RU

​ ÇOXLARI DAXİLƏN DƏHŞƏT İÇİNDƏDİRLƏR... “Peskovla Kiriyenko Putinin fikrini dəyişməyə çalışıblar...”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

“Putinin Trampa inamı qalmayıb, eliatınınsa Putinə...”

"Yaxınlaşan fəlakət hissi artır"

Ukrayna ilə uzunan müharibə, artan iqtisadi problemlər və internetin bloklanması səbəbindən Rusiyanın ən yüksək hakimiyyət eşelonlarında Prezident Vladimir Putinə qarşı narazılıq artır.

“AzPolitika” xəbvər verir ki, bunu “Guardian” nəşri Kremlə yaxın mənbələrə və Avropa kəşfiyyat rəsmilərinə istinadla yazıb.

Qəzet Rusiyadakı nüfuzlu bir iş adamından sitat gətirib: "Bu il elita arasında əhval-ruhiyyə mütləq mənada dəyişib... Putinə qarşı dərin məyusluq var. Yaxınlaşan fəlakət hissi artır. Getdikcə daha çox insan tamamilə mənasız, özünü məhv edən qərarların qəbul edilməsinin davam etdiyini anlayır. Əvvəllər Putini müdafiə edənlər artıq bunu etmirlər. Artıq gələcək hissi yoxa çıxıb".

Nəşr hesab edir ki, Rusiya Prezidentinin müharibəni bitirmək niyyəti yoxdur. Çünki onun mövqeyi ilə tanış olan mənbələrə görə, Putin ilin sonuna qədər Donbası tamamilə ələ keçirə biləcəyinə inanır. Mənbələrdən biri qəzetə deyib ki, Putin Donbası ələ keçirsə, bununla kifayətlənməyəcək. 

Kremlə yaxın mənbə xəbərdarlıq edib ki, Rusiya Ukraynanın müqavimətini qıra bilsə, Putin irəliləyəcək və Zaporojye, Xerson vilayətlərinin qalan hissələrini ələ keçirməyə çalışacaq: "O, uzunmüddətli strateq deyil. Onun iştahası yemək zamanı artır".

Eyni zamanda, mənbə iddia edib ki, Putin cəbhədəki vəziyyət barədə təhrif olunmuş məlumatlar alır.

Pentaqona görə isə Rusiya ordusu ərazi itkilərinə məruz qalmağa başlayıb.

"Əlbəttə ki, rəsmilər və hərbçilər prezident üçün işıqlı bir mənzərə yaradırlar. Onlar ona yalan danışırlar. Putinin qurduğu sistem belə işləyir", - mənbə qeyd edib.

Bunu Avropa kəşfiyyatı da təsdiqləyir, lakin onlar Putinin döyüş meydanındakı problemlərdən nə dərəcədə xəbərdar olduğunu bilmirlər.

Nəşr qeyd edir ki, Rusiyada artan inflyasiya, vergi artımları və biznesə təzyiq fonunda elitanın narazılığı da artır. Genişmiqyaslı internet bloklanmaları və bu cür tədbirlərin əsas təşəbbüskarı olan FSB-nin artan təsiri elitada xüsusi qıcıqlanmaya səbəb olub. 

Nəşrin mənbələrinə görə, Kremlin siyasi blokunun nümayəndələri, o cümlədən Kremlin mətbuat katibi Dmitri Peskov və Prezident Administrasiyası başçısının müavini Sergey Kiriyenko Putinin fikrini dəyişməyə, məhdudiyyətləri yumşaltmağa inandırmağa çalışıblar. Lakin bu, nəticəsiz qalıb.

Kremlə yaxın mənbə bildirib ki, "müharibə davam etdikcə, Putin təhlükəsizlik xidmətlərinə daha çox üstünlük verəcək": "Hamı internetdən danışır. Bu baxımdan, hazırda hardasa Şimali Koreyanın yanındayıq".

Bu arada kənd təsərrüfatı holdinqi olan "Rusagro"nun təsisçisi milyarder Vadim Moşkoviçin həbsi elitada xüsusi narahatlıq doğurub. Buna baxmayaraq, oliqarxlar narazılıq bildirməkdən çəkinirlər. Nəşrə danışan bir iş adamının sözlərinə görə, "çoxları daxilən dəhşət içindədirlər".

Müharibəni pisləyən və Rusiyadan mühacirət edən bankir Oleq Tinkov isə nəşrə deyib ki, elita nümayəndələri sadəcə, Putinin ölümünü gözləyirlər: "Biznes elitası rus ruletkası oynayır. Onlar ümid edirlər ki, qonşularına zərər dəyəcək, özləri isə qurtulacaqlar. Putinə kim müqavimət göstərəcək? Hamı sadəcə onun ölümünü gözləyir".

Yüksək vəzifəli Avropa kəşfiyyat rəsmisi nəşrə deyib ki, “Rusiya hökumətinin üzvləri hazırda həm döyüş meydanında, həm də iqtisadiyyatda problemləri dərk etmək mərhələsindədirlər". Lakin bu problemləri aradan qaldırmaq üçün onların heç bir planı yoxdur.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
azpolitika.info

1Источники