“Şəfa” klubunun prezidenti Kənan Sadıqlı İdmanxeber.az saytına müsahibə verib. O, komandanın mövsüm ərzindəki çıxışını dəyərləndirib və Premyer Liqada hədəflərindən danışıb. Klub rəhbəri “Şəfa”nın stadion məsələsinə və xüsusən akademiyaya önəm verdiyini də açıqlayıb.
– “Şəfa” nəhayət ki, arzusunu çatdı və çempion oldu. Mövsümü necə dəyərləndirərdiniz?
Komanda ilk turdan liderliyini qorudu. Sona qədər bu pilləni qoruyub saxladıq. Çətin və stressli anlar oldu. Bəzən xal fərqi azaldı, ciddi narahatçılığımız oldu. Açığı, biz düşünürdük ki, sona 4-5 tur qalmış çempion olacağıq. Amma bəzi oyunlarda xallar itdik. Əsas odur ki, sonda istəyimiz oldu. Mövsümə ilk pillədə başladıq, orda da bitirdik.
– İş adamı kimi uğurlu birisiniz. Yəqin ki, “Şəfa” da uğurlu layihənizin bir parçasıdır. Maraqlıdır, iş dünyasını bir kənara qoysaq, komanda ilə qazanılan uğurun sizin üçün necə bir önəmi var?
Bura tamam fərqli sahədir. Futbolda daha çox həyacan keçiririk, daha çox enerji sərf edirik. Klubu götürdüyümüz ilk gündən idarəetmə bizdə – “My Group”da olub. Hər şeyə öz işimiz kimi yanaşmışıq. Məşqçilərə, futbolçulara, burada çalışan əməkdaşlara elə davranırdıq ki, hamısı məhz şirkətin adını düşünüb və işə o cür yanaşsınlar. Təbii ki, buranın məsuliyyəti çox fərqlidir. Məsələn, bizim digər işlərimizdə medal və ya mükafat qazanmaq yoxdur. Amma burada var (gülür). Bu, çox fərqli hissdir. İlk dəfədir belə bir şey yaşayırıq. Allahın izni ilə qısa müddətdə nəticəni aldıq. Komandanın Region Liqasına düşmə təhlükəsi var idi. Daha sonra “İrəvan” uzaqlaşdırıldı, Premyer Liqada komanda sayı artırıldı və bizim üçün I Liqa şansı yarandı. Sanki hər şey Allahın izni ilə baş verdi. Ancaq bu gün Premyer Liqadayıq. Qısa müddətdə maksimum iş görmüşük. “My Group”un burada böyük dəstəyi var. Çünki bütün vəsaiti buraxan, daim yanımızda olan bu şirkət olub.
– Komanda I Liqada çempion oldu və Premyer Liqaya vəsiqə qazandınız. Əsas məsələ olan stadion problemini necə həll edəcəksiniz? Yeni stadion tikintisi olacaqmı, yoxsa hansısa arenanı icarəyə götürəcəksiniz?
Bu, çox ciddi problemdir. Biz neçə vaxtdır yer axtarışındayıq. Amma stadionsuz qalmayacağıq. Çünki nəticə vermək üçün klubun bazası olmalıdır. Oyunları hardasa keçirmək olar. Ancaq prioritet bazadır. Bunun mütləq etməliyik. Çünki biz uşaq futboluna böyük yatırım etmək istəyirik. Klub rəhbəei kimi mənim ən başlıca məqsədlərimdın biri istedadlı uşaq yetişdirməkdir. Mən o fikirlə razı deyiləm ki, ölkədə yerli futbolçu yoxdur. Xeyr, belə deyil. Biz istəyirik ki, akademiyada uşaqlar yetişdirək və onları “Şəfa”nın əsas komandasında oynadaq. Stadion məsələsi isə dediyim kimi, bu problem hələ qalır. Biz çox istəyirik ki, “Şəfa”nın doğma stadionunda oynayaq və rəqiblərimizi orada qəbul edək. Səhv etmirəmsə, arena hələ təmirdədir. Çatdıra bilsək, orada oynayacağıq. Ancaq paralel yer də axtarırıq. Çünki stadion, baza olmasa, nəticə olmayacaq.
– Transfer məsələsi necə olacaq? Ümumiyyətlə, klubun növbəti mövsüm büdcəsi nə qədərdir?
Açığı, dövlətdən gələn vəsaitlə yanaşı, onun üzərinə 1-1,5 milyon manat maliyyə ayıracağıq. Klubun büdcəsi təxminən 4 milyon civarında olacaq. Hələlik heç bir futbolçu ilə danışıq aparmırıq. Ancaq etiraf edim ki, bəzi oyunçular özləri bizimlə əlaqə saxlayırlar. Razılıq olmasa da, müəyyən danışıqlar var.
– Premyer Liqada ancaq yerli futbolçularla mübarizə aparmaq istəyirsiniz. Bu fikir birmənalı qarşılanmır. Hələ də bu fikirdəsiniz?
Etiraf edim ki, əcnəbi futbolçular barədə düşünməyə başlamışıq. Çünki bu gün milli komandada belə bəzi çatışmazlıqlar var. Axtardığımız mövqedə yerli futbolçu tapsaq, ilk öncə onlara üstünlük veriləcək. Amma istədiyimiz kimi olmasa, artıq legioner futbolçulara yönələcəyik. Bizim ilk mövsüm üçün bəlli büdcəmiz var. Bəzi yerli oyunçular fantastik rəqəmlər istəyir. Elələri var ki, aylıq 30 min manat maaş istəyir. Ancaq həmin mövqeyə daha uyğun qiymətə legionerlər gətirilə bilər.