RU

Nazir müavini: Dil dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik məsələsi kimi xüsusi əhəmiyyətə malikdir

Bakı, 25 may, AZƏRTAC

Dilin unudulması və onun əcnəbi dillərdən alınmış sözlərlə zənginləşdirilməsi etnik şüurun əsasını dəyişdirir və xalqı kosmopolitizmə yaxınlaşdırır, milli kimliyi zədələyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.

Nazir müavini bildirib ki, dil dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik məsələsi kimi xüsusi əhəmiyyətə malikdir: “Dil milli kimliyin və xalqın əsas göstəricisidir. Düşünürəm ki, 1999-cu ildə fevralın 21-i UNESCO-nun Baş Konfransı təsadüfən Beynəlxalq Ana Dili Günü kimi təsdiqlənməyib. Bu, çox güman ki, qlobal miqyasda dil müxtəlifliyini və zənginliyini qorumağa yönəlmiş bir cəhdidir. UNESCO-nun ekspertlərinin araşdırmalarına görə, qloballaşmanın təsiri ilə dünyada 6 mindən çox dilin yarısı yaxın gələcəkdə yox ola bilər. Son dövrlərdə 200 dil yox olub”.

Firudin Qurbanov qeyd edib ki, qloballaşma, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı, eyni zamanda, kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qalıb: “Prezident İlham Əliyevin dilə münasibətində əsas ideya bundan ibarətdir ki, dil milli dövlətçiliyin fundamental atributlarından biridir. Dildən istifadə zamanı qaydaların pozulması yalnız linqvistik problem deyil, milli kimliyin tədricən zəifləməsinə gətirib çıxaran strateji təhlükədir”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Mirrəsul Cəfərov
Избранный
17
azertag.az

1Источники