RU

Məhdudiyyətsiz tərəfdaşlıq və qeyri-bərabər münasibətlər: Rusiya getdikcə Çindən daha çox asılı vəziyyətə düşür...

Vladimir Putinin Çinə son səfəri Moskva ilə Pekin arasındakı münasibətlərin mahiyyətini bir daha nümayiş etdirib...

Müəllif Dmitri Beçev, Sent-Entoni Kollecinin Avropa Araşdırmaları Mərkəzində Darendorf proqramının direktoru 
Foreign Policy nəşri, ABŞ

Çin Xalq Respublikasının Sədri Si Tsinpin və Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2022-ci ilin fevralında səsləndirilən “məhdudiyyətsiz tərəfdaşlıq” ifadəsi bu gün daha fərqli məna qazanıb. dörd ildən artıq müddət keçməsinə baxmayaraq, Çin və Rusiya arasındakı münasibətlər güclənməkdə davam etsə də, bu münasibətlər artıq açıq şəkildə qeyri-bərabər xarakter daşıyır.

Putinin 2026-cı ildə ilk xarici səfərini Pekinə etməsi də bu münasibətlərin növbəti nümayişi oldu. Lakin bu səfər Pekinlə Moskva arasındakı münasibətlərin nə qədər assimetrik xarakter aldığını da göstərdi. Rusiya qalib gələ bilmədiyi müharibəyə ilişib qaldığı və iqtisadi durğunluqla üzləşdiyi halda, tərəfdaşlığın necə görünəcəyinə və “məhdudiyyətsiz” ifadəsinin nə məna daşıdığına artıq Çin qərar verir. Bu şərti avtobusun sükanı arxasında Putin yox, Si Cinpin oturur.

Ümumi mənzərə aydındır. Həm Çin, həm də Rusiya uzun müddətdir ABŞ-ın qlobal dominantlığından narazıdır və buna qarşı birlikdə hərəkət edirlər. Onlar hesab edirlər ki, Qərb zəifləyir və onun yerində daha çoxqütblü dünya formalaşır. ABŞ Prezidenti Donald Tramp isə bu prosesdə, Lenin terminologiyası ilə desək, “tarixin mamalığı” rolunu oynayır.

Bu baxışların üst-üstə düşməsi praktik siyasətdə də özünü göstərir. 2022-ci ildən bəri Pekin Rusiya iqtisadiyyatı üçün xilasedici rol oynayıb. Çin Rusiyanın enerji resursları üçün bazar təqdim edib, dəzgahlar, avadanlıqlar və ikili təyinatlı məhsullar, o cümlədən elektron komponentlər göndərib. Ukrayna şəhərlərinə zərbələr endirən pilotsuz uçuş aparatları və raketlər istehsal edən Rusiya müdafiə sənayesi Çin olmadan ayaqda qala bilməzdi. Enerji ixracı sayəsində isə Rusiya iqtisadiyyatı Qərb sanksiyalarının təsirini müəyyən qədər yumşalda bilib. Rusiya hətta Çinlə ticarətdə müsbət saldo saxlayır.

Bu iqtisadi və strateji bağlılıq uzunmüddətlidir və Ukrayna müharibəsindən sonra da davam edəcək. Vaşinqtonun Rusiyanı Çinə qarşı tərəfdaş kimi öz tərəfinə çəkə biləcəyi ilə bağlı “əks Kissincer” nəzəriyyələri reallıqdan uzaq görünür. Əksinə, Putin açıq şəkildə Si Cinpinin rəğbətini qazanmağa çalışır. Donald Trampın Pekinə səs-küylü səfərləri zamanı etdiyi kimi.

Bununla belə, Putinin Çjunnanhaya səfəri Rusiyanın Çindən gözlədiyi razılaşmanı ala bilmədiyini də göstərdi. Putin faktiki olaraq boş əllə geri döndü. Xüsusilə “Sibir Gücü – 2” qaz kəməri ilə bağlı heç bir böyük açıqlama verilmədi. Bu layihə Qərbi Sibirdən Çinin şimal-şərqinə 2600 kilometrlik marşrut üzrə ildə 50 milyard kubmetr mayeləşdirilmiş təbii qaz nəqlini nəzərdə tutur. Layihə artıq “Qazprom” və Çinin CNPC şirkəti tərəfindən prinsipial şəkildə təsdiqlənib.

Layihə həyata keçirilərsə, Çin Rusiyadan aldığı qazın həcmini təxminən iki dəfə artıracaq və bu qaz Çin idxalının təxminən beşdəbirini təşkil edəcək. Lakin əsas problem detallardadır. Çin tərəfi qiymət və “take-or-pay” öhdəlikləri üzrə sərt danışıqlar aparır. Bu mexanizm qazın faktiki alınmasından asılı olmayaraq razılaşdırılmış həcmlərin ödənilməsini nəzərdə tutur. Rusiya Hörmüz boğazının bağlanmasının mayeləşdirilmiş qaz axınlarını təhlükə altına salaraq Pekinin mövqeyini yumşaldacağını ümid etsə də, bu baş verməyib.

Nəticədə, Avropa bazarlarını böyük ölçüdə itirmiş Rusiya Çinə Çinin Rusiyaya ehtiyac duyduğundan daha çox ehtiyac duyur. Çin isə bərpa olunan enerji mənbələrinə böyük sərmayələr yatırır və hazırda elektrik enerjisinin təxminən 40 faizini bu sahədən əldə edir. Bundan əlavə, ölkənin böyük kömür ehtiyatları da mövcuddur. Qaz əsasən sənaye və yaşayış sektorunda istifadə olunur və kömürdən alternativ enerjiyə keçid mərhələsində keçid yanacağı rolunu oynayır.

