Rusiyanın mayın 24-də Kiyevə endirdiyi kütləvi zərbə Moskvanın 9 May Qələbə Günü paradı ilə bağlı yaşadığı nüfuz itkisini unutdurmaq məqsədi daşıyıb...
Poliqon xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutununun (ISW) analitikləri bildiriblər.
ISW qeyd edir ki, Rusiya zərbələri nəticəsində Kiyevdə hökumət binaları və mədəniyyət obyektləri zərər görüb. Hücum zamanı Ukrayna Xarici İşlər Nazirliyinin binası, Nazirlər Kabinetinin binası və Milli İncəsənət Muzeyi zədələnib, Çernobıl Muzeyi və Lukyaniv bazarı isə dağıdılıb.
Hesabatda xatırladılır ki, Kreml daha əvvəl Ukrayna qüvvələrinin Moskvadakı Qələbə Günü paradına zərbə endirəcəyi halda Kiyevdəki “qərar qəbuletmə mərkəzlərini”, o cümlədən “Oreşnik” raket sistemi ilə vuracağı ilə hədələmişdi. Lakin Ukrayna belə bir hücum həyata keçirməmişdi.
Analitiklərin fikrincə, Kreml 9 May ərəfəsində "Oreşnik"dən istifadə hədələri ilə Rusiyanın zəifliyini və Ukraynanın dərin zərbələri qarşısında ölkənin hava məkanını tam qorumaqda acizliyini gizlətməyə çalışıb.
"Rusiyanın Kiyevə zərbəsi prezident Vladimir Putinin Qələbə Günü paradı ilə bağlı yaranmış biabırçılığı aradan qaldırmaq cəhdinin bir hissəsidir. Parad geniş tənqidlərə məruz qaldıqdan sonra Putin güc nümayiş etdirməyə çalışır", deyə ISW bildirib.
Analitiklər əlavə ediblər ki, Rusiya hücumu Ukraynanın əməl etdiyi üçgünlük Qələbə Günü atəşkəsinin ruhunu tamamilə pozur və Putinin ona ciddi fayda verməyən heç bir razılaşmaya əməl etmədiyini göstərir.
Poliqon.info