Ötən gün saat 23:10-da Bakıdan Tbilisiyə yola düşən sərnişin qatarı saat 09:04-də təyinat məntəqəsinə çatıb. 1news.az APA-ya istinadən xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub. Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər. Bununla da altı illik fasilədən sonra Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirib. Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.