Bazarlarda açıq şəkildə satılan meyvə və tərəvəzlərə hər zaman böyük maraq olsa da, bu məhsulların gigiyenik baxımdan diqqətlə seçilməsi vacibdir. Açıq şəraitdə saxlanılan məhsullar toz, bakteriya və müxtəlif viruslarla təmasda ola bildiyi üçün onların düzgün yuyulmadan istifadə edilməsi sağlamlıq üçün riskli ola bilər.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, bazara çıxarılan məhsullar mütləq şəkildə yoxlanılmalıdır. Onun sözlərinə görə, xüsusilə açıq şəraitdə satılan məhsullara nəzarət daha ciddi aparılmalıdır:
“Çünki əks halda bakteriya, virus və digər infeksiyaların yayılmasına səbəb ola bilər”.
Terapevt qeyd edib ki, alınan məhsullar evə gətirildikdən sonra mütləq yuyulmalı və dezinfeksiya edilməlidir. Hətta məhsullar soyuducuya və ya şkafa yerləşdirilməzdən əvvəl də yuyulmalıdır.
G.Lətifova vurğulayıb ki, açıq şəraitdə satılan məhsullar qapalı məhsullarla müqayisədə daha risklidir:
“Açıqda satılan məhsullara müxtəlif insanların toxunması, yol kənarında qalması və digər faktorlar təhlükə yaradır. Pandemiyadan sonra insanlar bu məsələlərə daha diqqətli yanaşmalıdır”.
Terapevt nəzərə çatdırıb ki, gigiyenik qaydalara əməl olunmaması virus və bakteriyaların artmasına, bunun da kəskin və xroniki xəstəliklərə səbəb olmasına gətirib çıxara bilər. Bəzi hallarda isə mövcud xəstəliklərin ağırlaşması mümkündür.
Terapevt vətəndaşları diqqətli olmağa çağırıb:
“Hər bir şəxs aldığı məhsulun təmiz şəkildə həm evə daxil edilməsinə, həm də istifadə olunmasına diqqət yetirməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə istehsal olunan, həmçinin idxal edilən bitki və bitkiçilik məhsullarına AQTA tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Bu nəzarətin əsas məqsədi ölkə ərazisinin təhlükəli zərərverici orqanizmlərdən qorunması, bitki sağlamlığının təmin olunması və istehlakçıların təhlükəsiz məhsullarla təmin edilməsidir:
“Belə ki, meyvə-tərəvəz istehsalı ilə məşğul olan təsərrüfatlarda məhsulların vegetasiya dövrü ərzində Agentliyin “Milli Monitorinq Planı”na uyğun olaraq fitosanitar monitorinqlər aparılır. Monitorinqlər zamanı əkin və bağ sahələrində bitkilərin fitosanitar vəziyyəti qiymətləndirilir, zərərvericilər, xəstəlik törədiciləri və alaq otlarının yayılma səviyyəsi araşdırılır”.
Bundan əlavə qeyd olunub ki, məhsulların toksikoloji göstəriciləri və pestisid qalıqları yoxlanılır, mütəmadi olaraq nümunələr götürülərək laborator analizlərə cəlb edilir. Aparılan laborator müayinələr zamanı pestisid qalıqlarının yol verilən həddən artıq olub-olmaması müəyyən edilir və məhsulların təhlükəsizlik göstəriciləri qiymətləndirilir.
Eyni zamanda nəzərə çatdırılıb ki, ölkəyə idxal olunan bitki və bitkiçilik məhsulları üzrə risk əsaslı yanaşma tətbiq edilir. Risk səviyyəsindən asılı olaraq məhsullar fitosanitar baxışdan keçirilir, sənədləri yoxlanılır və laborator müayinələrə cəlb olunur. Vurğulanıb ki, müayinələrin məqsədi məhsullarda karantin tətbiq olunan zərərli orqanizmlərin, müxtəlif bitki xəstəliklərinin, pestisid qalıqlarının və digər fitosanitar risk amillərinin mövcudluğunu müəyyən etməkdir. Bu çərçivədə idxal olunan məhsullardan götürülən nümunələr laborator şəraitdə analiz edilir, pestisid qalıqları üzrə göstəricilər qiymətləndirilir və məhsulların müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır:
“Həyata keçirilən nəzarət tədbirləri kənd təsərrüfatı bitkilərinin təhlükəli xəstəlik və zərərvericilərdən qorunmasına, ölkə daxilində bitki xəstəliklərinin yayılmasının qarşısının alınmasına, sağlam məhsul dövriyyəsinin təmin edilməsinə və nəticə etibarilə təhlükəsiz meyvə-tərəvəz məhsullarının bazarlarda satışına imkan yaradır”.