Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Xaləddin İbrahimli,
professor
Qısamüddətli zövqlərin uzunmüddətli inkişafdan üstün tutulması nə ilə bağlıdır?
Gənc yaşlarda tez-tez müşahidə olunan davranışlardan biri qısamüddətli zövqlərin uzunmüddətli məqsədlərdən üstün tutulmasıdır. Bu, sadəcə iradə zəifliyi ilə izah edilən məsələ deyil. Müasir psixologiya bu davranışı beynin işləmə prinsipləri, motivasiya mexanizmləri və vərdiş formalaşması ilə əlaqələndirir.
Bu fenomenin əsas izahlarından biri beynin mükafat sistemidir. İnsan beyni dərhal nəticə verən fəaliyyətlərə daha güclü reaksiya verir. Sosial media, əyləncə və digər tez zövq verən fəaliyyətlər beyində dopamin ifrazını artırır. Dopamin isə motivasiya və mükafat hissi ilə əlaqəli neyromediator kimi insanı həmin davranışı təkrar etməyə yönəldir. Nəticədə insan qısa müddətdə müsbət emosional reaksiya aldığı fəaliyyətləri daha çox seçməyə başlayır.
Bu vəziyyət psixologiyada tez-tez təxirəsalma davranışı (procrastination) ilə əlaqələndirilir. Prokrastinasiya zamanı insan çətin, lakin vacib işi təxirə salır və əvəzində daha asan, lakin az faydalı fəaliyyətlərə yönəlir. Bu davranışın səbəbi çox vaxt emosional qaçınmadır. İnsan çətin işlə bağlı yaranan narahatlıq, yorğunluq və ya uğursuzluq qorxusundan qaçmaq üçün daha rahat alternativlərə yönəlir.
Digər mühüm anlayış isə təxirə salınmış məmnunluq (delayed gratification) anlayışıdır. Bu konsepsiya insanın dərhal əldə edilən mükafatdan imtina edərək daha böyük və dəyərli nəticəni seçmə qabiliyyətini ifadə edir. Bu sahədə aparılmış məşhur tədqiqatlardan biri “Stanford marshmallow experiment” olmuşdur. Bu eksperiment göstərmişdir ki, dərhal mükafatdan imtina edib gözləməyi bacaran uşaqlar gələcəkdə daha yüksək akademik və sosial nəticələr əldə edirlər.
Bu davranışın izahında gələcək dəyərin azalması (temporal discounting) anlayışı da mühüm yer tutur. Gələcək dəyərin azalması zamanı insan gələcəkdə əldə ediləcək faydanın dəyərini aşağı qiymətləndirir və hazırda mövcud olan kiçik mükafatı daha üstün tutur. Yəni gələcək nəticələr psixoloji olaraq “uzaq” və qeyri-real görünür, indiki zövq isə daha cazibədar olur.
Eyni zamanda, bu proses alışqanlıqların formalaşması ilə də bağlıdır. Ceyms Klir qeyd edir ki, insan davranışları təkrarlanan seçimlər nəticəsində avtomatlaşır. Əgər insan davamlı olaraq qısamüddətli zövqləri seçirsə, bu seçimlər zamanla alışqanlığa çevrilir və avtomatik davranış modelinə transformasiya olunur. Əksinə, kiçik, lakin davamlı şəkildə uzunmüddətli məqsədlərə yönəlmiş davranışlar da eyni mexanizmlə güclənir.
Bu kontekstdə koqnitiv-davranış terapiyası (KDT) yanaşması davranışın dəyişdirilməsi üçün effektli metod kimi istifadə olunur. KDT-yə görə insanın davranışını dəyişmək üçün onun düşüncə və inanclarını dəyişmək lazımdır. Məsələn, “indi etməsəm də olar” kimi düşüncə “indi kiçik addım atmaq gələcək üçün vacibdir” kimi yenidən qurulduqda davranış da dəyişməyə başlayır.
Nəticə olaraq, qısamüddətli zövqlərin üstün tutulması təkcə şəxsi seçim deyil, kompleks psixoloji və neyrobioloji mexanizmlərin nəticəsidir. Lakin bu mexanizmlər dəyişməz deyil. Şüurlu yanaşma, düşüncələrin yenidən qurulması və vərdişlərin sistemli şəkildə dəyişdirilməsi ilə insan uzunmüddətli inkişafı seçmə qabiliyyətini formalaşdıra bilər.
Bu isə birbaşa həyat keyfiyyətinə, uğura və şəxsi inkişaf səviyyəsinə təsir edən əsas faktorlardan biridir.
Əlqərəz, əgər bir məqalə yazmaq istəyirsinizsə və buna başlamağa nərd oynamaq istəyiniz mane olursa, tərəddüd etmədən məqalənizi yazmağa başlayın.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.