RU

Turan Rzayev: “Azərbaycan buğda asılılığını azaltmaq üçün modeli dəyişməlidir”

ain.az, Gununsesi saytına istinadən bildirir.

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycan hazırda özünü buğda ilə cəmi 55 faiz səviyyəsində təmin edir və bu göstərici illərdir artmır.

Dövlət başçısı qeyd edib ki, aqroparkların yaradılması və dövlət dəstəyinə baxmayaraq, daxili istehsal yerində sayır.

Hazırda ölkədə 1 milyon 573 min ton buğda istehsal olunduğu halda, 1 milyon 267 min ton idxal edilir.

Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev hesab edir ki, buğda məsələsi Azərbaycan üçün artıq iqtisadi yox, milli təhlükəsizlik məsələsidir.

Onun fikrincə, qlobal böhranlar dövründə enerji resurslarından fərqli olaraq, buğda kimi strateji məhsulların çatışmazlığı ciddi risklər yarada bilər.

Şərhçi bildirir ki, əsas problem resurs çatışmazlığı deyil, mövcud modelin effektiv nəticə verməməsidir.

Onun sözlərinə görə, kənd təsərrüfatına dövlət dəstəyi göstərilsə də, regionlardan şəhərlərə axın davam edir, kənd təsərrüfatı isə əhali üçün cəlbedici gəlir mənbəyinə çevrilmir. Eyni zamanda, aqrar sahədə ixtisaslı kadr çatışmazlığı da ciddi problemlərdən biridir.

Turan Rzayev çıxış yolu kimi dünya təcrübəsinə, xüsusilə Niderland modelinə diqqət çəkib.

O bildirib ki, Niderland kənd təsərrüfatına ənənəvi sahə kimi deyil, elm və texnologiya əsaslı strateji sektor kimi yanaşır. Müasir texnologiyalar, hidroponika sistemləri və elmi yanaşma bu ölkəni dünyanın aparıcı kənd təsərrüfatı ixracatçılarından birinə çevirib.

Şərhçi eyni zamanda hesab edir ki, Azərbaycan da aqrar sahədə xarici təcrübədən yararlanmalı, Niderland başda olmaqla qabaqcıl ölkələrlə əməkdaşlığı genişləndirməli, aqrar təhsil və elmi tədqiqat mərkəzləri yaratmalıdır.

Onun fikrincə, Gəncə, Bərdə, Kürdəmir və ya Ağcabədi kimi bölgələrdə beynəlxalq standartlara uyğun aqrar tədqiqat və təhsil mərkəzlərinin qurulması gələcək üçün mühüm addım ola bilər.

Turan Rzayev son olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqətə çıxarması təsadüfi deyil və gələcək ərzaq təhlükəsizliyi baxımından bu sahədə ciddi islahatlara ehtiyac var.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
icma.az

1Источники