RU

Qlobal forum Bakını seçdi - Azərbaycan niyə mərkəz oldu?

176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən WUF13, Ümumdünya Şəhərsalma Forumunun bütün tarixindəki ən genişmiqyaslı tədbir kimi geridə qaldı. Forum yalnız miqyasına görə deyil, Azərbaycanın qlobal arenada qazandığı yeni nüfuzun bariz ifadəsi kimi də xüsusi əhəmiyyət kəsb etdi".

Bu sözləri WUF13-un Bakı forumunu Musavat.com-a şərh edən Milli Məclis üzvü Naqif Həmzəyev deyib.

Deputat diqqətimizə çatdırdı ki, COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq platforma olan WUF13, Azərbaycanın çoxtərəfli tərəfdaşlığın, qlobal əməkdaşlığın və beynəlxalq həmrəyliyin inkişafındakı aparıcı rolunu bir daha gözlər önünə sərdi: "Forumun 2026-cı ildə məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq proseslərə etibarlı tərəfdaş kimi verdiyi töhfənin rəsmi tanınmasıdır. WUF13 çərçivəsində ən əlamətdar anlardan biri Azərbaycanın sədrliyi ilə keçirilən Nazirlər görüşü oldu. Təxminən 70 ölkəni təmsil edən nazirlər və nazir müavinlərinin iştirakı ilə baş tutan bu görüş, Forumun diplomatik ölçüsünü tam mənada ortaya qoydu. Yüksək səviyyəli müzakirələrdə dayanıqlı şəhərsalma, urbanizasiyanın idarə edilməsi, milli şəhər siyasətlərinin formalaşdırılması kimi strateji məsələlər gündəliyə gətirildi. İştirakçılar Azərbaycanın postmünaqişə bərpa təcrübəsini və bu sahədə həyata keçirdiyi irihəcmli layihələri ayrıca vurğuladılar.

Görüşün yekununda qəbul olunan "Sədrin xülasəsi" sənədi yalnız danışıqların nəticəsini əks etdirmədi. Eyni zamanda Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyindəki roluna verilmiş rəsmi qiymət kimi tarixə düşdü".

Millət vəkilinin fikrincə, WUF13-ün yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış" dünyanın şəhərləşmə gündəliyinə yol xəritəsi müəyyən etdi: "Bu sənəd həm dayanıqlı inkişaf məqsədlərini əhatə edir, həm də BMT-nin "Yeni Şəhər Gündəliyi"nə töhfə verir.

Qəbul edilən "Sədrin xülasəsi" sənədi BMT-nin "Yeni Şəhər Gündəliyi" üzrə aralıq icmal prosesinə birbaşa inteqrasiya olunacaq. Bu, Azərbaycanın BMT çərçivəsindəki mövqeyini möhkəmləndirir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi qlobal miqyaslı yenidənqurma layihələri beynəlxalq şəhərsalma ekspertlərinin diqqətini xüsusi cəlb etdi və müzakirə predmetinə çevrildi.
WUF13-ün yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək sahəsindəki institusional gücünü bir daha nümayiş etdirdi. 57 mindən çox nümayəndənin logistika, protokol və infrastruktur tələbatlarının idarə edilməsi həm texniki, həm də diplomatik baxımdan ciddi hazırlıq tələb edirdi.

Ölkə bu imtahandan uğurla çıxdı. Forumun bütün sessiyaları planlaşdırıldığı kimi keçirildi, iştirakçı dövlətlərin nümayəndələri Azərbaycan qonaqpərvərliyindən razı qaldıqlarını açıq şəkildə bəyan etdilər.
Azərbaycanın WUF13-ə verdiyi töhfə yalnız logistika ilə məhdudlaşmadı. Qarabağın yenidənqurulması prosesi- sıfırdan şəhərlərin planlaşdırılması infrastrukturun yaradılması, ekoloji standartların tətbiqi-beynəlxalq urbanizasiya müzakirələrinə orijinal bir Azərbaycan perspektivi əlavə etdi.

Bu təcrübə Forumun elmi müzakirələrində fəal istifadə edildi və postmünaqişə şəhər bərpasının yeni bir modeli kimi qiymətləndirildi.

Bakı dünyanın şəhərsalma gündəliyinin mərkəzinə çevrildi və öz töhfəsini etdi".

Cavanşir Abbaslı
Musavat.com

 

Избранный
40
31
musavat.com

10Источники