RU

Diplom var, staj yoxdur – Məzunların əsas problemi yenə gündəmdə…

Azərbaycanda minlərlə tələbə ali və orta ixtisas təhsili aldığı müddətdə müxtəlif müəssisələrdə istehsalat və peşə təcrübəsi keçir. Lakin həmin müddət rəsmi əmək fəaliyyəti kimi tanınmadığından, məzun olduqdan sonra bir çox gənc “təcrübəsiz işçi” problemi ilə üzləşir.

Bəs tələbələrin təcrübə müddətinin əmək stajına daxil olunması problemi həll edəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, həm ali, həm də orta ixtisas təhsili müəssisələrində təcrübə keçən tələbələrin həmin müddətdə əmək müqaviləsi ilə təmin olunması vacibdir:

Təhsil

“İstər orta ixtisas, istərsə də ali təhsil müəssisələrində bilik və istehsalat təcrübəsi keçən tələbələrin təcrübə müddəti əmək stajına daxil edilməlidir. Hesab edirəm ki, həmin dövrdə tələbələrlə əmək müqaviləsi bağlanmalıdır. Bu, onların gələcək əmək fəaliyyətinə ciddi töhfə verər”.

Ekspertin sözlərinə görə, tələbələrin hələ təhsil aldıqları dövrdən əmək bazarına inteqrasiyası vacibdir:

“Biz istəyirik ki, tələbələr artıq 2-ci kursun sonundan və ya 3-cü kursdan etibarən praktik fəaliyyətə başlasınlar. Təcrübə keçdikləri müəssisələrdə onların əmək fəaliyyəti rəsmiləşdirilsin və bu dövr əmək stajında qeyd olunsun. Bu halda işəgötürənlər sonradan onlardan əlavə təcrübə tələb etməz. Çünki həmin şəxslərin artıq praktik təcrübəsi olacaq”.

Elçin Əfəndi qeyd edib ki, bu yanaşma universitet məzunlarının iş tapmaq imkanlarını da artıracaq:

“Bu sistem tətbiq olunsa, tələbələr ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə daha rahat başlaya bilərlər. Hazırda bir çox gənc iş tapmaqda əsas maneə kimi təcrübə çatışmazlığı ilə üzləşir. Təcrübə dövrünün rəsmiləşdirilməsi bu problemin həllinə kömək edəcək”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
27
1
konkret.az

2Источники