RU

Qadınlarımızı zəif görmək istəmirəm

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müsahibimiz "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovadır.

- Arzu xanım, özünüzü daha çox iş qadını, yoxsa ictimai xadim kimi dəyərləndirirsiniz?

- İctimai xadim kimi... Əslində hər ikisi işdir, hər ikisində faydalı olmağa çalışıram. Amma özümə, ruhuma yaxın olanı soruşursunuzsa, mənim üçün hər zaman birinci "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyidir.

- Bəzən cəmiyyətdə belə bir yanaşma ilə qarşılaşırıq ki, QHT-lər birbaşa problemlərin həllinə, ciddi dəyişikliklərə yönəlmirlər, layihələrin mühüm bir qismi səmərəsiz olur. Sizin bu kimi fikirlərə münasibətiniz necədir?

- Hər sahə barədə bu cür sözlər var. Onların arasında həqiqəti əks etdirənlər də var, yalanlar da. İnternetin, sosial şəbəkələrin həyatımızın tən ortasında qərarlaşdığı bir dövrdə yaşayırıq. Belə bir dövrdə yanlış məlumatların bir göz qırpımında yayılması, şişirdilməsi qaçınılmazdır. Şəxsən, mən öz təşkilatıma cavabdehəm və bütün məsuliyyətimlə deyirəm ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə keçirdiyimiz heç bir layihə, heç bir tədbir faydasız, necə deyərlər, "plan doldurmaq" üçün olmayıb. Həm mənim, həm də Agentlik tərəfdən hər şey çox şəffaf şəkildə keçirilib.

- Sizcə, bu gün ölkəmizdə QHT-lərin qarşılaşdığı əsas problemlər, maneələr nələrdir?

- Problem yoxdur desək, özümüzü aldatmış olarıq. Bəli, problemlər var, bəzən çətinliklərlə üzləşirik. Mən bu məsələyə bir neçə istiqamətdən yanaşıram: özümün bir təşkilat sədri kimi çözə biləcəyim problemlər var, bir neçə təşkilat sədrinin birgə həll edəcəyi problem var, bir də bizim üçün həll olunmalı digər problemlər də var ki, onlar çözülərək bizim yolumuz açılmalıdır. Mən təşkilat olaraq özümdən asılı olan problemləri, çalışıram ki, dərhal həll edim. Qalanına isə lazımi qurumlara müraciət edib həll etməyə çalışırıq.

- Hansı hadisəni həyatınızın dönüş nöqtəsi hesab edirsiniz?

- Mənim həyatımın dönüş nöqtəsi mərhum millət vəkilimiz, ictimai xadim Qənirə xanım Paşayeva ilə sıx ünsiyyət qurmağımız oldu. Bunu vurğulamağı hər zaman özümə borc bilirəm ki, onun mənə öyrətdiklərindən, onun verdiyi cəsarətdən yola çıxaraq 8 il öncə, hətta bir az da ondan qabaq Qənirə xanımın mənə verdiyi həvəslə, ideyalarla həyatımın dönüş nöqtəsi yarandı. Ondan başqa isə həyatımda dönüş nöqtələri çox olub. Heç zaman ağlıma gəlməyəcək hadisələrlə qarşılaşmışam, öncədən düşünmədiyim bır sıra qərarlar vermişəm. Hətta bəzən çox önəmli bir insanın söylədiyi bir cümlədən çıxartdığım nəticə belə həyatımda nələrisə dəyişdirməyə səbəb olub. Məncə, insan bütün ömrü boyunca öyrənməlidir.

- Sizin təşkilatınızın adında "maarifləndirmə" sözü var. Özünüzün də fəaliyyətinizin önəmli hissəsi məhz buna xidmət edir. Maarifləndirmə fəaliyyətinin real nəticəsini görürsünüzmü?

