RU

Rusiya Ermənistanı pulsuz qoyur

Rusiya Ermənistandan meyvə və tərəvəzin də idxalına qadağa qoya bilər. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəisi Sergey Dankvertin açıqlaması belə deməyə əsas verir. 

Dankvert bildirib ki, problemlər yalnız, Ermənistandan idxal edilən güllərdə deyil, həm də meyvə və tərəvəzdə müşahidə olunur. Onun bu açıqlaması Rusiyanın Ermənistana növbəti sanksiyalar tətbiq etməyə hazırlaşdığını göstərir.  

Rusiya tərəfi Ermənistandan Rusiyaya mövsümi kənd təsərrüfatı məhsulları və gül idxalına, həmçinin müəyyən mədən məhsullarının (molibden filizi, dekorativ daş və s.) alınmasına məhdudiyyətlər qoymağı nəzərdə tutur.  Digər, daha təhlükəli paket Metsamor Atom Elektrik Stansiyasından nüvə tullantılarının utilizasiyası ilə bağlı müqavilələrin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Başqa sözlə, Ermənistandan artıq tullantılar ixrac edilməyəcək və ölkəmizdə onların utilizasiyası üçün lazımi şərait yoxdur ki, bu da ekoloji fəlakətə səbəb ola bilər.

Bundan başqa, erməni iş adamlarının və dövlət məmurlarının Rusiya Federasiyasındakı daşınmaz əmlakına və maliyyə aktivlərinə fərdi məhdudiyyətlərin qoyulması, bəzilərinin Rusiya Federasiyasından nümayişkaranə şəkildə çıxarılması, giriş qadağaları və s. mövcuddur”,-deyə qeyd edilirdi.

Sözügedən xəbər artıq öz təsdiqini tapmaq üzrədir. Son günlər Ermənistandan gül idxalının qarşısı alınıb. Sergey Dankvertin açıqlaması tezliklə Rusiyanın Ermənistandan meyvə və tərəvəz alınmasını dayandıracağından xəbər verir. Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasının deputatı Gennadi Zyuqanov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya girişinə qadağa qoymağı təklif edib. Bütün bunlar Rusiyadan Ermənistana ciddi təhdidlərin və xəbərdarlığın əlamətidir. 

Qadağaların Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərinə etiraz olaraq tətbiq edildiyinə dair məlumatlar yayılsa da, sonrakı proseslər əsl səbəblərin başqa olduğunu təsdiqlədi. Belə ki, baş verən ziddiyyətlərlər ilk növbədə iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi Kremlin Nikol Paşinyan hakimiyyətinə siyasi təzyiqi hesab edilir. 

Nikol Paşinyanın gül ixracına qadağa qoyulmasına “Əgər münasibət dostcasınadırsa, bu, o deməkdirmi ki, biz fitosanitar standartların hüdudlarından kənara çıxmalıyıq?”, - deyə cavab verməsi bir növ qarşı tərəfə müsbət jest etməklə seçkilərə az qalmış Rusiya ilə yaranmış gərginliyi aradan qaldırmaq cəhdi kimi başa düşülə bilər. Yəni Ermənistanın Baş naziri Rusiya ilə münasibətləri yumşaltmağa və təzyiqlərdən yayınmağa çalışır. 

Çünki Paşinyan üçün gül ixracının müvəqqəti dayandırılması strateji məsələ deyil. Ermənistan Rusiyaya gül satışından ayda 3,5-4,5 milyon dollar vəsait qazanır. Bu məbləği müvəqqəti itirmək Paşinyan və Ermənistan üçün təhlükə yaratmır. 

Ancaq seçkilərdə qalib gəlmək Paşinyan üçün strateji əhəmiyyətə malikdir. Ona görə də Paşinyan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı görünmür. Lakin Moskvanın son addımları Paşinyana qarşı siyasi təzyiqləri davam etdirmək niyyətindən xəbər verir. Ermənistanda Rusiyaya bağlı radikal müxalifətin hakimiyyətə gəlmək şansı xeyli aşağı olsa da Kreml Paşinyana etibar etmir. 

Çünki hazırkı baş nazirin seçkilərdən sonra balanslı xarici siyasət kursunu daha çox Qərbin xeyrinə dəyişəcəyi göslənilir. Ermənistan Rusiya ilə əməkdaşlığı davam etdirsə də Avropa İttifaqına daxil olmaq prosesini yeni konstitusiyada  təsbit edə bilər. 

Bundan başqa, “Tramp marşrutu”nun və Türkiyə ilə sərhədlərin açılması baş verə bilər ki, bütün bunlar Rusiyanın Cənubi Qafqazda geosiyasi təsirini zəiflətməklə yanaşı, Ermənistanın Qərbə inteqrasiyasına yeni qapı aça bilər. 

Ermənistanın Avropa İttifaqına üzvlüyə namizədlik statusu qazanmaq üçün Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birlyindən çıxması əsas şərtlərdən biri kimi qoyulur. 

Rəsmi Moskva nəinki Ermənistanı itirəcəyindən, ümumiyyətlə, adları çəkilən qurumlara daxil digər postsovet ölkələrinin də “domino” effekti ilə həmin təşkilatları tərk edəcəyindən narahatdır. Bu baxımdan, Rusiya seçkilər öncəsi Paşinyana mümkün qədər təzyiq göstərməklə onu mövqeyindən döndərməyə çalışır. 

Избранный
18
cebheinfo.az

1Источники