"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis ''Damak''a qarşı çempionluğun rəsmiləşdiyi matçın ardından ''Fənərbaxça'' ilə bağlı sürpriz açıqlamalar verib. Jezuş Əziz Yıldırımın prezident seçiləcəyi təqdirdə ''Fənər''in başına gətirmək istədiyi məşqçilərdən biridi. Görünür, tərəflər arasında artıq ilk danışıqlar baş tutub və uğurlu məcrada keçib.
Daha öncə 2021/22-də İstanbul nəhəngini çalışdıran, amma çempion ola bilməyən Jezuş bunları deyib:
''Bu, ''Əl-Nəssr''dəki son oyunumdu. Ayrılmağa qərar vermişəm. Portuqaliya və ''Benfika''ya qayıtmağımdan söhbət gedə bilməz. İndiyə qədər işlədiyim çox yerdə çempionluqlar qazanmışam. Səudiyyə Ərəbistanında, Portuqaliyada, Braziliyada... Mən yox, mənimlə çalışan insanlar qazandı. Kubok qazandığım, amma çempion ola bilmədiyim yeganə yer ''Fənərbaxça''dı. Bəlkə də ''Fənərbaxça'' ilə hələ bitməyən və tamamlanmayan bir hekayəm var. Bu, mümkün variantlardan biridi. Üzərində düşünəcəm. Portuqaliyaya gedib 2-3 gün dincələcəm. Daha sonra dostlarımı görmək üçün qısa müddətlik Braziliyaya yollanmağı planlaşdırıram. ''Fənərbaxça'' fanatları bu arzu ilə yaşaya bilərmi? Bəli, klubun mənə marağı var. Tək onlardan yox, Türkiyənin başqa nəhəng klubundan da təklif almışam. İkinci komandanın adı sirr olaraq qalsın. Orda zatən üç nəhəng var. Türkiyədə stadiona toplaşanlar hər zaman mənim adımı bağırırdı. Bu gün burda da eyni şey oldu. Braziliyada da bunu yaşamışam. Amma Portuqaliyada qazandığım çempionluqlara baxmayaraq bu, heç vaxt baş verməyib''.