Bu səbəbdən qazın faydalılığı birbaşa qiymətdən asılıdır. Pekin enerji təhlükəsizliyində çevikliyi əsas prioritet hesab edir. Çin şirkətləri Avstraliya, Malayziya, İndoneziya, ABŞ və Rusiya ilə uzunmüddətli müqavilələr bağlayır, terminallar tikir və təchizat mənbələrini şaxələndirirlər. Bu isə “Sibir Gücü 2” layihəsinin Çinin yeganə variantı olmadığını göstərir.

Pekin rəhbərliyi “Sibir Gücü 1” layihəsinin təcrübəsini də yaxşı xatırlayır. Danışıqlar on ildən çox davam etmişdi və nəticədə Putin Çinin şərtlərini qəbul etmişdi. Bu şərtlərə Avropanın “Qazprom”a ödədiyindən daha aşağı qiymət və minlərlə kilometrlik boru xəttinin çəkilişi üçün maliyyə yükünün Rusiyanın üzərinə düşməsi daxil idi. Krımın ilhaqından sonra Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsi Putini güzəştə getməyə məcbur etmişdi. Çin bundan o zaman faydalanmışdı və indi onun əlində daha güclü təsir vasitələri var.

Rusiya neft ixracı da oxşar mənzərə yaradır. Çin hazırda Rusiya neftinin əsas bazarıdır. Pekin Rusiya neft ixracının 50 faizini alır və bu, Çin idxalının 18 faizini təşkil edir. Bu intensiv ticarət fonunda Çin G7 sanksiyalarına məruz qalan Rusiya şirkətlərindən ciddi endirimlər əldə edib. Hörmüz boğazı ətrafındakı böhrana baxmayaraq, “Urals” markalı neftin daha böyük endirimlərlə satıldığı bildirilir. Burada da Rusiya Çinə daha çox ehtiyac duyur.

İki ölkə arasındakı assimetriya ticarət münasibətlərinin strukturunda da görünür. Rusiya xammal, neft, qaz, kənd təsərrüfatı məhsulları və minerallar ixrac edir. Əvəzində isə Çindən elektronika, avtomobil, sənaye avadanlığı və istehlak malları alır. 2022-ci ildən sonra Rusiyanı tərk edən Qərb, Yaponiya və Cənubi Koreya şirkətlərinin yerini faktiki olaraq Çin şirkətləri tutub. 2022–2025-ci illər arasında Rusiyada satılan yeni Çin avtomobillərinin payı 20 faizdən 57 faizə yüksəlib. Keçmiş “Volkswagen” zavodunda indi Çin istehsalçısı “Chery”nin modelləri yığılır.

Çin investisiyaları Rusiyaya texnologiya transferi və ya məhsuldarlıq artımı gətirmir. Rusiya iqtisadiyyatı aşağı artım mərhələsinə daxil olub. Hətta Rusiyaya sərmayə yatırmış Çin şirkətləri belə ölkənin iqtisadi perspektivlərinin pisləşməsindən narahatdır.

Rusiyada ölkənin taleyini getdikcə dominantlaşan Çinə bağlamağın risklərini görənlər də var.

“Bizim üçün münasibətlərdə bərabərliyi qorumaq və Rusiyanın kiçik tərəfdaş ola bilməyəcək böyük dövlət olduğunu xatırlamaq həyati əhəmiyyət daşıyır”, deyə xarici siyasət üzrə analitik Dmitri Trenin bildirib. 

Bu səbəbdən Rusiya Hindistanla münasibətlərini Çindən həddindən artıq asılılığa qarşı sığorta kimi görür.

Moskva həmçinin anlayır ki, Pekinin Ukrayna məsələsində dəstəyi tam şərtsiz deyil. Çin formal olaraq neytral mövqe saxlayır, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Kiyevlə münasibətlərini qoruyur. Kreml bilir ki, müharibə başa çatan kimi Çin şirkətləri Ukraynanın bərpası layihələrinə daxil olmaq üçün növbəyə düzüləcək.

Rusiya biznes dairələri də Çin rəqabətindən narazıdır, xüsusilə Çin şirkətləri Kremlin dolayı və ya birbaşa dəstəyi ilə üstünlüklər əldə etdikdə. Dövlət müdafiə-sənaye konserni “Rostex”in rəhbəri Sergey Çemezov bu məsələdə skeptik mövqedə olan şəxslərdən biridir.

Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiyada münasibətlərin qeyri-bərabər xarakteri ilə bağlı narahatlıqlar daha geniş yayılacaq. Lakin həmin vaxta qədər Moskvanın manevr imkanları daha da azalacaq. Çin Avropa İttifaqını geridə qoyaraq Rusiyanın əsas iqtisadi tərəfdaşı olaraq qalacaq. Çin texnologiyaları Rusiya iqtisadiyyatına daha dərindən nüfuz edəcək. İnsanlararası əlaqələr genişlənəcək və Çin rus turistlər üçün daha populyar istiqamətə çevriləcək.

Ən əsası isə Putinin böyük geosiyasət və Qərbə qarşı “sivilizasiya müharibəsi” ideyası Pekini onun üçün qaçılmaz tərəfdaşa çevirir. Başqa sözlə, Pekinin alternativləri var, Kremlin isə bu münasibətlərdə hələlik seçim imkanları görünmür.

Poliqon.info

Избранный
18
poliqon.info

1Источники