RU

ABŞ İran müharibəsi: Atəşkəs seçkilərə qədər uzanacaq

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin Dövlət katibi Marko Rubio İranla aparılan danışıqların nəticəsi olaraq, mayın 26-da xoş xəbər veriləcəyini desə də, ciddi razılaşma əldə olunmadı.

Hələlik tərəflərin razılaşdırdığı yeganə məsələ atəşkəsin uzadılması ilə bağlıdır. ABŞ və İran atəşkəsi 60 gün müddətinə uzatmaq barədə ilkin razılığa gəliblər.

Bu barədə “Washington Post” qəzeti ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən yazıb. Bildirilir ki, ABŞ və İran atəşkəsi 60 gün müddətinə uzadan çərçivə memorandumu hazırlayıblar. 

Lakin bu çərçivə sənədi müzakirə olunan digər prinsipial məsələlər üzrə, xüsusilə də Hörmüz boğazının açılması və İranın nüvə proqramına dair yekun razılığa gəlinmədiyi qənaətini yaradır. Digər tərəfdən, bu, həm ABŞ-nin, həm də İranın atəşkəs müddətinin uzadılmasında maraqlı olduğunu göstərir.

Çünki 38 günlük hərbi əməliyyatlar zamanı qarşı duran tərəflər raket və dron arsenalının xeyli hissəsini itirib. Müharibənin yenidən başlayacağı istisna olunmadığından həmin silah-sursat potensialının bərpası üçün Birləşmiş Ştatlara və İrana əlavə vaxt lazımdır.

Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın atəşkəsin davam etməsi istəyində olduğunu görmək olar. Bu isə noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərlə bağlıdır. Yəni müharibənin uzanması Trampın reytinqinin düşməsinə səbəb olmaqla yanaşı, Respublikaçılar Partiyasının seçkilərdə məğlubiyyətini qaçılmaz edirdi.

Ona görə də Trampın atəşkəsin seçkilərə qədər uzadılmasına çalışacağı əsas ehtimallardan biri kimi görünür. ABŞ Prezidentinə noyabr ayına qədər öz reytinqini artırmaq və Respublikaçıların məğlubiyyətinə səbəb ola biləcək mövcud risqlərin aradan qaldırılması üçün siyasi “pauza” lazımdır. 

Atəşkəsin uzadılması həmçinin neftin ucuzlaşmasına şərait yaradır ki, bu da ABŞ-də Tramp administrasiyasına qarşı daxili siyasi təzyiqləri neytrallaşdıran amillərdən biri kimi nəzərdən keçirilir.

Qeyd edək ki, mart və aprel ayları, eləcə də may ayının birinci ongünlüyündə ABŞ-də benzinin bahalaşaraq 1 qallonu 4 dollara çatmışdı. Bu da ABŞ seçicilərini Demokratlar Partiyasına səs verməyə təhrik edən mühüm amillərdən biri hesab edilir.

Atəşkəs müddətinin artması isə neftin və benzinin ucuzlaşmasına şərait yarada bilər. Ona görə də ABŞ və İran arasında atəşkəs noyabr ayına qədər davam edə bilər. Lakin atəşkəs məsələsindən Tramp administrasiyası ilə yanaşı, rəsmi Tehranın da manipulyasiya etdiyini görmək olar. 

Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, atəşkəs hərtərəfli olmalıdır və Livanı da əhatə etməlidir. Ancaq Livanda atəşkəsə nail olunması ABŞ-dən deyil, İsraildən asılı məsələdir. Çünki Livanda hərbi əməliyyatları aparan tərəf İsraildir.

Hətta İsrailin ABŞ-la atəşkəs imzalanmasına baxmayaraq, İsrail İrana qarşı da hər an hücuma başlaya bilər. İsraildə sentyabr ayında növbədənkənar parlament seçkiləri gözlənilir və müxalifət qarşısında reytinqi zəifləyən Benyamin Netanyahu hakimiyyətini davam etdirmək üçün yenidən İranla müharibə əmri verə bilər. 

Hörmüz boğazından istifadəyə gəlincə, bu barədə görünür, tərəflər yalnız tankerlərin və gəmilərin keçidinə şərait yaratmaq barədə anlşma əldə ediblər. Lakin İranın boğazdan keçən gəmilərdən rüsum toplaması və ABŞ-nin blokadasının aradan qaldırılmasına dair hər hansı razılaşmanın olduğunna dair xəbər yoxdur. 

İranm XİN rəsmisi İsmayıl Bəqayi də  tərəflərin hər hansı razılığa gəlmədiyini deyib. Eləcə də, İranın nüvə proqramına dair razılaşmanın baş verdiyini söyləmək olmaz. Bununla bağlı əsas təkliflərdən biri İranın zənginləşdirilmiş uran ehtiyatının başqa ölkəyə köçürülməsi ilə bağlıdır.

Lakin bir neçə gün öncə İranın ali lideri Müctəba Xameneyi zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını qadağan edib. Ona görə də nüvə proqramına dair razılaşmanın əldə olunması xəbəri real görünmür.

İranın ali liderinin müşaviri Möhsün Rezayinin də rəsmi Tehranın Nüvə Silahlarının Yayılmaması barədə müqavilədən çıxacağını deməsi bu fikri təsdiq edir. Rezayinin dedikləri İranın zənginləşdirilmiş uran ehtiyatını ölkədən çıxartmağa razı olmadığını və nüvə proqramını davam etdirmək niyyətini göstərir. 

Sadəcə olaraq, danışıqlarda əldə edildiyi deyilən  razılaşma tərəflərin müzakirələr üçün bir-birinə yeni gündəliyin təqdim edilməsi kimi başa düşülə bilər. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
1
cebheinfo.az

2Источники