RU

Musiqinin canlı ruhu

Bəzən insan peşəsinə tükənməz sevgi ilə bağlanan, işini ilahi məhəbbətlə görən  sənətkarla rastlaşanda yalnız peşəkarlığını yox, ruhunu da görür. Onu ilk dəfə dirijor podiumunda görəndə bizdə də məhz belə bir hiss yarandı. 

Qarşımızda orkestri idarə edən adi musiqiçi yox, musiqinin ruhundan doğulmuş, notların, melodiyaların və duyğuların içindən gələn bir sənət möcüzəsi dayanmışdı. Zərif duruşu, ahəngdar hərəkətləri, qollarının havada çəkdiyi görünməz cizgilər bizə suyun üzərində sakit və məğrur şəkildə süzən qu quşunu xatırladırdı. Bir anlıq elə təsəvvür yaranırdı ki, onun ayaqları yerə toxunmur, sanki səhnənin sərhədlərini aşaraq musiqinin qanadlarında sonsuzluğa doğru süzür, hərəkətləri ilə görünməyən bir aləmin qapılarını açır. Əllərinin  titrəyişi ilə havada görünməyən notlar yazır, baxışı ilə orkestrin dərinliyində gizlənən duyğuları oyadır, onun hər jesti musiqiyə yeni bir nəfəs verirdi. O an bir həqiqəti bütün varlığınla hiss edirsən - bəzi insanlar musiqini, sadəcə, ifa etmirlər, onlar zamanla, ruhla və sənətlə bütövləşərək musiqinin özünə çevrilirlər.

Musiqi bəşəriyyətin ən qədim, saf və ilahi dillərindən biridir. O, sözlərin ifadə edə bilmədiyi duyğuları danışır, insanın ruhunda gizlənən ən dərin hisslərə toxunur. Bəzən bir fortepianonun titrəyən səsi, skripkanın kövrək ahəngi, bəzən də orkestrin bütöv nəfəsi insanın iç dünyasında yeni aləm yaradır. Amma bu möhtəşəm harmoniyanın arxasında görünməyən qüvvə dayanır - bütün səsləri bir ruh, nəfəs, ürək ətrafında birləşdirən dirijor.

Dirijor, sadəcə, orkestrin rəhbəri deyil, eyni zamanda onun musiqi ruhunu anlayan, bəstəkarın yazdığı notlara həyat verən, onlarca fərqli musiqiçinin nəfəsini bir ahəngdə birləşdirən üzvüdür. Bir fərqlə ki, onun əlləri alətin yox, musiqinin ritmini müəyyən edir, baxışları ifaçılara yol göstərir, daxili enerjisi isə bütöv bir orkestri vahid komandaya çevirir. Dirijorun çubuğu ilə onlarca alət, yüzlərlə not, minlərlə duyğu birləşib əsər olur. 

Qadın dirijor isə bu sənətin daxilində tamam başqa bir zəriflik, dərinlik yaradır. Onun incəliklə gücü, həssaslıqla iradəni, xarici görünüşlə daxili enerjini birləşdirən obrazı musiqiyə yeni bir rəng qatır. O, bəzən bir ana nəvazişi ilə orkestri sakitləşdirir, bəzən də böyük bir sərkərdə kimi bütün səsləri öz iradəsinə tabe etdirir. Onun əl və qollarının hərəkətində melodiya, baxışlarında hökm, ruhunda isə ifa etdiyi musiqiyə məhəbbət yaşayır. Belə sənətkarlar həyatlarını, sadəcə, musiqiyə həsr etmirlər, onlar musiqi ilə yaşayır, nəfəs alır, musiqini ruhlarına doğma sirdaş kimi qəbul edirlər. Səhnə onlar üçün işıqsaçan məkan olmaqla yanaşı, həm də ürəyin danışdığı müqəddəs aləmdir və həmin aləmdə dirijor çubuğunun hər titrəyişi insan ruhuna toxunan, zamanın yaddaşında iz qoyan bir sənət möcüzəsinə çevrilir.

Bu gün haqqında bəhs etdiyimiz İlahə Hüseynova musiqini peşə kimi yox, tale kimi yaşayan, notların arasında öz ruhunu tapan, səhnəyə çıxdığı hər an orkestrə təkcə ritm deyil, həyat verən nadir sənətkarlardandır. Onun dirijor podiumundakı duruşu  musiqinin qadın zərifliyi ilə qovuşduğu möhtəşəm mənzərədir.

İlahə xanım ilk dəfə orkestrin qarşısına çıxdığı anı bu gün də həyəcanla xatırlayır: "Əllərim əsirdi, qulaqlarım uğuldayırdı, sanki Yer kürəsi tərsinə fırlanırdı. Əllərimi qaldırdığım an hər şey dəyişdi - özümü başqa bir aləmdə hiss etdim. O gün anladım ki, düşdüyüm bu aləm məni əbədi olaraq özünə bağladı. Bu gün də dirijor podiumuna çıxanda həmin hissi yaşayıram". 

