RU

“Dedi, daha maşın sürmə, onu qonşudakı kişiyə bağışla” – Ofeliya Sənani ilə MÜSAHİBƏ

Bu gün Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin doğum günüdür. O, 85 yaşını qeyd edir.

Musavat.com Ofeliya xanımı təbrik edib və özəl günü ilə bağlı təəssüratlarını öyrənib.

- Ofeliya xanım, necəsiniz. Doğum gününüzü necə qeyd edirsiniz?

– Heç nə, elə-belə qeyd edirik. Vallah, səhərdən heç halım yoxdur, tərpənə bilmirəm, çox pisəm. Ürəyimin ağrısı tutub, təzyiqim qalxıb, özümü pis hiss edirəm. Gecə çox pis yatmışam, demək olar ki, səhərə qədər yatmamışam, yuxum qaçmışdı. Hipertoniyadandır. Ürək təzyiqim mənə rahatlıq vermir, bir az narahat olan kimi özümü pis hiss edirəm. İndi heç nəfəs ala bilmirəm.

- Belə məqamlarda gənclik illərini, canınızın ağrımadığı dövrlərin xiffətini çəkirsinizmi? Onda boş bir dəqiqəniz belə olmurdu.

– Normal adamlar idik, yorulmağın nə olduğunu bilmirdim. Dublyajdan saat 7-də gəlirdim, bir tikə çörəyi tələsik yeyib, televiziyaya gedirdim. Çox vaxt prezident materiallarını oxumağa mənə verirdilər. Evdən səhər çıxırdım, gecə 12-nin yarısı qayıdırdım. Allaha and olsun ki, onda güc var idi. Amma indi...

– Bəlkə elə bu qədər işləmək sizi bu vəziyyətə saldı?

– Əlbəttə. Yayın istisində projektorların altında otururduq. Ürək buna necə dözüb, bilmirəm.

ofa.jpg


– Amma həvəslə işləyirdiniz...

- Çox böyük həvəslə işləyirdim. Xalqın sevgisi mənə güc verirdi. Mən onları sevirdim, onlar da məni.

– Həyat yoldaşınız Valid bəy sağ olanda doğum günlərini necə keçirirdiniz?

- Evdə olmurdum ki...Bütün günü oraya-buraya qaçıb işləyirdim. Validin dostları gəlirdi. Deyirdilər ki, Ofelya xanımın yeməkləri dadlıdır, biz burada doyuruq. Mən də gecə 3-ə, 4-ə kimi onlar üçün yemək bişirib, hazır qoyurdum. Üç qazan yemək olurdu. Kim gəlir, gəlsin. Mən işdə olanda onlar gəlib bizdə Validlə yeyib içirdilər. Evə qayıdanda gəlib qabları yuyub, ortalığı təmizləyirdim. Yorulduğumu hiss etmirdim. Vallah, yorulmaq nədir bilmirdim.

– Bəs uşaqlarla necə məşğul olurdunuz?

– Onlara ancaq axşamlar vaxt ayıra bilirdim. Valid mənə kömək edirdi. Bir dəqiqəsi də boş keçmirdi. Əti doğrayırdım, o çəkirdi. Biz bir-birimizə dəstək olurduq.

ofa


– Bəs nə və vaxt hiss etdiniz ki, artıq yorulmusunuz?

– Təqaüdə çıxandan sonra hiss etdim ki, yorğunam.

– Bu gün 85 yaşınız tamam olur. Geriyə qayıtsanız, ən çox hansı dövr üçün darıxardınız?

– İşlədiyim dövrlər üçün. İşləyirdim, verilişləri aparırdım. Yorulmaq bilmirdim. Çox gözəl kollektivimiz var idi. Hamısına vaxt ayırırdım. Roza xanım, Şərqiyyə xanım, Gülşən xanım və mən – dörd nəfər yığışırdıq, İçərişəhərdə sakit bir restoranda otururduq. Günorta yeməyimizi orada yeyirdik, söhbət edirdik və günorta saat 3-də ayrılırdıq.

– Sonra davam edə bilmədiniz?

