RU

"WUF13-ün yekun sənədi tarixə düşəcək" - Deputat

Məlum olduğu kimi, Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekunlarına dair "Bakı Bəyannaməsi" qəbul edilib. Bəyanatda dünyanın müxtəlif yerlərində urbisid, kultursid və ekosidin təzahür etdiyi bir dövrdə Azərbaycanın postmünaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün vacib metodoloji nümunə olması da qeyd edilib. 

Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yekun sənədini Azərbaycanın böyük diplomatik qələbəsi, siyasi qələbəsi hesab edir:

"Çünki bu, beynəlxalq forum, beynəlxalq təşkilatdır, BMT-nin Məskunlaşma Proqramının çərçivəsində keçirilən tədbirdir. On minlərlə insanı, ekspertləri, dövlət nümayəndələrini, QHT nümayəndələrini birləşdirən tədbirdir və yekun sənəddə xüsusilə də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma təcrübəsinin vurğulanması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsinin yer alması göstərdi ki, müasir dünyada şəhərlərin, qəsəbələrin dağıdılması, insanların ev-eşiklərindən məhrum edilməsinin üzərindən sakitliklə, sükutla ötüb keçmək mümkün deyil və bu, yolverilməzdir.

Məhz Azərbaycanın çəkdiyi böyük iztirablar, torpaqlarımızın işğalı dövründə şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin darmadağın edilməsi, insanların oradan qovulması və sonradan Azərbaycanın ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etməsi, şəhər və qəsəbələrimizi yenidən qurması şəhərsalma mədəniyyətinin gücünü, şəhərsalma mədəniyyətinin və qabiliyyətinin, Azərbaycanın resurslarının gücünü göstərdi.

Dünyanın şəhərsalma, şəhər dağıdılması, urbisid dediyimiz böyük bir bəşəriyyət əleyhinə olan cinayətkarlıqla üzləşməsinin qəbuledilməz olduğu yekun sənəddə öz əksini tapdı. Vətəndaşlarımızın öz doğma torpaqlarına geri qayıtması da Azərbaycanın şəhərsalma ənənələrinin bu kontekstdə, vətəndaşların öz torpaqlarına layiqli, ləyaqətli dönüş hüququnun reallaşması baxımından önəmlidir".

Millət vəkili vurğuladı ki, bu sənəd tarixə düşəcək:

"Gələcəkdə bu, tarixə düşəcək bir sənəd olacaq ki, məhz Bakıda keçirilən 13-cü sessiyada urbisid, şəhərlərin məhv edilməsi məsələsi gündəmə gətirildi, eyni zamanda Azərbaycanın müharibədən sonrakı, postmünaqişə dövründəki təcrübəsi dünyaya bir nümunə kimi göstərildi. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından da önəmlidir. Çünki Azərbaycan bir növ bu münaqişədən əziyyət çəkməklə yanaşı, dünyaya konkret sübutları ilə göstərdi, təsdiqlədi ki, biz bu məsələdə necə önəmli rol oynaya bilirik. Yəni biz şəhərlərimizi də yenidən qurur, bərpa edir, öz resurslarımız hesabına vətəndaşlarımızı geri qaytarırıq".

Aytəkin TOFİQQIZI

Избранный
14
1
redaktor.az

2Источники