BAKI, 23 may. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda baş verən yanğın və partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" xilasedicilərə istinadla məlumat yayıb. Hadisə Staten-Aylend adasında yerləşən tərsanədə qeydə alınıb.
Məlumata görə, yanğını söndürmək üçün hadisə yerinə gələn yanğınsöndürənlər işə başladıqdan təxminən 50 dəqiqə sonra partlayış baş verib.
Qeyd olunur ki, üç nəfər ağır xəsarət alıb. Ağır yaralananlar arasında iki yanğınsöndürən də var.