Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Türkiyə məhkəməsi CHP-nin 2023-cü ildə keçirilmiş qurultayını etibarsız sayıb.
Bu qərarla partiyanın hazırkı sədri Özgür Özel vəzifədən uzaqlaşdırıldı və keçmiş sədr Kemal Kılıçdaroğlu yenidən rəhbər elan olundu.
CHP rəhbərliyi bu qərarı “məhkəmə çevrilişi” adlandırır və siyasi müdaxilə olduğunu bildirir.
Maraqlıdır, bu qərar CHP-ni zəiflədəcək, yoxsa əksinə, müxalifəti daha da birləşdirəcək?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev danışıb.
O bildirib ki, məsələ hüquqi müstəvidə izah və təqdim olunsa da, məlumdur ki, o, açıq şəkildə siyasi nəticələr doğurur və artıq təzahürləri görünməkdədir:
“Əvvəla, belə bir məhkəmə qərarı istənilən siyasi partiya üçün ciddi institusional sarsıntıdır. Partiyanın qurultayının etibarsız sayılması və rəhbərliyin dəyişdirilməsi daxildə legitimlik böhranı yaradır. Bu isə CHP daxilində parçalanma riskini artırır, xüsusilə də Özgür Özel komandasını dəstəkləyən qanadla Kemal Kılıçdaroğluna yaxın olanlar arasında gərginlik anbaan dərinləşir”.
Razi Nurullayev həmçinin deyib:
“Digər tərəfdən, CHP rəhbərliyinin bunu “məhkəmə çevrilişi” kimi təqdim etməsi məsələyə tam fərqli siyasi dinamika qatır. Əgər bu narrativ cəmiyyətdə qəbul olunarsa, bu qərar əks effekt də verə bilər, yəni CHP zəifləmək əvəzinə, həm öz elektoratını daha sıx səfərbər edə, həm də ümumilikdə müxalifət düşərgəsində həmrəylik yarada bilər. Türkiyə siyasətində “təzyiqə qarşı birləşmə” refleksi kifayət qədər güclüdür. Kemal Kılıçdaroğlu da partiyanın parçalanmaması naminə geriyə addım atarsa, o zaman bəlkə də CHP-nin iqtidara yolu açılar. Burada həlledici məqam cəmiyyətin və digər müxalif qüvvələrin reaksiyası olacaq. Əgər bu hadisə geniş şəkildə siyasi müdaxilə kimi qəbul edilərsə, CHP yalnız öz daxilində deyil, ümumi müxalif blokda birləşdirici rol oynamaq şansı qazanır. Əks halda, proses daxili çəkişmələrə çevrilərsə, bu, partiyanı zəiflədə və uzunmüddətli perspektivdə təşkilati gücünü də azaldacaq. Qısaca olaraq, bu qərar həm risk, həm də fürsətdir. Nəticəni isə hüquqi qərarın özü yox, onun siyasi cəhətdən idarə olunması müəyyən edəcək”.
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.