19 may 2026-cı il tarixində WUF13 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda “Şəhər İnkişafı Şəraitində Qadınlar və Uşaqlar üçün Dayanıqlı və Təhlükəsiz Şəhərsalma” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və onun Qazaxıstandakı tərəfdaş təşkilatı olan Almatı Şəhər Vətəndaş Alyansı tərəfindən təşkil edilən tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən birgə layihənin mühüm mərhələsi olmuşdur. Tədbirdə Azərbaycan, Qazaxıstan və digər ölkələrdən QHT nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti institutları, uşaqlar və gənclər daxil olmaqla 60-dan çox iştirakçı iştirak etmişdir.
Konfransın əsas məqsədi şəhərsalma proseslərində insan yönümlü yanaşmaların təşviqi, ictimai məkanların əlçatanlığının təmin edilməsi və əhalinin ən həssas qruplarının – qadınların və uşaqların maraqlarının qorunması olmuşdur.
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində “Təhlükəsiz və Rahat Şəhərlər: Uşaq və Qadınyönümlü Dayanıqlı Şəhər İnkişafı” mövzusunda beynəlxalq tədbirdə moderatorluq edən uşaq hüquqları üzrə ekspert Kəmalə Aşumova açılış nitqində tədbirin təşkilatçılarına, xüsusilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu görüşün təşəbbüsünə və göstərilən dəstəyə görə səmimi təşəkkürünü ifadə edib. O, belə beynəlxalq platformaların təcrübə mübadiləsi, vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı tərəfdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Moderator xüsusi olaraq region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib, Qazaxıstan qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, birgə layihələrin və ən yaxşı təcrübələrin mübadiləsinin sosial problemlərin daha effektiv həllinə, qadın və uşaq hüquqlarının müdafiəsinə, həmçinin QHT-lərin fəaliyyətində innovativ yanaşmaların inkişafına töhfə verdiyini bildirib.
Tədbirdə dayanıqlı inkişaf və kommunikasiya üzrə beynəlxalq ekspert, ABŞ-ın şəhərsalma üzrə IVLP proqramının məzunu Liya Bayramova çıxış etmişdir. O, “İnklüziv şəhərin təməli kimi təhlükəsizlik” adlı təqdimatında “Care-full city” innovativ konsepsiyası və taktiki urbanizm metodları barədə məlumat vermişdir. Ekspert vurğulamışdır ki, müasir şəhərin keyfiyyəti uşağın “azadlıq radiusu” — yəni daim böyüklərin nəzarəti olmadan ətraf mühiti təhlükəsiz şəkildə araşdırmaq imkanı ilə ölçülür. Liya Bayramova uşaq təhlükəsizliyinə yatırımı ölkənin insan kapitalını qoruyan strateji iqtisadi qərar kimi qiymətləndirmişdir.
Beynəlxalq blokçeyn və süni intellekt eksperti Emin Əliyev öz təqdimatını meqapolislərin transformasiyasında və daha təhlükəsiz şəhər mühitinin yaradılmasında müasir texnologiyaların roluna həsr etmişdir. O nümayiş etdirmişdir ki, süni intellekt və Əşyaların İnterneti (IoT) texnologiyalarının inteqrasiyası şəhərlərə hadisələrə passiv reaksiya modelindən real vaxt rejimində təhlükə siqnallarını, davranış anomaliyalarını və stress göstəricilərini tanıya bilən proaktiv təhlükəsizlik modelinə keçməyə imkan yaradır. Təqdimatda “Təhlükəsizlik Arxitekturası” kimi innovativ yanaşmalara xüsusi diqqət ayrılmış, ağıllı işıqlandırma sistemləri, süni intellekt əsaslı monitorinq, rəqəmsal təhlükəsizlik xəritələşdirilməsi və çevik ictimai məkanların şəhər infrastrukturunun ayrılmaz hissəsinə çevrildiyi vurğulanmışdır.
Təqdimatda sürətli urbanizasiya və şəhər infrastrukturunun genişlənməsinin xüsusilə qadınlar, uşaqlar, yaşlı insanlar və digər həssas qruplar üçün həm imkanlar, həm də risklər yaratdığı qeyd olunmuşdur. İştirakçılar inklüziv şəhərsalmanın, təhlükəsiz nəqliyyat sistemlərinin, küçə işıqlandırmasının yaxşılaşdırılmasının və vətəndaş iştirakçılığının əhəmiyyətini müzakirə etmişlər. Beynəlxalq təcrübələr göstərmişdir ki, qabaqcıl texnologiyalar və insan yönümlü şəhər dizaynının birləşdirilməsi təhlükəsizlik risklərini azaltmağa, həyat keyfiyyətini yüksəltməyə və sosial inklüzivliyi gücləndirməyə imkan verir. Çıxış edənlər yekunda bildirmişlər ki, dayanıqlı şəhər inkişafı insan hüquqlarını, təhlükəsiz məkanlara bərabər çıxışı və icmaların fəal iştirakını prioritet hesab etməlidir.
