ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Nazirlər Kabineti 10 yanvar 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, "İcazə" blanklarının elektron mübadiləsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir.Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, bu, logistika və yükdaşıma proseslərinin daha səmərəli və sürətli həyata keçirilməsinə səbəb olacaq:“Bu, irəliyə doğru atılmış mühüm addımdır. Xüsusilə digər ölkələrlə icazə blanklarının AYNA informasiya sistemi vasitəsilə elektron qaydada mübadilə olunması əvvəllər uzun vaxt aparan proseslərin daha operativ şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Bu yenilik həm vaxt itkisini azaldacaq, həm də proseslərin idarə olunmasında daha müasir kommunikasiya və əlaqə sisteminin formalaşmasına şərait yaradacaq. Elektronlaşma istiqamətində ciddi irəliləyiş müşahidə olunacaq. Eyni zamanda bunun qiymətlərə də müsbət təsir göstərəcəyi gözlənilir. Çünki logistika xərclərinin azalması məhsulların maya dəyərinə birbaşa təsir edir. Kağız daşıyıcılar vasitəsilə məlumat mübadiləsinin aparılması əlavə vaxt itkisinə, məhsulların uzun müddət anbarda saxlanmasına və prosesin gecikməsinə səbəb olur. Bu isə son nəticədə məhsulların maya dəyərində öz əksini tapır. Proses nə qədər sürətli və operativ həyata keçirilərsə, logistika xərclərinə bir o qədər qənaət etmək mümkün olar. Bu da bazara çıxarılan məhsulların həm daha tez çatdırılmasına, həm də müəyyən qədər daha münasib qiymətlərlə satışına şərait yarada bilər”.O deyib ki, düzdür, burada çox böyük faizlərdən söhbət getmir:“Adətən logistika və daşıma xərcləri məhsulun maya dəyərində təxminən 2-5 faiz civarında paya malik olur. Uzunmüddətli gecikmələr zamanı isə bu göstərici bəzi hallarda 10 faizə qədər yüksələ bilir. Elektron sistemlərin tətbiqi ilə məhsulların daha sürətli daşınması və sənəd dövriyyəsinin operativ həyata keçirilməsi maya dəyərinin daha aşağı formalaşmasına səbəb ola bilər. Hazırda AYNA informasiya sistemi ilə elektron mübadilə imkanlarının olmadığı bəzi istiqamətlər mövcuddur. Gələcəkdə bu problemlər də aradan qaldırılarsa və icazə blanklarının tam şəkildə elektron qaydada idarə olunması təmin edilərsə, bu, həm operativlik, həm logistika xərclərinin azaldılması, həm də məhsulların maya dəyərinə təsir baxımından çox ciddi nəticələr verə bilər. Nəticə etibarilə bu proses istehlak bazarında qiymətlərin müəyyən qədər azalmasına və məhsulların daha əlçatan olmasına təsir göstərə bilər. Bu isə vətəndaşların xaricdən gətirilən müxtəlif məhsullarla daha rahat və münasib şərtlərlə təmin olunmasına əlavə imkan yaradacaq”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.