RU

"Bakı dünyanın qərarvermə mərkəzinə çevrilir..."- deputatın ŞƏRHİ

Deputat: "Bəzi bədxahların ölkəmizin yaradıcı yoluna mane olmaq cəhdlərinə baxmayaraq..."

"Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası öz işini uğurla başa vurdu.
Tədbirin miqyası və əldə olunan nəticələr həm iştirakçıların yüksək rəyi, həm də dünya mediasının geniş işıqlandırması ilə təsdiqini tapdı. WUF tarixinə 182 ölkədən 57 mindən çox nümayəndənin qatıldığı ən böyük sessiya kimi düşən bu forum, qlobal şəhərsalma gündəmini müəyyən edən əsas platformaya çevrildi".

Picture

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib. Onun sözlərinə görə, forumun baş xəttini təhlükəsiz, dayanıqlı şəhər və icmaların qurulması vasitəsilə dünya əhalisinin mənzil təminatının yaxşılaşdırılması təşkil edirdi: "Tədbiri işıqlandıran beynəlxalq media resursları mühüm bir suala diqqət çəkirdilər: Bakı necə həm COP29, həm də WUF13 kimi nəhəng tədbirlərə uğurla ev sahibliyi edir və eyni zamanda bütün bəşəriyyət üçün aktual olan strateji qərarların qəbuluna nail olur?
Azərbaycan həm COP29, həm də WUF13 platformalarında dünyaya sadəcə nəzəriyyələr deyil, öz daxili idarəçiliyində uğurla sınaqdan keçirdiyi real və praktiki yanaşmaları təqdim etdi. Belə ki, İqlim sammitində Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynaması, aparıcı dövlətləri kiçik ada dövlətlərinə real kömək etməyə çağırması əsrlərdir ölkəmizin vizit kartı olan multikulturalizm və dialoq mədəniyyətinin bariz nümunəsidir. Bununla yanaşı, WUF13 çərçivəsində Bakının dayanıqlı şəhərsalma çağırışları birbaşa işğaldan azad edilmiş torpaqlarımızdakı reallıqlara söykənir. Ermənistanın həyata keçirdiyi amansız urbisiddən (şəhərlərin məhvi) sonra Azərbaycan dağıntılar üzərində ən müasir texnologiyalara əsaslanan "ağıllı şəhər və kəndlər" ucaldır".

PictureDeputat onu da qeyd edib ki, Azərbaycan dünyaya kağız üzərində deyil, əməldə reallığa çevrilmiş ideyaları təqdim edir: "Bakı qlobal həmrəylik platformasına çevrilib. Bəzi bədxahların ölkəmizin yaradıcı yoluna mane olmaq cəhdlərinə baxmayaraq, Azərbaycanın inkişaf lokomotivi artıq elə bir sürət yığıb ki, ona çatmaq qeyri-mümkündür. Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfə tamamilə yeni müstəviyə qədəm qoyub. Forumun mənzil problemini qlobal gündəliyin mərkəzinə gətirməsi müasir dövrün ən ciddi çağırışlarına birbaşa cavabdır. Təsadüfi deyil ki, BMT-nin Afrika üzrə İqtisadi Komissiyası (UNECA) sürətli urbanizasiya, sosial bərabərsizlik və iqlim riskləri ilə üzləşən Afrika qitəsi üçün bu kritik məqamda WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə xüsusi minnətdarlığını bildirib. Bu amil Bakının dünya miqyasında möhkəmlənən geosiyasi nüfuzunun və beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadının göstəricisidir. Beləliklə, WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərin mərkəzi kimi çıxış etmək bacarığının növbəti təsdiqi oldu. COP29-da olduğu kimi, Bakı Forumu da adi bir beynəlxalq tədbir çərçivəsindən çıxaraq, bəşəriyyətin gələcəyini formalaşdıran qərarların qəbul edildiyi məkana çevrildi".

Müsahimimizə görə, bu fonda Azərbaycanın geosiyasi rolu daha qabarıq görünür: "Ölkəmiz artıq beynəlxalq proseslərin sadəcə fəal iştirakçısı deyil, həm də qlobal inkişaf tendensiyalarını müəyyən edən aparıcı dövlətdir. Bu uğurun arxasında isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin dayanıqlı şəhərsalmaya, beynəlxalq dialoqun genişləndirilməsinə və Azərbaycanın müasir inkişaf modelinin dünyaya təqdim edilməsinə yönəlmiş uzaqgörən və ardıcıl siyasəti dayanır".
Cavanşir Abbaslı
Musavat.com

Избранный
51
musavat.com

1Источники