RU

Panik atak zamanı insanın beynində nə baş verir? - PSİXOLOQ DANIŞDI

"Panik atak zamanı beyində və bədəndə psixoloji olaraq təhlükə siqnalı yaranır. Beyin real təhlükə görməsə də, həyati risk olduğunu düşünür və bu hiss insanı ciddi şəkildə qorxuya salır. Beyində təhlükəni tanıyan əsas hissə amiqdaladır. Amiqdala stress və adrenalin hormonlarının sürətlə artmasına səbəb olur. Bu zaman bədənə “qaç və ya mübarizə apar” siqnalı göndərilir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, yəni insan stress qarşısında ya uzaqlaşmağa, ya da mübarizə aparmağa meyilli olur: "Panik atak nevrotik pozuntular sırasına daxildir. Bu zaman ürək döyüntüsü sürətlənir, nəfəsalma tezləşir və insan daha çox oksigen almağa başlayır. Bədəndə istilik artır, əllərdə titrəmə, başgicəllənmə, boğulma hissi və “öləcəyəm” düşüncəsi yaranır. İnsan özünü təhlükədə hiss edir və sanki nəzarəti itirəcəyini düşünür.

Əslində isə beyin bəzi normal bədən reaksiyalarını təhlükə kimi qəbul edir. Məsələn, ürək döyüntüsünün artması, stress, yuxusuzluq, travmatik xatirələr və nəfəsin sürətlənməsi insan tərəfindən ciddi xəstəlik əlaməti kimi qəbul oluna bilir. İnsan çox vaxt bunun fərqində olmur və vəziyyəti təhlükəli hesab edir.

Təhlükəni ilk olaraq amiqdala hiss edir və beyinə siqnal göndərir. Daha sonra hipotalamus sinir sistemini aktivləşdirir. Bunun nəticəsində adrenalin artır, qan dövranı sürətlənir, təzyiq yüksəlir, əzələlər gərginləşir, göz bəbəkləri böyüyür və insan yüksək stress vəziyyətinə keçir.

Bu mərhələdə beyin sadə reaksiyaları yanlış yozur. Ürəyin sürətli döyünməsi “infarkt keçirirəm”, başgicəllənmə isə “huşumu itirəcəyəm” düşüncəsi kimi qəbul edilir. Stress hormonları artdığı üçün beynin məntiqi düşünən hissəsi — prefrontal korteks — zəifləyir. Buna görə insan həmin anda özünə “mən təhlükəsiz yerdəyəm” deyə izah edə bilmir.

Panik atak adətən 5–10 dəqiqə davam edir. Bədən uzun müddət yüksək adrenalini saxlaya bilmədiyi üçün bir müddətdən sonra sakitləşmə başlayır. Atak keçdikdən sonra yorğunluq, halsızlıq, ağlama hissi, soyuq tərləmə və emosional boşalma yarana bilər.

Ən çətin məqamlardan biri də atak bitəndən sonra insanın “Mənə nə oldu?” sualını özünə verməsidir. Çünki ölüm qorxusu həmin anda çox güclü hiss olunur.

Panik atak qorxulu görünsə də, əksər hallarda həyati təhlükə yaratmır. Ancaq davamlı təkrarlanarsa, insanın psixoloji vəziyyətinə təsir göstərə və sosial qorxu, tükənmişlik, daimi narahatlıq kimi digər problemlərə səbəb ola bilər".

Müəllif: Günel Fərzəliyeva
Избранный
29
1
sia.az

2Источники