RU

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Düşənbə, 27 may, AZƏRTAC

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov Düşənbədə keçirilən 4-cü Beynəlxalq yüksəksəviyyəli su konfransı çərçivəsində jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, su məsələsi artıq yalnız ekoloji və ya texniki məsələ deyil - bu, ərzaq və enerji təhlükəsizliyi, şəhər inkişafı və regional sabitliklə birbaşa əlaqəli strateji məsələdir.

Qeyd edib ki, həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri su ehtiyatlarının böyük hissəsini transsərhəd çaylardan götürür. İqlim dəyişikliyi fonunda buzlaqların əriməsi hər iki tərəf üçün eyni təhlükəni yaradır.

O bildirib ki, Azərbaycan su ehtiyatlarının səmərəli idarə olunması, su infrastrukturunun modernləşdirilməsi, itkilərin azaldılması və alternativ su mənbələrinin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirir.

Onun sözlərinə görə, su qıtlığı ilə mübarizədə Azərbaycan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə irimiqyaslı layihələrə start verib. “Şirin su mənbələrinə təzyiqi azaltmaq məqsədilə dəniz suyunun emalı, təmizlənmiş tullantı sularının texniki və kənd təsərrüfatı məqsədilə yenidən istifadəsi sahəsində tətbiq etdiyimiz müasir texnoloji həllər region ölkələri üçün effektiv model ola bilər”, - deyə o bildirib.

Vurğulayıb ki, Azərbaycan su ehtiyatlarının idarə olunmasında SCADA və rəqəmsal monitorinq sistemlərinin tətbiqi, coğrafi informasiya sistemlərinin qurulması və suyun real vaxt rejimində uçotunun aparılması istiqamətində ciddi təcrübəyə malikdirlər.

“Kənd təsərrüfatında müasir suqənaətedici - damcı və yağışyağdırma suvarma sistemlərinin subsidiyalaşdırılması mexanizmlərimiz də regional maraq kəsb edir”, - deyə o əlavə edib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
Избранный
103
1
azertag.az

1Источники