Qazaxıstanın Almatı Vətəndaş Alyansının Prezidenti və Qazax-Britaniya Texniki Universitetinin professoru Kairjan Abduxaliqov çıxışını Qazaxıstanda sosial inteqrasiya və inklüziv şəhər inkişafı məsələlərinə həsr etmişdir. O, Almatı və Karaqanda kimi iri şəhərlərdə baş verən sürətli urbanizasiya proseslərinə diqqət çəkərək, artan əhali sayı, miqrasiya və genişlənən şəhər infrastrukturunun həm yeni imkanlar, həm də ciddi sosial çağırışlar yaratdığını vurğulamışdır.
Professor qeyd etmişdir ki, müasir şəhərlər yaşından, cinsindən, sosial statusundan və fiziki imkanlarından asılı olmayaraq hər bir insanın ictimai həyatda tam iştirak edə bildiyi və özünü təhlükəsiz hiss etdiyi məkanlara çevrilməlidir. Onun sözlərinə görə, həqiqi inklüzivlik yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır, həm də təhsil, səhiyyə, sosial xidmətlər, ictimai nəqliyyat və qərar qəbuletmə proseslərinə bərabər çıxışı tələb edir.
Qazaxıstan təcrübəsinə toxunan natiq bildirmişdir ki, Almatı kimi şəhərlərdə əlçatan ictimai məkanların yaradılması, sosial təşəbbüslərin inkişafı və yerli hakimiyyət orqanları ilə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, urbanizasiya proseslərinin düzgün idarə olunmadığı halda sosial bərabərsizlik, həssas qrupların təcrid olunması, ekoloji təzyiqlər və sosial həmrəyliyin zəifləməsi kimi risklərin yarana biləcəyi vurğulanmışdır.
Natiq dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasında vətəndaş cəmiyyətinin və yerli icmaların mühüm rolunu xüsusi qeyd etmişdir. O bildirmişdir ki, uşaqlar, qadınlar, yaşlı insanlar və əlilliyi olan şəxslər yalnız şəhər siyasətlərinin benefisiarları deyil, həm də şəhərsalma və icma inkişafı proseslərinin fəal iştirakçıları olmalıdırlar.
Çıxışının sonunda Kairjan Abduxaliqov vurğulamışdır ki, dayanıqlı şəhərlərin gələcəyi hökumətlər, vətəndaş cəmiyyəti, akademik institutlar və yerli icmalar arasında həmrəylik, iştirakçılıq və əməkdaşlıqdan asılıdır. O həmçinin qeyd etmişdir ki, Ümumdünya Şəhər Forumu kimi beynəlxalq platformalarda təcrübə mübadiləsinin aparılması daha təhlükəsiz və inklüziv şəhər mühitinin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin çıxışı zamanı şəhərlərin yalnız infrastruktur və nəqliyyat deyil, ilk növbədə insan yönümlü prinsiplər əsasında qurulmasının vacibliyinə xüsusi diqqət yetirilmişdir. Çıxışda uşaqların, qadınların, yaşlı insanların və digər həssas qrupların təhlükəsizliyi və rahatlığının prioritet olması vurğulanmışdır. Qeyd olunmuşdur ki, şəhərin həqiqi keyfiyyəti yalnız müasir binalar və geniş yollarla deyil, insanların gündəlik həyatlarında özlərini nə dərəcədə təhlükəsiz və rahat hiss etmələri ilə ölçülür.
Bundan əlavə, təhlükəsiz şəhər anlayışının yalnız cinayət statistikasından ibarət olmadığı, eyni zamanda psixoloji rifah, inklüzivlik və ictimai məkanlarda təhlükəsizlik hissini də əhatə etdiyi qeyd edilmişdir. Məktəblər və yaşayış məhəllələri ətrafında daha təhlükəsiz piyada zonalarının yaradılması, küçə işıqlandırmasının yaxşılaşdırılması, ictimai nəqliyyatın inkişaf etdirilməsi və ictimai məkanların daha əlçatan olması məsələlərinə diqqət çəkilmişdir.
Çıxış zamanı şəhərsalma prosesində ictimai iştirakçılığın vacibliyi də vurğulanmışdır. Bildirilmişdir ki, şəhərdə gündəlik yaşayan insanlar onun problemlərini və ehtiyaclarını hər hansı hesabat və ya plandan daha yaxşı anlayırlar. Qeyd olunmuşdur ki, gələcəyin şəhərləri yalnız “ağıllı şəhərlər” deyil, eyni zamanda hər kəs üçün təhlükəsiz, inklüziv, rahat və insan yönümlü şəhərlər olmalıdır.
Konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və geniş müzakirələrə səbəb olmuşdur. İştirakçılar yekdil fikir bildirmişlər ki, qadınların, uşaqların və həssas qrupların ehtiyaclarına uyğunlaşdırılmış şəhər bütün cəmiyyət üçün daha rahat, açıq və yaşana bilən şəhərə çevrilir.
Sonda moderator Azərbaycan və Qazaxıstan təşkilatları arasında beynəlxalq əlaqələrin və tərəfdaşlığın daha da gücləndirilməsinin ümumi məqsədlərin reallaşdırılması və daha təhlükəsiz, inklüziv və dayanıqlı cəmiyyətin formalaşdırılması yolunda mühüm addım olacağını vurğulayıb.