RU

Venera Əsgərova: Peşəkar mediasiya hüquqi sülh və qarşılıqlı etimada xidmət edir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 25 may, AZƏRTAC

Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayıb. Bakı 29 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilib, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 29 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilib.Təşkilatın direktoru Venera Əsgərova AZƏRTAC-a müsahibəsində yeni mediasiya təşkilatının yaradılmasının səbəbləri, məqsədləri və mediasiyanın üstünlükləri barədə məlumat verib. Müsahibəni təqdim edirik.

-Bakı 29 saylı mediasiya təşkilatının yaradılmasına ehtiyac hansı səbəblərdən yarandı və əsas məqsədiniz nədir?

-Azərbaycanda mediasiya institutunun inkişafı, cəmiyyətimizdə hüquqi mədəniyyətin yüksəlməsi və insanlar arasında mübahisələrin daha sağlam, çevik və humanist üsullarla həllinə artan ehtiyac Bakı 29 saylı mediasiya təşkilatının yaradılmasını zəruri edən əsas səbəblərdəndir.

Bu gün insanlar yalnız hüquqi qərar deyil, eyni zamanda, münasibətlərin qorunmasını, qarşılıqlı anlaşmanı və ədalətli yanaşmanı gözləyirlər. Xüsusilə ailə, əmək, kommersiya və qonşuluq münasibətlərində uzunmüddətli məhkəmə çəkişmələri həm psixoloji, həm maddi, həm də sosial baxımdan insanları yorur.

Bakı 29 saylı mediasiya təşkilatinin əsas məqsədi insanlara daha əlçatan, operativ, şəffaf və peşəkar mediasiya xidməti göstərmək, tərəflər arasında dialoq və barış mühitini formalaşdırmaq, cəmiyyətdə hüquqi sülhə və qarşılıqlı etimada töhfə verməkdir. Biz istəyirik ki, insanlar mediasiyanı sadəcə hüquqi prosedur kimi deyil, münasibətləri qoruyan və insanları bir-birinə düşmən etmədən problemi həll edən müasir bir institut kimi qəbul etsinlər.

-Mediasiya prosesində vətəndaşların ən çox qarşılaşdığı problemlər hansılardır və bu problemlərin həlli üçün hansı addımları atacaqsınız?

-Hazırda vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri mediasiyanın mahiyyəti barədə kifayət qədər məlumatlı olmamalarıdır. Bir çox insanlar mediasiyanı məhkəmənin alternativi deyil, əlavə mərhələ kimi qəbul edir və prosesin üstünlüklərini tam anlamırlar.

Digər mühüm məsələlər isə hüquqi maarifləndirmənin zəifliyi, emosional gərginlik, tərəflər arasında etimadsızlıq və bəzən prosesə peşəkar yanaşmanın çatışmaması ilə bağlı olur. İnsanlar xüsusilə ailə mübahisələrində emosiyalar səbəbindən qarşı tərəfi dinləməkdə çətinlik çəkirlər.

Bu problemlərin həlli üçün Bakı 29 saylı mediasiya təşkilatı olaraq əsas diqqəti peşəkarlığa, etik davranışa, konfidensiallığın qorunmasına və vətəndaş məmnuniyyətinə yönəldəcəyik. Maarifləndirici görüşlər, hüquqi məlumatlandırma tədbirləri və ictimai çıxışlarla mediasiyanın üstünlüklərini insanlara daha geniş şəkildə çatdırmağa çalışacağıq. Ən vacib məqsədimiz isə insanların təşkilatımıza müraciət etdikdə özlərini təhlükəsiz, dinlənilmiş və ədalətli münasibət görmüş hiss etmələridir.

-Sizcə, mediasiya məhkəmə çəkişmələri ilə müqayisədə vətəndaşlara hansı üstünlükləri verir?

-Mediasiyanın ən böyük üstünlüyü ondan ibarətdir ki, burada məqsəd yalnız hüquqi qalib müəyyən etmək deyil, tərəflər arasında anlaşma yaratmaqdır. Məhkəmə prosesində adətən bir tərəf qalib, digər tərəf məğlub olur. Mediasiyada isə tərəflər qarşılıqlı razılıq əsasında hər iki tərəfin qəbul edə biləcəyi həll yoluna gəlirlər.

Bundan əlavə mediasiya daha sürətli, daha az xərc tələb edən və daha çevik bir mexanizmdir. İnsanlar aylarla, bəzən illərlə davam edən məhkəmə proseslərindən fərqli olaraq qısa müddətdə nəticə əldə edə bilirlər.

Konfidensiallığın qorunması da mediasiyanın mühüm üstünlüklərindəndir. Xüsusilə ailə və biznes münasibətlərində insanların şəxsi və ya kommersiya məlumatlarının gizli saxlanılması böyük əhəmiyyət daşıyır. Ən önəmli məqamlardan biri isə mediasiyanın münasibətləri qorumasıdır. Çünki mediasiya insanları düşmənə çevirmir, əksinə dialoq qurmağa, bir-birini dinləməyə və gələcək münasibətləri qorumağa imkan yaradır. Müasir dünyada hüquqi sülh və sosial barış baxımından mediasiyanın rolu getdikcə daha da artır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
azertag.az

1Источники