- Mənim ən çox fokuslandığım məsələ məhz bu olub. Heç bir layihəni həyata keçirdim, bitdi deyə etmirəm. Mütləq onun davamını gətirməyə, onun nəticəsi ilə maraqlanmağa çalışıram. Onu davamlı etməyin yollarını axtarıram. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bölgələrdə qadın sahibkarlara dəstək layihəsi keçirirdik. Həmin layihədən bir müddət sonra xanımlar mənə öz qurduqları işlərlə bağlı yazırdılar. Görürdüm ki, bir neçə xanım birləşib bir şirniyyat evi açıb və sair. Onlar mənə deyirdilər ki, biz heç bilmirdik, dövlət belə bir şərait yaradıb, məşğulluq idarəsi bizim üçün bunları edə bilər, sizin layihənizdə gördük, payladığınız bukletlərdə oxuduq. Bilirsiniz, paytaxtdakı qadın bunları bilir, bunlarla qarşılaşır. Amma ucqar bir dağ kəndində yaşayan qadınların bu cür geridönüşləri məni çox sevindirir. Məsələn, bir dəfə bir xanım mənə dedi ki, həyətimdə yüz göyəm ağacı var, sovet dövründə gəlib göyəmin kilosunu 2 qəpikdən alıb aparırdılar. Mənsə ona dedim ki, siz bir neçə xanım birləşib o göyəmdən kompot hazırlayıb restoranlara sata bilərsiniz. Hətta bunu sosial şəbəkə üzərindən səhifə açaraq da davamlı edə bilərsiniz. Bu gün o xanımlar birləşiblər kompotlar, turşular hazırlayırlar, restoranlara satırlar. Yəni öz işlərini qurublar. Bunları eşitdikcə çox sevinirəm.

- Fəaliyyətiniz daha çox regionlarla bağlıdır. Xüsusən, sizinçün doğma olan Masallı rayonu fəaliyyətinizdə müstəsna yer tutur. Yaxın zamanlarda Masallıda ilk dəfə keçirilən kitab festivalının təşkilatçılarından biri oldunuz. Bu gün Masallını necə görürsünüz, orada nələr çatışmır, daha nələr etmək istəyərdiniz?

- Bəli, Masallıda kitab festivalının keçirilməsi mənim üçün çox önəmli və son dərəcəli fərəhli hadisə idi. Xüsusən, o layihənin təşkilatçılarından biri olmaq məni çox qürurlandırır. Hər zaman demişəm ki, regionlarımız nə qədər güclənsə, ölkəmiz də bir o qədər güclü olacaq. Paytaxtımız çox gözəldir, burada hər cür şərait var, əlçatandır. Amma bölgələrimizdə də bu boşluqları həll etmək lazımdır. Biz vətəndaş cəmiyyətinin üzvləri olaraq harada nə edə biləriksə, onu etməyə çalışırıq. Sumqayıtda böyüsəm də, Masallı dədə-baba yurdumdur. Azərbaycanımızın hər bölgəsini çox sevirəm, amma Masallı mənimçün bir başqadır. Təşkilat olaraq, Masallı üçün nə edə biləriksə, ona da can atıram. Ümumiyyətlə, bölgələrimiz günügündən inkişaf edir. Bəlkə bu inkişaf çox sürətlə getmir, amma var, bunu dana bilmərik. Uzun illər müharibə şəraitində yaşamış, yaxın keçmişimizdə isə müharibə görmüş və bitməz dediyimiz o dərdi bitirmiş bir millət olaraq biz çox qısa zamanda toparlana bildik. Müharibə bir ölkənin iqtisadiyyatına ən güclü zərbə vuran hadisələrdən biridir. Bununla belə, bu gün Qarabağımız necə inkişaf edir, yenidən dirçəlir. Həmçinin, digər bölgələrimizdə də inkişaf gedir. Ən böyük arzularımdan biri bölgələrimizdə çoxlu iş yerlərinin açılmasıdır. Masallı, eləcə də cənub bölgəsi illər öncəki deyil, hər mənada inkişaf var. Xüsusən, insanların öz düşüncələrində, baxışlarında çox müsbət dəyişiklik var. Bütün bunları görmək məni çox sevindirir.

