RU

Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir?

Bankların ölkədaxili pulköçürmə xidmətləri üzrə komissiya haqları zaman-zaman müzakirə mövzusuna çevrilir. 

Vətəndaşlar xüsusilə kartdan-karta və bank hesabları arasında aparılan köçürmələrdə bəzi bankların yüksək komissiya tətbiq etdiyini bildirirlər. Təbii ki, bu fonda daha aşağı komissiya siyasəti ilə seçilən banklar da var. 

Ölkədaxili pulköçürmə komissiyaları niyə yüksəkdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, köçürmələr üzrə komissiyaların müəyyən edilməsi və bu xidmətlərin təşkili, eləcə də təşviq mexanizmləri bankların səlahiyyətləri çərçivəsində tənzimlənən məsələlərdir. 

O qeyd edib ki, burada əsas rolu bazar şərtləri oynayır:

“Təcrübədə yeni məhsulların bazara çıxarılması mərhələsində xidmətlərin tanıdılması və bazar payının əldə olunması məqsədilə bir çox hallarda güzəştli şərtlər tətbiq edilir. Bu zaman əlavə vəsaitlər sərf olunur və yaranan xərclər müəyyən formada bankların özləri tərəfindən kompensasiya edilərək məhsullar bazarda yerləşdirilir.

Lakin zaman keçdikcə, artıq bazarda doyma müşahidə olunduqda və ya gözlənilən hədəflərə nail olunduqdan sonra banklar həmin məhsullar üzrə xərclərin maliyyələşdirilməsi prosesini dayandırırlar. 

Əvəzində, nəzərdə tutulan gəlirlərin əldə edilməsinə yönəlmiş strategiyanı həyata keçirməyə başlayırlar. Başqa sözlə, xidmətlərin xərcləri mərhələli şəkildə müştərilərin üzərinə ötürülür.

Nəzərə almaq lazımdır ki, bu məhsulların bazar payının genişlənməsi özü də xərcləri artıran əsas amillərdən biridir. Çünki hər bir tranzaksiyanın kifayət qədər xərci mövcuddur. Buraya tranzaksiyaları həyata keçirən şirkətlərə ödənilən xidmət haqları, təhlükəsizlik sistemlərinin təşkili, terminalların quraşdırılması və saxlanılması, yeni proqram təminatına çəkilən xərclər, eləcə də tənzimləyici qurumların müəyyən etdiyi normaların yerinə yetirilməsi ilə bağlı xərclər daxildir. Bütün bunlar isə nəticə etibarilə xərclərin müəyyən hissəsinin müştərilərin üzərinə ötürülməsi ilə bağlı zərurət formalaşdırır”. 

Rəşad Həsənov əlavə edib ki, buna görə də zaman keçdikcə bankların xidmətlər üzrə komissiyaları artırması, yaxud təqdim olunan güzəşt və təşviqlərin azaldılması, eləcə də onların əhatə dairəsinin daraldılması ilə bağlı siyasətlərinin şahidi oluruq:

Texnologiyanın maliyyə bazarına tətbiqi prosesinin sürətlənməsi, finteklərin bu istiqamətdə fəaliyyəti və digər yeniliklər buna nümunə göstərilə bilər. Bu həllər özləri də yeni bazar konyunkturası və yeni şərtlər formalaşdırır.”

İqtisadçı düşünür ki, bu vəziyyət daimi xarakter daşımayacaq: 

“Hazırda banklar bu məhsullar vasitəsilə mümkün qədər mənfəət əldə etməyə çalışırlar və əslində, həmin məhsulların əsas məqsədi də mənfəət əldə etməkdir. Digər tərəfdən, xüsusilə son 5 ildə, postpandemiya dövründə bu bazarın sürətlə böyüməsi həm xərclərin kəskin artmasına, həm də bir köçürmə və bir ödəniş üzrə məbləğin azalmasına səbəb olub. Bu isə öz növbəsində hər bir köçürmə və ödəniş üzrə xərclərin yüksəlməsinə gətirib çıxarıb.

Nəticədə, prosesin maliyyələşdirilməsi üçün daha böyük vəsait tələbi formalaşıb. Hazırda banklar, yəqin ki, öz strategiyalarına uyğun olaraq, bu xidmətləri sadəcə kompensasiya və ya maliyyələşdirmək yanaşmasından uzaqlaşaraq, artıq daha çox mənfəət əldə etməyə yönəlmiş strategiyaya keçirlər”.

O bildirib ki, böyük ehtimalla müəyyən müddətdən sonra banklar faiz və komissiyaların aşağı salınması ilə bağlı yeni mərhələyə keçə bilərlər: 

“Amma dediyim kimi, bu vəziyyət davamlı olmayacaq. Növbəti mərhələdə böyük ehtimalla müəyyən müddətdən sonra yeni həllər, bazardakı rəqabət, müştəri davranışları və seçimlərinin fərqli istiqamətlərə yönəlməsi kimi səbəblərdən banklar bu məsələyə yenidən baxaraq faiz və komissiyaların aşağı salınması ilə bağlı yeni mərhələyə keçə bilərlər.

Burada xüsusilə qeyri-formal iqtisadiyyatın təsirləri unudulmamalıdır. Müəyyən rəsmi öhdəliklərdən yayınmaq məqsədilə bir çox hallarda iqtisadi münasibətlər çərçivəsində ödənişlər məhz bu formada həyata keçirilir. 

Bu isə bazarın müəyyən mənada süni şəkildə böyüməsinə, nəticə etibarilə həmin istiqamətdə xərclərin və komissiyaların artmasına şərait yaradan konyunkturun formalaşmasına səbəb olan amillərdən biridir”.

Избранный
9
1
cebheinfo.az

2Источники