RU

Həkim, alim və dövlət xadimi

Azərbaycanın milli dövlətçiliyi, xalqımızın azad və xoşbəxt gələcəyi uğrunda mübarizələrdə izi qalan şəxsiyyətlərdən biri də bu il 110 illiyi qeyd olunan görkəmli alim, tanınmış ictimai-siyasi xadim, 1941-1945-ci illər müharibəsinin iştirakçısı Vəli Axundovdur.  

Vəli Yusif oğlu Axundov 1916-cı ilin mayında Bakının Saray kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra sənət məktəbində, daha sonra Bakı Sənaye Texnikumunun Kimya şöbəsində təhsil alıb. Lakin daha böyük arzular və amallarla yaşayan Vəli bununla kifayətlənməmiş, illərlə ürəyində gəzdirdiyi müqəddəs peşəyə sahib olmaq üçün 1936-cı ildə Azərbaycan Tibb İnstitutuna (indi ADTU) daxil olmuşdur. O, yaxşı oxumaqla yanaşı, institutun ictimai-mədəni tədbirlərində xüsusi fəallıq göstərmiş, İctimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və institut komsomol komitəsinin katibi olmuşdur.

Gənc məzun 1941-ci ildə institutu bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və həmin il başlayan müharibənin əvvəlindən son günlərinədək cəbhədə həkim kimi qulluq etmişdir. Böyük həkimlik bacarığına malik olan Vəli Axundov cəbhədə 28-ci ordunun 20-ci atıcı diviziyasının sıralarında sıravi həkimlikdən əlahiddə tibbi-sanitar batalyonun komandiri vəzifəsinə qədər yüksəlmiş, Polşa, Almaniya və Çexoslovakiyada gedən döyüşlərin iştirakçısı olmuşdur. V.Axundov müharibənin ən gərgin məqamlarında belə Hippokrat andına sadiq qalaraq onlarca yaralı döyüşçünün sağalıb yenidən səngərə və həyata qayıtmasında böyük fədakarlıqlar göstərmişdir. 

Hərbi xidmətə çağırıldığı ilk gündən vəzifə borcunu şərəflə yerinə yetirən Vəli Axundov müharibədən sonra - 1945-ci ilin oktyabrından 1946-cı ilin fevral ayına qədər Bakıda 48-ci əlahiddə zenit-pulemyot batalyonunda baş həkim vəzifəsində çalışmışdır. 1946-cı ilin mart ayından isə təhsil aldığı Azərbaycan Tibb İnstitutunun Tibb tarixi kafedrasında assistent vəzifəsində işləməyə başlamışdır. Bir müddət sonra Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, daha sonra direktoru olmuşdur.  Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilən V.Axundovun Gəncə və Bakı kimi sənaye şəhərlərində apardığı tədqiqatlar nəticəsində etdiyi yeniliklər böyük əks-səda doğuraraq keçmiş SSRİ-nin bir çox bölgəsində tətbiq olunmuşdur. Onun adı artıq yalnız Azərbaycanda deyil, ittifaq miqyasında sanitar-epidemioloji elminin simvoluna çevrilmişdir. 

Ən böyük qayğısı isə su idi - təmiz, şəffaf içməli su. O deyirdi: "Su sağlamlığın aynasıdır". Əhali arasında yayılan xəstəliklərin arxasında çox zaman içməli suyun keyfiyyətsizliyi dayanırdı və o, bu sahədə ciddi tədqiqatlar aparmışdır. Sututarların sanitar vəziyyəti, sənaye tullantıları, qoruma tədbirləri - bütün bunlar V.Axundovun rəhbərliyi altında araşdırılmış, elmi həllərini tapmışdır. 

Vəli Axundov tibb elmləri namizədi, sonra isə doktorluq elmi dərəcələrini almış, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrünün son illərinə qədər elmi fəaliyyətini davam etdirmiş, Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru vəzifəsində çalışmışdır. V.Axundovun  xarakterik cəhətlərindən biri də öyrənməyə olan marağı idi. O, 70 yaşında ingilis dilini sıfırdan öyrənmişdir. Bu da onun daim inkişaf edən, öyrənən və yeniliklərə açıq bir şəxsiyyət olduğunu sübut edir. Elm yolunda yalnız biliklə yox, təşkilati işlərlə də öndə gedən V.Axundov təkcə kabinet alimi deyildi. O, 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri, 1958-1959-cu illərdə Nazirlər Sovetinin sədri olmuşdur. 1959-1969-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərlik etmişdir. 

