Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətən sevgisini və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməkdir.
Azər Əliyev qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin keçirilməsi, bilik yarışları və şahmat turnirinin təşkili nəzərdə tutulur. Bu təşəbbüslərin gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və cəmiyyətə faydalı fərd kimi formalaşmasına xidmət etdiyi vurğulanıb.
Daha sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri, istefada olan mayor Xasay Ballayev, həmin birliyin Qazax rayon filialının sədr müavini, şəhid atası kapitan Müqabil Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatları İctimai Birliyinin Qazax rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Azər Məmmədov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev, Qazax Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Elvira Əfəndiyeva, İctimai Şuranın katibi Ləman Qəhrəmanova və şuranın üzvü Aygün Musayeva çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, onların keçdiyi şərəfli döyüş yolundan və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyindən danışıblar.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan gəncliyi hər zaman dövlətinə və xalqına bağlı olmalı, milli-mənəvi dəyərləri qorumalı və şəhidlərimizin əmanəti olan Vətənə layiq vətəndaş kimi yetişməlidir. Bildirilib ki, bu kimi layihələr gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda tələbə və gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər. Görüş qarşılıqlı müzakirələr və diskussiya şəraitində davam edib.