RU

DÇ 2026: I QRUPU 28 ildən sonra geri qayıdan Norveç nə edəcək?

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı il FIFA Dünya Çempionatının ən maraqlı qruplarından biri hesab olunan I qrupunda Fransa, Seneqal, Norveç və İraq yer alıb. 

İyunun 16-dan 26-dək keçiriləcək qrup mərhələsində əsas diqqət favorit Fransa ilə yanaşı, ikinci yer uğrunda gözlənilən gərgin rəqabətə yönələcək.

Dünya çempionatının favoritlərindən sayılan Fransa turnirə güclü heyətlə qatılır. Komandanın əsas ulduzları arasında Kilian Mbappe, Usman Dembele, Maykl Olise və Hüqo Ekitike yer alır.

Baş məşqçi Didye Deşam üçün bu mundial son turnir olacaq. Fransa həm yüksək pressinq, həm də sürətli əks-hücum futbolu ilə rəqiblərinə ciddi problem yarada bilər.

Mütəxəssislər Fransa millisinin qrupu lider tamamlayacağını düşünür.

Afrikanın ən güclü komandalarından biri sayılan Seneqal balanslı heyəti ilə diqqət çəkir. Komandanın lideri Sadio Manedir. Bundan başqa, Kalidu Kulibali, Eduar Mendi və İdrissa Qana Qeye kimi təcrübəli oyunçular komandanın əsas üstünlükləri hesab olunur. Ekspertlərin fikrincə, Seneqal təşkilatlanmış oyunu və təcrübəsi sayəsində ikinci pillə uğrunda yarışda Norveçi qabaqlaya bilər.

28 ildən sonra dünya çempionatına qayıdan Norveç qrupun sürpriz komandası hesab olunur. Komandanın əsas ümidi Erlinq Haaland olacaq. Hücum xəttində ona Martin Edeqor və Aleksandr Sörlot dəstək verəcək. Bununla belə, Norveçin müdafiə xəttində problemlərin olduğu bildirilir. Xüsusilə Fransa və Seneqal kimi sürətli hücumçulara qarşı bu zəifliklərin həlledici rol oynaya biləcəyi qeyd olunur. Proqnozlara görə, Norveç qrupu üçüncü pillədə başa vura bilər. Bununla yanaşı, ən yaxşı üçüncü yerlərdən biri kimi növbəti mərhələyə yüksəlmək şansı da yüksək qiymətləndirilir.

İraq millisi 1986-cı ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Komanda seçmə mərhələdə Boliviyanı 2:1 hesabı ilə məğlub edərək turnirə qatılmaq hüququ əldə edib.

Buna baxmayaraq, Fransa, Seneqal və Norveçlə eyni qrupda yer almaq İraq üçün ciddi sınaq hesab olunur. Komandanın əsas üstünlüyü kollektiv oyun və mübarizə əzmi sayılsa da, heyət keyfiyyəti baxımından rəqiblərdən geri qaldığı vurğulanır.

Ekspertlər İraq millisinin qrupda sonuncu yeri tutacağını proqnozlaşdırırlar.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
azpolitika.info

1Источники