RU

Rusiya uduzur... – Putin üçün KƏDƏRƏ çevrilən “ZƏFƏR”

Ukrayna müharibəsində təşəbbüs tədricən Rusiyanın əlindən çıxır. CNN telekanalının şərhçisi Brett McGurkun yazısında belə bir qənaətə gəlinib.

Məqalə müəllifi hesab edir ki, Pekində Donald Trump ilə görüş zamanı Si Cinpinin “Putin bir gün Ukraynaya hücum etdiyinə peşman ola bilər” fikri təsadüfi deyil. Təhlilə görə, cəbhədə yaranan yeni reallıq artıq Moskvanın strateji üstünlüyünü sarsıdır. Müəllifin fikrincə, Vladimir Putin 2026-cı ili dönüş nöqtəsi hesab edib. Kremlin planına görə, canlı qüvvə üstünlüyü və uzunmüddətli müharibə hesabına Rusiya ordusu Ukraynanın şərqində müdafiə xəttini yararaq Donbası tam nəzarətə götürməli idi. Lakin hadisələr əks istiqamətdə inkişaf edir. Bu il ərazi baxımından xalis irəliləyiş əldə edən tərəf məhz Ukrayna olub.

Eyni zamanda, Rusiya ordusunun itkiləri sürətlə artır. Qərb hesablamalarına görə, Rusiya ayda 30-40 min arası ölü və yaralı verir. Ümumi itkilərin artıq bir milyonu keçdiyi və Moskvanın bu itkini əvvəlki sürətlə kompensasiya edə bilmədiyi vurğulanır. Qeyd olunur ki, təzyiq artıq Rusiyanın daxilində də hiss olunur. Son günlər Rusiya parlamentindən ilk dəfə açıq şəkildə müharibənin iqtisadi baxımdan davam etdirilməsinin təhlükəli olduğu barədə açıqlamalar səslənib. Dövlət Dumasının deputatı uzunmüddətli savaşın iqtisadiyyatı çökdürə biləcəyini etiraf edib. Putinin “müharibə sona yaxınlaşa bilər” sözləri də məqalədə xüsusi vurğulanır. Çünki Kreml rəhbəri indiyə qədər bu savaşı “sonsuz fədakarlıq tələb edən ekzistensial mübarizə” kimi təqdim edirdi.

Təhlildə, həmçinin, Ukraynanın ən böyük üstünlüyünün dron texnologiyasına çevrildiyi qeyd olunur. Bret Makqurkun qənaətincə, Ukrayna artıq sadəcə müdafiə olunan dövlət deyil, müharibənin qaydalarını dəyişən hərbi innovator təsiri bağışlayır...

Sadalanan gəlişmələr nəzərə alınaraq da, bu il, nəhayət, atəşkəs mümkün görünürmü? Putin üçün indiki cəbhə xəttinin dondurulması nə demək olacaq?

Qabil

Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Ukrayna müharibəsi Rusiya Federasiyasının resurs dayanıqlığının, Qərbin strateji səbrinin və Çin faktorunun dolayı təzyiqinin bir-birinə toxunduğu qlobal sistem sınağıdır: “Əgər CNN şərhində qeyd olunan tendensiyalar doğrudursa, burada əsas məqam Rusiyanın uduzması ifadəsindən daha dərindədir. Söhbət təşəbbüsün tədricən itirilməsindən gedir. Müharibələrdə ən kritik element ərazi deyil, təşəbbüsdür: kim tempi müəyyən edir, kim resursu daha səmərəli idarə edir və kim rəqibi reaksiya verməyə məcbur edir. Vladimir Putin üçün 2026-cı ilin dönüş ili kimi təqdim olunması Kremlin ilkin planlamasının – qısa və ya orta müddətli hərbi üstünlük hesabına siyasi nəticə alma strategiyasının – artıq işləmədiyini göstərir. Uzanan müharibə modelində isə üstünlük avtomatik olaraq iqtisadi dayanıqlığa və texnoloji adaptasiyaya keçir”.

