RU

“Vəziyyət gərgindir, amma Nikol Paşinyan hələ ki, prosesi idarə edə bilir”

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

7 iyun parlament seçkiləri ərəfəsində Ermənistanda seçki kampaniyası gərgin qarşıdurma mərhələsinə qədəm qoyub. Baş nazir Nikol Paşinyan və əsas müxalifət qüvvələrinin nümayəndələri bir-birini dövlətə xəyanətdə, xarici ölkələrin maraqlarına xidmət etməkdə ittiham edir. Onu da vurğulayaq ki, Ermənistanda müxalifəti əsasən revanişt qüvvələr təşkil edir ki, onlar da Azərbaycanla sülh prosesinin, regional layihələrin, əməkdaşlığın əleyhinədirlər.

Parlament seçkilərində ümumilikdə 16 partiya və 2 blok olmaqla 18 siyasi qüvvə mübarizə aparır. Nikol Paşinyanın əsas rəqibləri əhəmiyyətli maliyyə və media resurslarına malik oliqarx Samvel Karapetyan, ("Güclü Ermənistan" partiyası), birinci prezident Robert Köçəryan (“Hayastan”) bloku və Qaqik Tsarukyan  (“Çiçəklənən Ermənistan” partiyası) hesab olunur. Samvel Karapetyan Moskvanın dəstəklədiyi əsas rəqibdir və onun parlamentdə yer alması ehtimalı da böyükdür. Paşinyanın digər iki rəqibi də Rusiya tərəfindən dəstəklənir.

Seçki ərəfəsində keçirilən rəy sorğularında Paşinyan lider olaraq qalır, amma etimad faizi əvvəlki seçki sorğuları ilə müqayisədə o qədər yüksək deyil. Milli Məclisin deputatı Azər Allahverənov 525.az-a müsahibəsində Ermənistanda seçki prosesinin gedişi, hazırkı vəziyyət, hadisələrin inkişafı barədə fikirlərini bölüşüb.   

- Azər müəllim, Ermənistanda seçki qabağı vəziyyət necə xarakterizə oluna bilər? Seçki günü yaxınlaşdıqca təxribatların baş verməsi mümkün görünür?

- Şübhəsiz ki, Ermənistanda vəziyyət olduqca gərgindir və görünən odur ki, son bir-iki həftə ərzində tərəflər seçkiqabağı kampaniyanı daha da intensivləşdirməklə bir-birinin potensial elektoratı arasında çaşqınlıq yaratmaq niyyətindədirlər. Hətta biz müşahidə edirik ki, xüsusilə Paşinyanın əleyhinə olan qüvvələr müxtəlif yanlış və böhtan üzərində qurulan narrativləri daha çox dilə gətirirlər. Onlar bir növ erməni xalqını qorxudaraq, Paşinyan seçildiyi təqdirdə hətta Ermənistan Respublikasının suverenliyinə təhlükələr yarana biləcək kimi fikirlər üzərində öz tezislərini qururlar. Bu da nəticə etibarilə əhalinin bir qismi tərəfindən müəyyən mənada açıq-aşkar dəstəklənir. Ermənistanda keçirilən rəy sorğular da real olaraq göstərir ki, Paşinyanın rəhbərlik etdiyi siyasi partiyanın hakimiyyətdə qalması birmənalı qarşılanmır. Bu da ondan xəbər verir ki, vəziyyət olduqca gərgindir və ola bilər ki, hansısa bir tərəf, xüsusilə də Paşinyan əleyhinə olan blokun tərəfdarlarından kimsə təxribatlara əl atmış olsun. Amma hələ görünən odur ki, Paşinyan prosesi idarə edə bilir. Hətta nəzərə almaq lazımdır ki, Paşinyana xaricdən də dəstək var, bu baxımdan o, daha güclüdür. Misal üçün, real olaraq Paşinyana qarşı təxribatı törətməyə cəhd edən siyasi qüvvələrin xarici dairələrlə əlaqəli olduğunu nəzərə alsaq, böyük ehtimalla, məhz həmin dairələrin təsiri və təzyiqi altında Ermənistanın daxilində olan təxribatçı qüvvələr açıq-aşkar siyasi təxribatlara getmirlər. Siyasi təxribatla yanaşı, eyni zamanda digər təxribatlara da əl ata bilərlər. Bu da böyük ehtimalla, ondan xəbər verir ki, Paşinyan məhz xaricdən dəstəkləndiyi qüvvələrin fəal iştirakı ilə real olaraq prosesi idarə edə bilir.

- Ermənistanın əsas müxalifəti, eyni zamanda revanşistlər Azərbaycana, Türkiyəyə qarşı düşmənçilik münasibətini təbliğ edirlər, Azərbaycanla sülh quruculuğunun əleyhinə çıxış edirlər. Belə olan halda, erməni cəmiyyəti bu cür gündəliklə hakimiyyətə gəlmək istəyənləri geniş şəkildə dəstəkləyə bilər?

