RU

Putin Çini razı sala biləcəkmi?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya ilə Çin arasında “Sibirin Gücü -2” qaz kəməri layihəsi ilə bağlı danışıqlar davam edir.

Rusiya mediasının məlumatına görə, Pekində Prezident Vladimir Putin və Çin lideri Si Cinpin arasında baş tutan danışıqların yekununda “Sibirin Gücü – 2” qaz kəməri layihəsinin həyata keçirilməsi müddəti ilə bağlı razılıq əldə olunmasa da, tərəflər qaz kəmərinin marşrutu və tikinti prinsipləri də daxil olmaqla layihənin əsas şərtlərini faktiki olaraq razılaşdırıblar. Qeyd edək ki, bundan əvvəl “Qazprom” Çin tərəfi ilə “Sibirin Gücü – 2” qaz kəmərinin və Monqolustan üzərindən keçəcək “Soyuz – Vostok” tranzit xəttinin tikintisi üzrə hüquqi öhdəlik yaradan memorandum imzalayıb. Magistral qaz kəmərinin layihə gücü ildə 50 milyard kubmetr qaz təşkil edəcək. 

“Cümhuriyət”-in araşdırmasına görə, Rusiya-Çin enerji əməkdaşlığının əsas istiqamətlərindən biri hesab olunan “Sibirin Gücü–2” qaz kəməri layihəsi son illərdə beynəlxalq enerji siyasətinin ən çox müzakirə olunan mövzularından biridir. Ekspertlər hesab edirlər ki, layihə həm iqtisadi, həm də geosiyasi baxımdan iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Layihənin Rusiya üçün əsas üstünlüyü odur ki, o, Avropa bazarına alternativ böyük enerji bazarını formalaşdırır. Xüsusilə Qərb sanksiyalarından sonra Moskva qaz ixracını Asiya istiqamətində genişləndirməyə çalışır.

“Sibirin Gücü–2” vasitəsilə Rusiyanın Qərbi Sibirdə yerləşən böyük qaz ehtiyatlarının Çinə nəqli mümkün olacaq. Bu isə Rusiyaya enerji ixracından stabil gəlir əldə etmək, yeni uzunmüddətli müqavilələr bağlamaq və enerji sektorunda iqtisadi təzyiqlərin təsirini azaltmaq imkanı verir. 

Bundan əlavə, layihə Rusiya üçün Asiyada siyasi nüfuzun gücləndirilməsi baxımından da önəmlidir. Çin üçün isə layihənin əsas üstünlüyü enerji təhlükəsizliyinin gücləndirilməsidir. Çin sürətlə inkişaf edən sənaye və texnologiya iqtisadiyyatına malikdir və enerji tələbatı daim artır. Boru kəməri vasitəsilə əldə edilən təbii qaz Pekin üçün həm daha sabit, həm də uzunmüddətli enerji mənbəyi hesab olunur. Bundan başqa, Çin dəniz marşrutlarından asılılığı azaltmağa çalışır.

Quru marşrutu ilə Rusiyadan qaz idxalı Pekinə enerji təchizatında əlavə təhlükəsizlik təmin edir. Eyni zamanda, təbii qazdan istifadənin artması Çinin ekoloji siyasətinə də uyğundur, çünki ölkə kömürdən istifadənin payını azaltmağa çalışır. İqtisadi baxımdan layihə hər iki tərəfə ciddi gəlirlər və investisiya imkanları vəd edir. Rusiya üçün qaz satışından milyardlarla dollar gəlir əldə etmək perspektivi mövcuddur.

Çin isə böyük həcmdə enerji resursunu daha əlverişli şərtlərlə təmin edə bilər. Layihənin həyata keçirilməsi həmçinin nəqliyyat, tikinti, metallurgiya və sənaye sektorlarında əlavə iqtisadi aktivlik yaradacaq. İndi əsas sual həm də layihənin baş tutmasının nə dərəcədə real olmasıyla bağlıdır. 

Pekin daha çox qazanc istəyir

Çinin layihədə maraqlı olub-olmaması məsələsinə gəldikdə, Pekin prinsip etibarilə layihəyə maraq göstərir. Çünki Çin enerji mənbələrini diversifikasiya etməyə və uzunmüddətli təminat yaratmağa çalışır. Lakin Çin danışıqlarda olduqca ehtiyatlı davranır. Pekin Rusiyanın Qərb bazarını itirməsi fonunda daha çox güzəşt əldə etməyə çalışır və qiymət məsələsində sərfəli şərtlər tələb edir.

Buna görə də layihə ilə bağlı danışıqlar uzun müddətdir davam etsə də, yekun razılaşma hələ tam formalaşmayıb. Amma layihənin reallaşma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Çünki həm Rusiya, həm də Çin strateji baxımdan bir-birinə ehtiyac duyur.

Hazırkı beynəlxalq şəraitdə Moskvanın Asiya bazarına yönəlməsi sürətlənib, Çin isə böyük və etibarlı enerji təchizatçısı axtarır. Bununla belə, layihənin tam həyata keçirilməsi qiymət, maliyyələşmə və logistika məsələlərindən asılı olaraq müəyyən zaman tələb edə bilər. 

Çin Rusiya üçün nə dərəcədə önəmlidir? 

Çinin Rusiya üçün iqtisadi əhəmiyyətinə gəldikdə isə, hazırda Çin Rusiyanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir.

Qərb şirkətlərinin və maliyyə institutlarının Rusiya bazarından çıxmasından sonra Çin Moskva üçün əsas ticarət, texnologiya və enerji tərəfdaşına çevrilib. İki ölkə arasında ticarət dövriyyəsi son illərdə rekord səviyyəyə çatıb. Çin Rusiyadan əsasən enerji resursları alır, əvəzində sənaye məhsulları, texnologiya və istehlak malları ixrac edir. Bu səbəbdən Çin iqtisadi baxımdan Rusiya üçün həm alternativ bazar, həm də strateji iqtisadi dayaqlardan biri hesab olunur. 

Yunis Abdullayev

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
cebheinfo.az

2Источники