Böyük sənət həmişə görünənlə görünməyənin, eşidilənlə hiss edilənin qovuşduğu yerdə başlayır. Musiqi aləmində isə bu görünməz harmoniyanın memarı dirijordur. Dirijor, sadəcə, orkestrin önündə dayanaraq onu idarə etmir, həm də onlarca  musiqiçinin nəfəsini, hissini, düşüncəsini və enerjisini vahid bir axara çevirir. Fransızca "idarə etmək, yönəltmək, başçılıq etmək" mənasını daşıyan "dirijor" anlayışı öz mahiyyətində həmçinin notların arxasında gizlənən mənəvi dünyanı səslərə çevirməyi ifadə edir. Onun əlindəki kiçik çubuq bəzən yüzlərlə sözün deyə bilmədiyini ifadə edir, qollarının hərəkəti ritmi müəyyənləşdirir, baxışları orkestrə güvən verir, jestləri musiqinin emosional rənglərini açır. Bir anlıq əl işarəsi ilə alovlu kulminasiya yaradan, növbəti anda incə bir jestlə bütün zalı sükuta qərq edən dirijor, əslində, səslərin deyil, duyğuların idarəedicisidir. O, yalnız musiqiçilərin qarşısında dayanmır, eyni zamanda bəstəkarın ruhu ilə ifaçının ürəyi arasında körpü qurur. Elə buna görə də hər dirijor eyni əsəri fərqli səsləndirir. Çünki hər bir dirijorun öz daxili aləmi və musiqi təxəyyülü var.

Bu gün İlahə Hüseynova haqqında danışarkən onun yalnız peşəkar dirijor yolu keçdiyini demək az olar. Çünki onun musiqi ilə münasibəti peşədən çox həyatın ən saf və təbii çağlarında başlayıb. Musiqi onun üçün uşaqlıqdan nəfəs aldığı, böyüdüyü, ruhuna hopan bir yaşam tərzidir. İlahə xanım özü bu barədə xüsusi bir səmimiyyətlə danışır: "Musiqi həyatımın hər mərhələsində fərqli rəngdə olub. Uşaqlığımda o, mənim üçün bir nağıl idi". Musiqiçi ailəsində böyüyən gələcək dirijorun ilk musiqi yaddaşı ailə mühitindən başlayır. Xalası - Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Nailə Mirməmmədlinin fortepianoda ifa etdiyi nəğmələr, ailədə tez-tez dinlənilən klassik əsərlər, milli musiqi nümunələri, o cümlədən muğam ifaları onun gələcək musiqi zövqünün formalaşmasında mühüm rol oynayıb. "Uşaqlıqda musiqi mənim üçün layla idisə, yeniyetməlikdə məsuliyyətə çevrildi" deyən İlahə xanım söyləyir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil aldığı illərdə musiqi artıq onun üçün tələb, nizam-intizam və zəhmət anlamı daşıyırdı.  Saatlarla davam edən məşqlər, müəllim tələbləri, çətin məşğələlər gələcək dirijorun xarakterini formalaşdırırdı. Sonralar bu zəhmətin əsl qiymətini daha dərindən anladı. Əsl dönüş nöqtəsi isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı tələbəlik illərində baş verdi. Məhz burada musiqi onun üçün böyük sevgi və həyat missiyasına çevrildi. O illəri xatırlayarkən deyir: "Akademiyada musiqiyə aşiq oldum. Dərsə getmək, öyrənmək, məşq etmək mənim üçün artıq bir ehtiyac idi".

Əməkdar artistin taleyini dəyişən anlardan biri də xalq çalğı alətləri orkestrini ilk dəfə canlı dinləməsi olub. İlahə xanım həmin gün həyatında yeni bir mərhələnin başladığını hiss etdiyini deyir: "Qarşıma məqsəd qoydum ki, bir gün mən də orkestrin qarşısında dirijor kimi dayanmalıyam". Onun bu arzusunun reallaşmasında görkəmli sənətkarlar - Süleyman Ələsgərov və Ağaverdi Paşayev xüsusi rol oynayıb. Xüsusən Ağaverdi müəllimin sənət məktəbi, tələbkarlığı və inamı gənc xanımın dirijor kimi formalaşmasında həlledici olub. 

Sonda qeyd edək ki, Azərbaycan musiqiçiləri arasında öz dəst-xəti, zərifliyi və peşəkarlığı ilə seçilən İlahə Hüseynova Bakıda anadan olub. İlk musiqi təhsilini qeyd etdiyimiz kimi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində alıb, sonra xor-dirijorluq ixtisası üzrə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Tələbəlik illərində Xalq artisti, professor Ağaverdi Paşayevin sənət məktəbində xalq çalğı alətləri orkestri dirijorluğunun sirlərini mənimsəyib.

2000-ci ildən etibarən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində fəaliyyətə başlayan İlahə Hüseynova uzun illərdir bu kollektivlə ölkəmizdə və beynəlxalq səhnələrdə uğurla çıxış edir. Onun rəhbərliyi ilə orkestr müxtəlif dövlət tədbirlərində, beynəlxalq musiqi tədbirlərində, o cümlədən Fəcr musiqi, İpək yolu Beynəlxalq Musiqi və Qəbələ Beynəlxalq Musiqi festivallarında uğurlu konsert proqramları ilə çıxış edib. Son illər İlahə xanımın  rəhbərliyi ilə "Film musiqiləri" layihəsi də böyük maraqla qarşılanır. Burada Azərbaycan və dünya kinosunun sevilən melodiyaları milli çalğı alətlərinin ifasında yeni nəfəsdə tamaşaçıya təqdim olunur.

Sənətə sədaqəti, pedaqoji fəaliyyəti və milli musiqimizin təbliğindəki xidmətlərinə görə İlahə Hüseynova 2021-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Lakin onu fərqləndirən yalnız titullar deyil. Onun dirijor podiumundakı hər çıxışı musiqinin canlı ruhudur. İlahə xanım kimi sənətkarlar isə bu ruhu musiqiyə çevirməyi bacarırlar. 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Избранный
47
azerbaijan-news.az

1Источники