Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara yeni yayılan kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib.
Aznews.az xəbər verir ki, son dövrlər dünyada naməlum şəxslərin ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəməsi halları artmaqdadır. Məqsəd isə insanların biometrik məlumatlarını ələ keçirməkdir.
Məlumata görə, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü, bəzi hallarda isə toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə edilir.
ETX beynəlxalq mühitdə müşahidə olunan bu kimi hallardan qorunmaq üçün vətəndaşlara bir sıra preventiv kibergigiyena tədbirlərinə əməl etməyi tövsiyə edib.