– Yox, təqaüdə çıxandan sonra hərə bir tərəfə dağıldı. Biri xəstələndi, birinin halı dəyişdi. Roza xanımın oğlu da rəhmətə getdi. Hamımız ayrı düşdük. Amma indi də zəngləşirik. Şərqiyyə xanımla əlaqəm var. Nəvələri var, maşallah. Bir-birimizi unutmuruq.

ofa


Sizin və Şərqiyyə xanımın televiziyadan uzaqlaşması sanki bir epoxanın sonu oldu ...

– Bəlkə də elədir. Bizim nəsil getdi. İndi televiziyada əvvəlki ləzzət yoxdur. Bizim gözəl verilişlərimiz var idi. Tamaşaçı sevgisi qazanmışdıq. İnsanlar məktub yazırdı, zəng edirdi. Tamaşaçı ilə həmişə əlaqəmiz olub. Bir doğma ailə kimi olmuşuq.

– Heç efirdə həyəcanlandığınız an olub?

– Yox. Gözüm çox iti idi. Yuxarıdakı cümləni oxuyanda aşağıdakıları da görürdüm. Hamısını əvvəlcədən oxuyurdum, sonra efirə çıxırdım. Efirdə sanki iki deyil, on gözüm olurdu.

valid.png


– Kollektivdə hamını güldürən zarafatlar olurdu?

– Həmişə gülmüşük. Mən kinostudiyadan, dublyajdan gəlirdim. Orada da işim çox idi. Səhərdən axşama qədər işləyirdim. Uşaqlarımın yeməyini isə gecə üçə qədər hazırlayırdım. Kim nə sevirdi, onu bişirirdim. Dayə gəlirdi, uşaqları yedirirdi, gəzdirirdi, bulvara aparırdı. Amma yeməyi həmişə özüm bişirirdim. Başqasına etibar etmirdim. Hər şeyi özüm edirdim. Amma indi ayağa qalxmağa gücüm yoxdur.

– Keçmişə qayıtsanız, yenə o qədər işləyərdiniz?

– Hə, yenə işləyərdim. Bu yaxınlarda ad günümə görə tədbirə çağırmışdılar, getdim oynadım. Bu yaşımda rəqs elədim.

- Sizin üçün yaş nə deməkdir?

- Mənim üçün yaş sağlam ömürdür. Allah nə verirsə, o mənə əzizdir. Xəstəliklərim olub. İnfarkt keçirmişəm, insult olmuşam. Amma hamısından sağalmışam.

– Həyat şirindir?

– Çox şirindir. Hərdən pəncərəmin qarşısındakı böyük ağaca baxıram. Külək əsəndə o ağac yellənir. Deyirəm, ay Allah, onu incitmə, aşağı, yuxarı yellənir, gücü itir ağacın. Mən onlarla da danışıram.

flora.jpg


– Gəncliyinizi qaçaqaçla yaşamışınız. İndi bir çox nüanslara diqqət edirsiniz.

– Yox, həmişə fikir vermişəm. Heç nə nəzərimdən qaçmayıb. Həyata on gözlə baxmışam. Hətta maşın sürən adamlara da fikir verirdim ki, kim ağıllı, kim dəli kimi sürür. Cavan vaxtı özüm də maşın sürmüşəm. Bağdan şəhərə maşınla gəlib-gedirdim.Yoldaşım rəhmətə gedəndən sonra bir dəfə yuxuma gəldi və mənə dedi: “Ay Ofa, daha maşın sürmə. 6-cı blokda yaşlı bir kişi var, kasıbdır. O həmişə maşın sürmək istəyirdi, maşını ona bağışla”. Valid yuxumda pəncərənin önündə dayanıb mənə yalvarırdı. Dedim, Valid, baş üstə. Bir halda ki, sən deyirsən sürmə, daha sürmərəm.

– Sonra maşını neylədiniz?

– Qonşuya verdim.

– Ona pulla satdınız?

– Dedi, pulu yoxdur, hissə-hissə mənə verəcək. Dedim, canın sağ olsun.

ofa


– Bu gün sizi kim təbrik etsə, ürəyinizin sarı siminə toxunar?

– Kim zəng edib təbrik edirsə, çox sağ olsun. Heç kimdən gözləntim yoxdur.

– Bu yaşda sizi ən çox hansı hədiyyə sevindirər?

– Heç bir hədiyyə. Kim zəng edib təbrik edirsə, o bəsdir.

Şahanə Rəhimli
Musavat.com

Избранный
5
musavat.com

1Источники