakda vərəsəlik payının müəyyən edilməsi və mirasın bölüşdürülməsini istəyib. Bundan başqa o, həmin əmlakların özgəninkiləşdirilməsinə dair bağlanmış əqdlərin, o cümlədən bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesabedilməsi tələbini iddia ərizəsində qeyd edib. İddia ərizəsində qeyd olunan əmlaklar siyahısında avtomobillər və “Tamam” firması da daxildir.

Bundan başqa, Mirzəyevin qızı cavabdehlərin hərəkətlərində cinayət əməlinin olub-olmamasının müəyyən edilməsi üçün onlar barəsində xüsusi qərardad qəbul edilərək araşdırılma aparılması üçün müvafiq hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qətnamə qəbul edilməsini də xahiş edib.

Ramiz Mirzəyevin qızı anasına qarşı inamını qardaşı Anar Mirzəyevin vəfatından sonra itirdiyini bildirib. O qeyd edib ki, anası Sima Aslanova oğlunun vəfatından sonra  atası Ramiz Mirzəyevlə birgə nikah dövründə əldə edilmiş əmlakları satmağa, hansısa formada başqa şəxslərə özgəninkiləşdirməyə başlayıb və artıq bir çoxuna müvəffəq olub. Bu əmlaklardan bəziləri Mirzəyevlərin gəlini Günay Aslanova və onun azyaşlı qızının adına keçirilib. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirib.

Günay Aslanova Ramiz Mirzəyevin xanımı Sima Aslanovanın qardaşı qızıdır. Ramiz Mirzəyevin qızı anasının bu addımını mənimsəmə kimi dəyərləndirib.

Cavabdeh Sima Aslanova iddiaya etiraz edərək bildirib ki, həyat yoldaşı Ramiz Mirzəyevdən qalan əmlak vərəsələr tərəfindən rəsmi qaydada qəbul edilib və aralarında bərabər yəni, hər birinə 1/3 hissədə bölünüb.

“Hazırda vərəsəliyin müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bərabər şəkildə bölünməsindən 17 il keçdikdən sonra iddiaçının məhkəməyə ərizə ilə müraciət edərək, miras qalmış əmlakın bölüşdürülən zaman bundan xəbərinin olmadığını, ailə dəyərlərinə, bir-birilərinə hörmət və sevgi olduğundan bu müddət ərzində əmlaklarda özünə düşən paylarda hansısa sənədləşmə aparmağı zəruri hesab etmədiyini bildirsə də, onun bu iddiası əsassız tələbdir” – cavabdeh tərəf bildirib.

Sima Aslanova qızının iddiasının rədd edilməsini məhkəmədən xahiş edib.

Birinci instansiya məhkəməsi Mirzəyevin qızının iddiasını qismən təmin edərək bir sıra əmlaklarda pay hüququnun müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət edib.

Ana və qızı növbəti dəfə apellyasiya məhkəməsində üz-üzə gəlib. Bu dəfə Mirzəyevin qızı iddiasının digər hissəsinin təmin edilməsini istəyib. Qarşı tərəfə, yəni anası isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş edib. Lakin həm apellyasiya, həm də növbəti instansiya birinci qətnaməni qüvvədə saxlayıb.

Qeyd edək ki, Ramiz Mirzəyev 2007-ci ildə vəfat edib. Onun oğlu Anar Mirzəyev isə 2018-ci ildə avtomobil qəzasında həyatını itirib.

Избранный
6
3
konkret.az

4Источники