Politoloqa görə, müharibənin əvvəlində formalaşan məntiq sadə olub: “Canlı qüvvə üstünlüyü və uzunmüddətli təzyiqlə ərazi qazancı əldə olunmalı idi. Lakin bu xəttin işləməməsi göstərir ki, müasir müharibələr klassik yanaşma modelinə tam tabe olmur. Burada əsas dönüş nöqtələrindən biri Si Sinpin tərəfindən səsləndirilən və dolayı diplomatik mesaj kimi oxunan peşmanlıq narratividir. Çin açıq tərəf tutmasa da, uzunmüddətli qeyri-sabitliyin onun üçün də risk yaratdığını anlayır. Bu isə Moskva üçün strateji siqnal deməkdir. Yəni, dəstək sonsuz və şərtsiz deyil.

Qərb qiymətləndirmələrində Rusiya itkilərinin yüksək rəqəmlərlə ifadə olunması – doğru olub-olmamasından asılı olmayaraq – artıq informasiya müharibəsinin deyil, siyasi psixologiyanın alətinə çevrilib. Burada əsas təsir real rəqəmdən çox, onun qəbul edilən sosial yüküdür. Əgər həqiqətən də Rusiya daxilində parlament səviyyəsində müharibənin iqtisadi riskləri açıq müzakirə olunursa, bu artıq sistem daxilində strateji yorğunluq mərhələsinin başladığını göstərə bilər. Avtoritar sistemlərdə belə siqnallar nadir hallarda spontan olur – adətən bu, idarə olunan yumşaq mesajdır.

Müasir müharibənin ən kritik transformasiyası dron və yüksək adaptiv texnologiyalara keçiddir. Ukrayna bu sahədə yalnız müdafiə edən tərəf deyil, eyni zamanda, taktiki innovator roluna keçib. Bu isə klassik ordular üçün ən təhlükəli ssenaridir. Ucuz, sürətli və qeyri-simmetrik texnologiya ilə ağır və nəhəng hərbi strukturların balansı pozulur. Bu gün döyüş meydanında kimin əsgəri, ordusu daha çoxdur artıq fərq etmir, kim daha sürətli uyğunlaşır mərhələsi həlledici rol alıb”.

post-img

Politoloq hesab edir ki, 2026-cı ildə atəşkəs ehtimalı nəzəri olaraq var, amma onun formatı əsas sualdır: “Realistik ssenarilər sırasında “dondurulmuş münaqişə” modeli ehtimalı daha çoxdur. Cəbhə xətti faktiki olaraq sabitləşir, amma hüquqi-siyasi həll yoxdur. Bu, ən mümkün variantdır. Rusiya üçün bu, taktiki pauza, Ukrayna üçün isə uzunmüddətli hərbiləşmə deməkdir.

Mümkündür ki, müvəqqəti kompromis atəşkəsi də olsun. Rusiya-Ukrayna cəbhəsində Çin, Türkiyə və ya ABŞ diplomatik kanallarının iştirakı ilə qısa müddətli sakitlik ola bilər. Amma struktur ziddiyyətləri qalır. Əgər tərəflərdən biri özünü zəifləmiş hesab etsə və bunu kompensasiya etmək üçün riskli addım atsa, müharibə genişlənə bilər. İndiki halda cəbhə xəttinin dondurulması Moskvanın tam nəzarət və strateji məqsəd iddialarını yarımçıq qoya bilər. Yüksək itkilərin məhdud nəticə ilə əsaslandırılması çətinləşir. Bu səbəbdən Moskva üçün “dondurma” hərbi qərar deyil, daha çox siyasi reallığın qəbulu demək olar. Müharibənin hazırkı mərhələsi artıq qalibiyyət ritorikasından çox, çıxış strategiyaları mərhələsidir. Əgər təşəbbüs doğrudan da Rusiya tərəfindən itirilirsə, bu, dərhal məğlubiyyət demək deyil, amma strateji üstünlüyün transformasiyası deməkdir”.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
14
musavat.com

1Источники