Xalq  yazıçısı Elçin xatirələrində yazmışdır: "1960-cı ildə Bakıda belə bir həyəcanlı söhbət gəzirdi: Ermənistan rəhbərliyi Moskvada məsələ qaldırıb ki, Naxçıvan coğrafi baxımdan Azərbaycandan kənardadır, guya buna görə böyük iqtisadi problemlər yaranır və bu muxtar respublikanı Ermənistana vermək lazımdır. Həmin vaxtlarda Akademiyanın indiki İstiqlal küçəsindəki əsas binasında Səməd Vurğunun vəfatının beşinci ildönümü münasibətilə xatirə gecəsi keçirilirdi və Məmməd Arif sədr, İlyas Əfəndiyev isə məruzəçi idi. Mən də ədəbiyyat həvəskarı olan bir yeniyetmə kimi - onuncu sinif şagirdi idim - o tarixi xatirə gecəsinə getmişdim. Həmin xatirə gecəsində, professor Abbas Zamanov xitabət kürsüsünə qalxıb, sonradan böyük səs-küyə, siyasi qalmaqala və əməlli-başlı milli təlatümə səbəb olmuş məşhur çıxışını etdi və o emosional çıxışın məğzi bundan ibarət idi ki, "biz heç vaxt Naxçıvanın bir qarışını da Ermənistana verməyəcəyik!" (Elə buna görə də tarixi gecə idi!)".

Vəli Axundov öyrənir ki, Tovmasyan həqiqətən də belə bir məsələ qaldırıb. Mikoyanın təsiri ilə Xruşşovun da belə bir fikri var. Düşünür ki, bu məsələyə siyasi büroda baxa bilərlər... Möhkəm hazırlaşır ki, öldü var, döndü yoxdu. Məsələ ilə əlaqədar Moskvada olan Vəli Axundovun qətiyyətli mövqeyi və Abbas Zamanovun siyasi qalmaqala səbəb olan çıxışından sonra Kremldə məsələni gündəlikdən çıxarırlar.

Həmin illər Sovet İttifaqında Xruşşov "mülayimləşməsi" dövrünə təsadüf etdiyindən ölkədə milli özünüdərkə və mədəni inkişafa baxış bucağı qismən dəyişmişdi. Keçmiş SSRİ ərazisində və onun tərkibindəki respublikalarda demokratik düşüncəyə yaşıl işıq yandırıldığından Azərbaycan dilinin təbliği məqsədilə müəyyən addımlar atıldı. Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına can atılması da bu prosesin tərkib hissəsini təşkil edirdi. Hətta Moskva hakimiyyəti ilə bu bayramın dövlət səviyyəsində qeyd olunması müzakirə olundu. 1987-ci ildə razılıq alınandan sonra Mərkəzi Komitədə keçirilən işçi görüşündə Vəli Axundov ideoloji katib  Şıxəli Qurbanova bu bayrama unudulmaz şənlik çalarlarının verilməsi göstərişindən sonra xalqımızın minilliklərə söykənən Novruz bayramının Azərbaycan ərazisində çox təntənəli və geniş şəkildə keçirilməsinə başlanıldı. 

Akademik Vəli Axundov 300-dən çox elmi əsərin, 6 monoqrafiyanın, 11 kitabçanın, onlarca sanballı elmi məqalənin müəllifidir.  V.Axundovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 4 elmlər doktoru və 5 fəlsəfə doktoru yetişmişdir. 

Akademik Vəli Axundovun çoxillik hərbi, elmi, elmi-təşkilati və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Lenin", iki dəfə (1945-ci və 1985-ci illərdə) II dərəcəli  "Vətən müharibəsi", "Qırmızı Ulduz", "Qafqazın müdafəsinə görə" və bir sıra başqa orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 

Milli ruhlu böyük alim və dövlət xadimi 1986-cı il avqustun 22-də Bakıda vəfat etmişdir.  

Rəhman SALMANLI, 

"Azərbaycan"

Избранный
31
azerbaijan-news.az

1Источники