RU

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

BTC-yə ilk neftin vurulmasından 21 il ötür

2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinə Səngəçal terminalından ilk neft vuruldu. Bu həm də kəmərin Azərbaycan hissəsinin istifadəyə verilməsi demək idi. 

Təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm əhəmiyyəti olan bu hadisə ilə bağlı Bakıda və Səngəçalda keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etmişdilər. Bu, BTC-nin salnaməsində ən əhəmiyyətli günlərdən biridir. 

Kəmərin tarixi isə qısa olsa da, zəngindir. Belə ki, keçən əsrin 90-cı illərinin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in Zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Saziş Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.

Əvvəl "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun baş tutmasına mane olmaq istəyənlər bu dəfə BTC-ni hədəfə aldılar. Lakin Ümummilli Lider Heydər Əliyev özünün şah əsərlərindən biri olan bu kəməri bütün mərhələlərdən keçirdi. İnamla dedi ki, "BTC olacaq, olacaq, olacaqdır!" 

Doğrudur, 2002-ci il sentyabrın 18-də BTC-nin təməlini qoyan Ulu Öndər onun istifadəyə verilməsini görə bilmədi. Bu işi Prezident İlham Əliyev uğurla başa çatdırdı. 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı və 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində kəmər tam sistem kimi istifadəyə verildi. 

Çox zaman haqlı olaraq vurğulanır ki, digər qlobal ixrac infrastrukturlarına da yolu BTC açdı. Növbəti marşrutlar çəkilərkən məhz bu kəmərin təcrübəsindən istifadə edildi. Eləcə də bütün dünya Azərbaycanın gücünü, onun yaratdığı əməkdaşlıq və tərəfdaşlıq platformasının nəyə qadir olduğunu gördü. 

Yol sözü həmçinin birbaşa mənasında işlədilir. Belə ki, az sonra çəkilən və "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycanda və Gürcüstanda BTC ilə eyni xəndək boyu uzanır. Həmin CQBK ki, Bakı-Tbilisi-Ərzurum kəmərinin, daha sonra genişləndirilərək "Cənub qaz dəhlizi"nin ön hissəsini təşkil etdi.

BTC üçüncü minilliyin nəhəng mühəndis qurğusudur. Xatırladaq ki, bu boru xətti Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində yerin altı ilə 1768 kilometr məsafə qət edir. Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyədədir. 

Xəttin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq BTC 46, 42 və 34 düymlük borulardan çəkilib. Belə ki, kəmər öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrə çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən çox su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən kəmər yenidən dəniz səviyyəsinə enir. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik yolboyu uzanır. 

2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları BP (30,10 faiz), SOCAR (32,97 faiz ), MOL (8,90 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz ), "TotalEnergies" (5 faiz), ITOCHU (3,40 faiz), "ONGC Videsh" (3,10 faiz), "ExxonMobil" (2,50 faiz) və INPEX (2,50 faiz) şirkətləridir.

BTC-nin idarəedicisi BP şirkətinin məlumatına görə, 2006-cı ilin yayında istismara veriləndən 2026-cı ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6210 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 

Bu ilin ilk üç ayı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6 milyon ton (təxminən 49 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 65 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

 BTC həm də təhlükəsiz kəmərdir. Qeyd edildiyi kimi, bu xəttin boruları bütün marşrutboyu torpaq altında basdırılıb. Bu da müasir dövrdə karbohidrogenlərin ən etibarlı nəql vasitəsi sayılır. Onu da əlavə etmək yerinə düşər ki, BTC-nin bir hissəsi 2023-cü ildə Türkiyənin zəlzələyə məruz qalan ərazilərindən keçir. Bununla belə, kəmərin istər boruları, istərsə də yerüstü qurğuları heç bir zədə almadı. Bu da xəttin çəkilişinin mükəmməl olduğundan xəbər verir.

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
66
azerbaijan-news.az

1Источники