RU

Güclü yağışlar çin maşını sürənləri minlərlə manat ziyana saldı — AÇIQLAMA

Elektrikli avtomobillərin bazara yeni daxil olması ilə birlikdə onların istismar və servis məsələləri də aktuallaşır. Zəmanətsiz avtomobillərin yağış və ya digər təbii təsirlər nəticəsində zərər görməsi isə sürücülər üçün əlavə risklər yaradır. Belə hallarda vətəndaşlar həm təmir xərcləri, həm də ehtiyat hissələrinin tapılması və gətirilməsi ilə bağlı çətinliklərlə üzləşə bilirlər. Bazarda bu avtomobillərin yeni olması isə servis infrastrukturunun tam formalaşmamasını daha da qabarıq şəkildə ortaya çıxarır.

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, zəmanəti olmayan avtomobillərin ehtiyat hissələri, məsələn, batareya və ya digər hibrid komponentlər yağışdan zərər görsə də, görməsə də, avtomobil sahibi tərəfindən axtarılıb tapılır:

"Bu cür ehtiyat hissələri ölkəmizdə hələ ki, azdır. Bəzi hissələr ümumiyyətlə gətirilmir, çünki onların tez xarab olacağı gözlənilmir və buna görə də prioritet sayılmır.

Adətən gətirilən ehtiyat hissələri ön faralar, arxa stoplar və bamper kimi xarici detallar olur. Çünki bu hissələr daha çox zədələnir və tez-tez dəyişdirilməsinə ehtiyac yaranır. Lakin hibrid sistemlər, batareyalar və digər texniki hissələr zədələndikdə onların gətirilməsi həm çətin, həm də baha başa gəlir. İstər Çindən, istərsə də başqa ölkələrdən sifariş olunsa belə, qiymətlər yüksək olur. Zəmanət daha çox bahalı avtomobillərə verilir. Məsələn, 50–60 min dollar dəyərində olan avtomobillərdə diler şəbəkəsi olduğu üçün zəmanət də mövcuddur. Lakin bəzi dilerlər olsa da, ehtiyat hissələrinin tam təminatı yoxdur. Monitor, panel və “Android” sistemləri kimi daxili hissələrdə yaranan nasazlıqlar və ya qəzalar zamanı yaranan zədələr də xaricdən gətirilərək dəyişdirilir".

Ekspert deyib ki, qiymətlər isə avtomobildən asılı olaraq dəyişir və bəzi hallarda 2000–3000 manat civarında olur:

"Məsələn, “Li 9” (Li L9) modelində sükanla bağlı problem yaranmışdı və bu hissə təxminən 5000–5500 manat civarında dəyişdirilmişdi. Həmin avtomobillərdə zəmanət olduğu üçün bu hissə diler tərəfindən təmin olunmuşdu. Digər zəmanətsiz modellərdə isə ehtiyat hissələrinin gətirilməsi və dəyişdirilməsi tamamilə sahibinin üzərinə düşür",- deyə o bildirib.

Yəni, ölkədə elektrikli və hibrid maşınların təmiri üçün hələ lazımi servis şəraiti və ehtiyat hissələri bazarı yoxdur. Rəsmi zəmanəti olmayan Çin maşınları xarab olduqda sürücülər həm minlərlə manat pul xərcləməli, həm də aylarla xaricdən detal gözləməli olurlar.

Əfsanə Kamal
Demokrat.az
Избранный
30
1
demokrat.az

2Источники