RU

Ürəyin sağlam işləməsi bu 4 vərdişə əməl edin

Axşam saatlarından sonra orqanizm daha yavaş işləməyə başlayır, qidanın həzmi çətinləşir və ürək stressə daha həssas olur. Mütəxəssislər bildirirlər ki, məhz bu saatlarda düzgün vərdişlər ürək-damar sağlamlığını qorumaqda mühüm rol oynayır.

AzPost xəbər verir ki, bu barədə “Eating Well” nəşri məlumat yayıb.

Axşam yeməyini gecikdirməyin

Mütəxəssislərin sözlərinə görə, yalnız nə yediyiniz deyil, nə vaxt yediyiniz də ürək sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

“Nature Communications” jurnalında dərc olunan və 100 mindən çox insanın iştirak etdiyi araşdırma göstərib ki, son yeməyini saat 21:00-dan sonra qəbul edən şəxslərdə ürək xəstəlikləri riski daha yüksək olur.

Gec saatlarda ağır yeməklər həzm sistemini yükləyir, yuxu keyfiyyətini pisləşdirir, qan təzyiqinin yüksəlməsinə və artıq çəkiyə səbəb ola bilər.

Həkimlər yatmazdan ən azı 3 saat əvvəl yeməyi tövsiyə edirlər. Gecə qəlyanaltısı lazım olduqda isə qoz-fındıq və meyvə kimi daha faydalı seçimlər üstün tutulmalıdır.

Şam yeməyindən sonra qısa gəzinti edin

Axşam saatlarında ağır idman hərəkətləri bədəni yoraraq rahatlamağa mane ola bilər. Bunun əvəzinə yüngül gəzinti daha faydalı hesab edilir.

Yeməkdən sonra 10-15 dəqiqəlik gəzinti qan dövranını yaxşılaşdırır və qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Mütəxəssislər bildirirlər ki, yeməkdən sonra dərhal divana uzanmaq əvəzinə qısa yürüş etmək ürəyin işinə müsbət təsir göstərir.

Axşam saatlarında rahatlaşmağa vaxt ayırın

Stress hormonlarının azalması ürək ritminin normallaşmasına kömək edir. Bu səbəbdən axşam saatlarında nəfəs məşqləri və meditasiya faydalı hesab olunur.

Bir neçə dəqiqəlik dərin nəfəs hərəkətləri sinir sistemini sakitləşdirir, bədəni rahatladır və yuxunun keyfiyyətini artırır.

Keyfiyyətli yuxu isə qan təzyiqinin və orqanizmdə iltihab səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır.

Yuxu rejiminə əməl edin

Həkimlər hər gün eyni saatda yatmağın ürək sağlamlığı üçün vacib olduğunu bildirirlər.

Müntəzəm yuxu rejimi infarkt və insult riskini azaltmağa kömək edir. Axşam saatlarında işıqları azaltmaq, telefondan uzaqlaşmaq, kitab oxumaq və ya yüngül dartınma hərəkətləri etmək daha rahat yuxuya getməyə şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, düzgün axşam rejimi həm ürəyin fəaliyyətini yaxşılaşdırır, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.

AzPost.az

Избранный
46
1
azpost.info

2Источники