RU

"Hindistan və Azərbaycan arasında mədəni körpülər" adlısərgi təşkil olundu - FOTO



May ayının 24-də Bakıda Maaya Hind Restoranında EVENTO Şirkətlər Qrupunun və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş "Hindistan və Azərbaycan arasında mədəni körpülər" adlı sərgi təşkil olundu.
Layihə rəhbəri Aygün Əzizova olan sərgidə ümumilikdə 200 rəssamın əl işləri nümayiş olunurdu.
Sərgidə fəxri qonaq qismində millət vəkili Razi Nurullayev, qızı Nuray Nurullayeva, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abay Komar və digər səfirlik əməkdaşıları, media nümayəndələri iştirak edirdi.
Tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan və Hindistanın dövlət himnləri səsləndirildi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd etdi ki, bu möhtəşəm tədbir iki ölkənin zəngin mədəniyyətini, incəsənətini və ortaq dəyərlərini dünyaya tanıtmaq məqsədi daşıyır. Azərbaycan və Hindistanın qədim sivilizasiyaların beşiyi olmuş, zəngin irsə sahib ölkələr olduğunu deyən E.İsgəndərova musiqidə, rəqsdə, ədəbiyyatda və memarlıqda ortaq məqamların bu gün də xalqlarımızı bir-birinə yaxınlaşdırdığını bildirdi. Qeyd etdi ki, Azərbaycanın muğamı ilə Hindistanın raga musiqisi, xalçaçılıq sənətimizlə Hindistanın ipək və toxuculuq ənənələri, həmçinin poeziyada dərin fəlsəfi düşüncələr hər iki mədəniyyətin bir-birini tamamladığını göstərir. Bu sərgi də məhz bu ortaq dəyərlərin bir körpü kimi xalqlarımızı birləşdirdiyini sübut edir.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar çıxışında iki xalq arasında minilliklər boyu davam edən əlaqələrin, tarixi Atəşgah məbədində və Azərbaycanda hind filmlərinin, musiqisinin, mətbəxinin və yoqanın getdikcə artan populyarlığında əks olunan zəngin mədəni və mənəvi mübadilələr vasitəsilə daha da gücləndiyini vurğulayıb.

Millət vəkili Razi Nurullayev sərginin iki ölkə arasında münasibətlərə gözəl töhfə olduğunu qeyd etdi. Bildirdi ki, bu sərgi yalnız sənət əsərlərinin nümayişi deyil, həm də iki qədim və zəngin mədəniyyətin bir-birinə hörmətinin, dostluğunun və qarşılıqlı anlaşmasının təntənəsidir.

Daha sonra EVENTA Şirkətinin Rəhbəri Surjana Çhandra çıxış edərək bildirdi ki, bu gün burada Azərbaycan və Hindistan arasında mədəniyyət körpüsünü bir daha möhkəmləndirmək üçün toplaşmışıq. Bu sərgi sadəcə sənət əsərlərinin nümayişi deyil, həm də iki qədim sivilizasiyanın ruhunu bir araya gətirən bir bayramdır. Azərbaycan və Hindistan arasında mədəni əlaqələr sadəcə tarixi fakt deyil, həm də gələcəyə yönəlmiş bir ümid işığıdır.

Açılışdan sonra qonaqlar sərgidəki nümayiş olunan əsrarəngiz əsərlərlə tanış oldular.

Sərgidə Azərbaycan və Hindistan musiqiləri və rəqsləri ifa olundu.
Hindistan mətbəxinin ləziz təamları qonaqlara təqdim olundu .

Sərgi iştirakçılarına sertifikatlar təqdim olunduqdan sonra xatirə fotoları çəkildi.

SAMİRƏ

Избранный
16
baki-xeber.com

1Источники