Fiqurlu konkisürmə üzrə iki dəfə olimpia çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Saşa Plyuşenkonun Azərbaycan yığmasında çıxış etmək qərarı Rusiyada geniş müzakirələr doğurub. Musavat.com yada salır ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyasının icraiyyə komitəsi belə bir razılıq qərarı verib. Beynəlxalq Konkisürmə İttifaqından xüsusi sənədi aldıqdan sonra idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil edə biləcək. “Saşa Plyuşenko milli komanda üzvü deyil və son vaxtlar ümumrusiya yarışlarında iştirak etməyib. Biz tam qanuni şəkildə ona Azərbaycan üçün çıxış etməyə imkan verdik”deyə, Rusiya Konkisürmə Federasiyasının prezidenti Anton Suxarulidze deyib.Rusiya mediası həm Suxarulidze, həm də Plyuşenkonun bundan əvvəl vətəndaşlığını dəyişən idmançıları tənqid etdiklərini yada salırlar. Xüsusilə, Plyuşenkonun bu fikiriləri tirajlanır:“Səmimi olaraq başa düşmürəm, insan öz ölkəsindən necə imtina edə bilər? Məsələn, Olimpiadaya getmək üçün xüsusi əməliyyatdan, prezidentimizdən, torpaqlarımızdan, resurslarımızdan, valideynlərindən imtina etmək necə mümkündür?”
Aleksandr Plyuşenko uşaqlıqdan fiqurlu konkisürmə ilə məşğuldur, lakin hələ ciddi Rusiya və ya beynəlxalq uğurları yoxdur. 2025-ci ildə o, Moskva vilayətinin Naro-Fominsk şəhərində keçirilən turnirdə qalib gəlib — lakin həmin yarışda birinci idman dərəcəsi üzrə yeganə iştirakçı olub.
Eyni zamanda, 2025-ci ilin fevralında uşaqlar arasında Rusiya birinciliyində 18-ci yeri tutub.
İdmançının özü də keçidini belə şərh edib:
“Mən rusam və elə də qalıram. Mənə 5 il müddətinə Azərbaycanın idman vətəndaşlığı verilib. Ümid edirəm ki, beynəlxalq arenada hər iki ölkəni layiqincə təmsil edəcəyəm və atamın akademiyasını tanıdacağam. İnanıram ki, Rusiya və Azərbaycan qış idmanlarını güclü şəkildə inkişaf etdirəcək. Ən vacibi isə odur ki, hamı dost olsun və bütün məhdudiyyətlər aradan qaldırılsın.”
Rusiya fiqurlu konkisürənləri 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra beyn’lxalq yarışlarından kənarlaşdırılıb. Onlar dünya çempionatlarında və Qran-pri mərhələlərində iştirak edə bilmirlər.Bununla belə, 2026-cı ildə Milanda keçiriləcək qış Olimpiadası üçün istisna tətbiq edib. Bu vəziyyət və yüksək rəqabət fonunda bəzi fiqurlu konkisürənlər vətəndaşlıqlarını dəyişiblər. Məsələn, Sofya Samodelkina artıq Qazaxıstan bayrağı altında çıxış edir. O, 2023-cü ildə sürətləndirilmiş qaydada Qazaxıstan pasportu alıb (anası bu ölkədə doğulduğu üçün). O, bir illik “karantin” müddətindən sonra 2024-cü ildə keçid üçün rəsmi icazə alıb və 2026-cı il Olimpiadasında 10-cu yeri tutub.
Lakin hamıya keçid dərhal icazə verilmir. 2025-ci ildə Veronika Jilinanın Azərbaycan yığmasına keçidi beynəlxalq qaydalarına əməl edilmədiyi üçün bloklanmışdı. Bu il isə onun keçidinə icazə verilib.
Yevgeni Plyuşenko hazırda məşqçi kimi fəaliyyət göstərir və milli yığma ilə işləyir. O və həyat yoldaşı Yana Rudkovskaya 2020-ci ildə Konstitusiyaya dəyişiklikləri açıq şəkildə dəstəkləyiblər. Plyuşenko sosial şəbəkədə bununla bağlı video paylaşmışdı və videoda həyat yoldaşı və oğlu da yer almışdı. Bu paylaşıma o vaxt Aleksey Navalny sərt reaksiya verərək belə yazmışdı:“Yazıq uşaq, acgöz və vicdansız valideynlərin övladıdır.”
Plyuşenko isə cavabında onu tənqid etmişdi və “kişicəsinə müzakirəyə” çağırmışdı.
SSRİ-nin əməkdar fiqurlu konkisürmə məşqçisi Tatyana Tarasova Plyuşenkonun oğlunun Azərbaycan üçün yarışmaq qərarını “şəxsi məsələ” adlandırıb. “O, valideynlərinin oğludur. Valideynlər həmişə uşaqlarının harada və kiminlə olacağını və məşq edəcəyini seçməyə kömək edirlər”.
Dövlət Dumasının deputatı, anti-Azərbaycan mövqeyi ilkə seçilən Vitali Milonov isə Plyuşenkonun qərarını kəskin tənqid edib. “Mən yetkinlik yaşına çatmayanları müzakirə etmirəm, burada yalnız Yevgeni haqqında danışa bilərik. Məlum oldu ki, onun üçün bəzi məsələr ölkəsindən daha vacibdir", - deyə o bildirib. Deputatın sözlərinə görə, Yevgeni Plyuşenko oğlunun vətəndaşlığını dəyişdirməsinə icazə verməklə səhv edib.
Musavat.com