RU

Qalapaqos sahillərində yeni növ göy osminoq aşkarlanıb

Bakı, 26 may, AZƏRTAC

Yeni araşdırmanın nəticələrinə görə, ilk dəfə 2015-ci ildə Qalapaqos adaları sahillərində aşkar edilən ovuc boyda göy osminoq dərin dəniz osminoqlarının yeni növü kimi təsnif edilib. “Microeledone galapagensis” adlandırılan bu osminoq “EV Nautilus” elmi-tədqiqat gəmisinin dərin dəniz ekspedisiyası zamanı aşkarlanıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, gəminin heyəti Qalapaqos arxipelaqının şimal kənarında yerləşən Darvin adası yaxınlığında dəniz dibini araşdırmaq üçün məsafədən idarə olunan robotdan istifadə edib. Robot sualtı təpəyə yaxınlaşarkən onun kamerası təxminən 1773 metr dərinlikdə qəribə görünüşlü osminoqu qeydə alıb.

Tədqiqatçılar osminoqu tutub, ona bənzər daha iki nümunəni lentə alıblar. Ekspedisiya zamanı bir neçə nümunə toplansa da, qolf topu böyüklüyündə olan göy osminoq xüsusi diqqət çəkib. Nümunənin daha ətraflı öyrənilməsi üçün alimlər kompüter tomoqrafiyasından istifadə ediblər. Skan nəticələri osminoqun daxili orqanlarını, o cümlədən ağzının quruluşunu ən xırda detallara qədər göstərib və onun həqiqətən yeni növ olduğunu təsdiqləyib.

Tədqiqatçılar bildirirlər ki, bu kəşf Qalapaqos adaları ətrafındakı okean sularının böyük hissəsinin hələ də kifayət qədər araşdırılmadığını göstərir.

Избранный
52
2
azertag.az

3Источники