BAKI, 25 may. TELEQRAF
“Ermənistan Rusiya ilə Türkiyə sərhədinə dəmir yolu çəkmək barədə danışıqlar aparır, amma razılığa gəlinməsə, başqa həll yolu tapmağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistanın alternativ ticarət mərkəzinə, Şərq və Qərb arasında ticarət mərkəzinə çevrilmək üçün tarixi fürsəti var. Bu ticarət bu və ya digər şəkildə baş verəcək və bizim mühüm əsas mərkəzə çevrilmək üçün tarixi fürsətimiz var, bu fürsəti əldən verməyəcəyik. Buna görə də bu məsələ həll olunmalıdır. Gümrü-Qars dəmir yolunun fəaliyyət göstərməməsinin səbəbi olan və hazırda mövcud olmayan dəmir yolu hissəsi tikilməlidir. Bunu rusiyalı həmkarlarımızla müzakirə edirik: əgər birlikdə tikə bilsək, deməli, alınacaq, yoxsa başqa həll yolu tapacağıq, amma bu məsələ həll olunmalıdır”, - o bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl İrəvanın Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolu xətlərini müstəqil şəkildə bərpa edəcəyini bəyan edib. Baş nazir Ermənistan tərəfinin tezliklə müvafiq hissələrdə bərpa işlərinə başlayacağını da bildirib.