RU

"İran düyünü" - Nə müharibə, nə sülh dövrü NƏ VAXT bitəcək?

ABŞ ilə İran arasında gərginlik qalsa da, klassik qarşıdurma çərçivəsindən çıxıb. Bu gün qeyri-müəyyən və uzanan nə müharibə, nə sülh mərhələsi yaşanırq. Aprelin əvvəlindən formalaşan bu vəziyyət tərəflər üçün nə eskalasiyanın, nə də tam razılaşmanın mümkün olduğu mürəkkəb bir siyasi boşluq yaradıb.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, hazırda müşahidə olunan əsas tendensiya tərəflərdən heç birinin riskləri tam şəkildə öz üzərinə götürmək istəməməsidir. Eyni zamanda, tərəflərə geri addım da atmaq asan görünmür: "ABŞ üçün İranla genişmiqyaslı hərbi eskalasiya bir neçə strateji risk yaradır. Yaxın Şərqdə enerji bazarlarının ciddi şəkildə silkələnməsi və neft qiymətlərinin kəskin artması; körfəz regionunda ABŞ hərbi və logistik infrastrukturunun daha geniş təzyiq altına düşməsi; ABŞ-nin müttəfiqləri ilə münasibətlərində əlavə gərginlik və etimad itkisi; uzunmüddətli hərbi əməliyyatların maliyyə və resurs baxımından ağır yük yaratması. Bu kontekstdə Vaşinqtonun açıq müharibə ssenarisinə tam keçidi siyasi və iqtisadi baxımdan yüksək riskli seçim kimi görünür.

Eyni zamanda, Tehranla genişmiqyaslı və tam hüquqlu razılaşma da ciddi siyasi maneələrlə üzləşir. İranın tələblərindən geri çəkilməməsi, ABŞ daxilində və xüsusilə İsraillə bağlı siyasi dairələrdə istənilən güzəştlərə qarşı güclü müqavimət, razılaşmanın regionda güc balansını dəyişdirməsi ilə bağlı narahatlıqlar var. Bu səbəbdən, mümkün razılaşmalar daha çox tam saziş yox, məhdud və texniki xarakterli anlaşmalar formatında gündəmdə qala bilər".

Siyasi şərhçiyə görə, hazırkı vəziyyətdə ən həssas faktorlardan biri neft bazarıdır: "Qiymətlərin kəskin artmaması üçün ABŞ və bəzi tərəfdaş ölkələrin strateji ehtiyatlardan istifadə etdiyi müşahidə olunur. Lakin bu mexanizmin də uzun müddət davam etməsi məhdud görünür. Eyni zamanda, İran neftinə tətbiq olunan təzyiqlərin yumşaldılması məsələsi də Vaşinqton üçün ikili dilemma yaradır. Ya iqtisadi sabitlik naminə güzəştə getmək, ya da siyasi təzyiqi davam etdirərək qiymət riskini artırmaq seçimi ortadadır.

Bu mərhələdə daha real ssenari açıq müharibə və ya tam sülh deyil, idarə olunan gərginlik modelidir. Yəni, rəsmi ritorika sərt qalır, amma real eskalasiya minimum səviyyədə saxlanılır. Dolayı kanallarla neft bazarının sabitliyi qorunmağa çalışılır. Belə bir modeldə tərəflər faktiki olaraq status-kvonu qoruyur, lakin bunu rəsmiləşdirilmiş razılaşmaya çevirmək çətin olaraq qalır. ABŞ-İran münasibətləri hazırda qələbə və ya məğlubiyyət çərçivəsindən daha çox, uzanan strateji qeyri-müəyyənlik mərhələsinə daxil olub. Bu vəziyyət nə tam eskalasiyaya, nə də dayanıqlı sülhə imkan verir. Ən real görünən ssenari isə odur ki, yaxın dövrdə tərəflər açıq həllə yox, gərginliyin idarə olunmasına üstünlük verəcəklər. Lakin bu balansın nə qədər davamlı olacağı hələlik açıq sual olaraq qalır".

E.Məmmədəliyev,
Musavat.com

Избранный
36
musavat.com

1Источники