- Təşkilatınızın beynəlxalq əlaqələri necədir?

- Təşkilatımızın fəaliyyət istiqamətlərində hər zaman prioritet məsələlərimiz olub. Onlardan biri Qarabağ həqiqətləri idi ki, hər zaman hər yerdə öncə bundan danışırdıq, təbliğatını aparırdıq. Şükürlər olsun ki, Qarabağımızı azad etdik. İndi də böyük zəfərimizdən danışırıq. Ondan sonra şəhid ailələrimizə, qazilərimizə diqqət və qayğını hər zaman özümüzə borc bilmişik. Növbəti məsələ, fiziki imkanları məhdud uşaqlarımız, gənclərimizdir ki, bacardığımız qədər onlara diqqət ayırmağa, onlara dəstək olmağa çalışırıq. Həmçinin, önəm verdiyim məsələlərdən biri də Türk dünyası və onun güclənməsi istiqamətində görüləcək işlərdir. 8 il ərzində təşkilatımızın bu istiqamətdə çox ciddi layihələri olub, var və davam edəcək. Təşkilatımızın beynəlxalq əlaqələrini genişləndirməyə çalışırıq. Gözəl dostluqlarımız var və bu dostluqlarımız bizə yeni dostluqlar da qazandırır. Bütün işlərimizin arxasında bir şüar dayanır: faydalı olmaq!

- Müsahibələrinizdə tez-tez qeyd edirsiniz ki, qadına dəstək lazımdır, amma o, zərifdir, zəif deyil. Bu təzadı necə izah edərdiniz?

- Bu fikrimlə razılaşmayanlar, onu konteksdən çıxarmağa çalışanlar olub. Amma mənim fikrim belədir ki, qadın zəif olmasın, heç zaman o sözün arxasına sığınmasın. Mən qadınlarımızı zəif görmək istəmirəm. Tək-tənha öz həyatını quran, uğurlar qazanan qadınların qarşısında baş əyirəm, onlarla qürur duyuram. Çünki onlar bəhanələrə sığınmayıb, yalnız öz gücünə sığınaraq özünü inkişaf etdirib, cəmiyyətə yararlı övladlar böyüdüb. Lakin zəif deyil, zərif dediyimiz bir varlığın atasından, qardaşından, həyat yoldaşından gördüyü dəstəklə hansısa uğur qazanmasına niyə xor baxmalıyıq? Niyə onun başqalarının gözündə rahat əldə etdiyi imkanlar bizi qıcıqlandırmalıdır? Niyə o cür xanımlar cəmiyyət tərəfindən qısnamalara məruz qalmalıdır? Axı atanın, qardaşın, həyat yoldaşının açdığı yolda yerimək, o işi inkişaf etdirmək də var, onun üçün də ağıl, əzm, zəhmət lazımdır. Demək ki, o qadında onlar var ki, o uğuru əldə edib və əlində saxlaya bilib. Hər qadın mütləq şiddət görməli, əzab-əziyyətlər çəkməlidir ki, biz onun qazandığı uğuru alqışlayaq, ya da söylədiyi fikri ciddiyə alaq? Zülm görmək qadının alnına yazılıb? Kaş bütün qızlarımız gözəl ataya, anlayışlı həyat yoldaşına sahib olsunlar və o imkanları da əzab-əziyyətsiz qazansınlar.

- Sizcə, xeyriyyəçilik borcdur, ya seçim?

- Əslində, heç biri... Bu, bir ürək məsələsidir və sadəcə maddiyyatdan asılı deyil. Bir təbəssüm də, xoş söz də xeyriyyəçilikdir. Hər şeydən öncə insanda empatiya duyğusu olmalıdır. Qarşımızdakı haqqında qərar verməzdən öncə, mütləq özümüzü onun yerinə qoymalıyıq. Həmçinin, xeyriyyə doğru ünvana olmalıdır ki, həqiqətən ehtiyacı olan insan ondan yararlansın.

Şahanə MÜŞFİQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
525.az

1Источники