- Müxalifət, eyni zamanda revanşistlərə gəldikdə təbii ki, bunlar həm Azərbaycan, həm Türkiyə əleyhinə olan şüarlarını çox geniş şəkildə tirajlamaqla, faktiki olaraq bölgədə yaranmış yeni siyasi reallığa müdaxilə etməyə çalışırlar. Onlar Azərbaycan və Türkiyə əleyhinə olan şüarlar vasitəsilə şübhəsiz, Ermənistan-Azərbaycan arasında gedən sülh quruculuğuna müdaxilə etməklə, nəticə etibarilə Ermənistanın siyasi hakimiyyətinə qarşı cəmiyyətdə mövcud olan müəyyən əhval-ruhiyyəni məhz öz xeyirlərinə dəyişməyə çalışırlar ki, bu da seçkilərin müqəddaratına təsir edə biləcək bir haldır. Amma burada da yaddan çıxartmayaq ki, sülh tərəfdarı olan “Vətəndaş müqaviləsi” partiyası cəmiyyətdə böyük bir nüfuza malikdir. Bu gün onun əleyhinə dilə gətirilən istənilən şüar bütövlükdə hakim “Vətəndaş müqaviləsi” partiyasının sülh istiqamətində atdığı addımların qarşısını almaq və daha geniş kontekstdə Azərbaycanla münasibətlərin normallaşdırılmasının əleyhinə olan cəhdlərdir ki, biz bunu Paşinyanın əleyhinə olan blokların tərəfdarlarının həm bəyanatlarında, həm hərəkətlərində xüsusilə hiss etdik.

O ki qaldı Ermənistan cəmiyyətinin bu cür narrativlər üzərində seçki qabağı kampaniyasını quran dairələri dəstəkləyə bilmələrinə, təbii ki, müəyyən qüvvələr var ki, onlar Paşinyanın əleyhinə olan siyasi qüvvələri çox yaxından dəstəkləyirlər. Eyni zamanda da, Paşinyana qarşı təşkil olunan səlib yürüşündə əhalinin həmin o hissəsi kifayət qədər fəaldır. Biz bunu Gümrüdə və digər bir sıra şəhərlərdə keçirilən yerli seçkilərdə gördük. Məhz əhalinin həmin hissəsi tərəfindən dəstəklənən müxalifət partiyalarının nümayəndələrinin seçkiləri qazandıqlarını gördük. Bu da ondan xəbər verir ki, cəmiyyətdə, əhali arasında Paşinyan əleyhinə olan qüvvələrin müəyyən nüfuzu var.

- Seçki ərəfəsində rəy sorğuları keçirilir və nəticələr Paşinyanın öndə olduğunu göstərir. Sizcə, hakim partiya qarşıdakı seçkilərdə qalib gəlib, hökuməti təkbaşına formalaşdıra biləcək?

- Bəli, sorğuların nəticələrinə görə Paşinyan hələlik xalqın müəyyən mənada rəğbətini qazanmaqdadır. Və burada təbii ki, önəmli olan həm də odur ki, bu nəticələr həm Paşinyanın tərəfdarının ona və rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasına olan münasibətindən irəli gəlir, digər tərəfdən isə əhalinin müharibə istəməyən hissəsi də məhz Paşinyanı dəstəkləyir. Çünki Paşinyanın rəqiblərinin hakimiyyətə gələcəkləri təqdirdə həmin qüvvələr sonrakı mərhələdə müharibə vəziyyətinə və Azərbaycanla münasibətlərin gərginləşməsinə səbəb ola biləcək bir siyasət yürüdəcəklər. Ona görə də bu gün onlar daha çox Paşinyanın tərəfində çıxış edirlər.

O ki qaldı təkbaşına hökumətin formalaşdırılma məsələsinə, təbii ki, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına yaxın olan partiyalar var və onların da parlamentə seçilməsi hökumətin formalaşdırılması zamanı müəyyən mənada təsir imkanlarına malik ola biləcəklər. Paşinyanın blokunun daha çox sülh bloku kimi özünü göstərməsi həm də onun ətrafında müəyyən siyasi mərkəzlərin daha da sıx birləşməsinə gətirib çıxardı. Çünki Paşinyanın əleyhinə olan “Hayastan” blokundakı qüvvələr daha çox müharibə tərəfdarı qismində çıxış edirlər, bu da istər-istəməz sonrakı mərhələdə seçkinin məhz Paşinyanın xeyrinə baş tutması ilə nəticələnəcək. Həm də Paşinyan sonrakı mərhələdə onu dəstəkləyən qüvvələrin də iştirakı ilə hökumətin formalaşdırılmasına rahat şəkildə gedə bilər.

- Seçkidən sonra Azərbaycanla münasibətlər, sülh prosesi necə inkişaf edəcək?

- Hesab edirəm ki, istənilən halda böyük ümidlər var ki, seçki Paşinyanın xeyrinə yekunlaşacaq. “Vətəndaş müqaviləsi” partiyasının parlament seçkilərində qalib gəldiyi artıq elan olunduqdan sonra biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində çox ciddi addımların atılacağını görəcəyik. Burada əsas önəmli olan məsələ sülh müqaviləsinin imzalanmasıdır ki, bu da Azərbaycan tərəfinin qoyduğu şərtin tam yerinə yetirilməsindən sonra mümkün olacaq. Məlumdur ki, Azərbaycanın son şərti Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsidir. Ermənistan yeni konstitusiya qəbul etməlidir. Çünki ölkənin hazırkı qüvvədə olan əsas qanununda Azərbaycana qarşı ərazi iddiası yer alıb. Belə olan halda, bizə qarşı ərazi iddiası olan ölkə ilə sülh sazişinin bağlanması mümkünsüzdür. Yəni bir tərəfdə Baş nazirin imzalayacağı sənəd, digər tərəfdə də Ermənistan parlamentinin zamanında qəbul etdiyi digər bir sənəd. Bu baxımdan düşünürəm ki, istənilən halda Paşinyan da maraqlıdır ki, artıq seçkilər başa çatdıqdan sonra yeni konstitusiyanın qəbulu üçün referendum keçirilsin. Nəticə etibarilə də ərazi iddiası elementlərini özündə birləşdirməyən yeni sənəd nəhayət, qəbul olunsun. Yeni konstitusiyanın qəbulu Azərbaycanla sülh müqaviləsi bağlanmasına maneçilik törədən amilin tam aradan qalxması demək olacaq.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
525.az

1Источники