Bu ilin yanvar-aprel aylarında Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 17,6 % təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 faiz bəndi azdır.
Bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib.
“Bu, aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asılılığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Növbəti dövr – 2027-ci il və sonrakı dövr üzrə hədəfləri açıqlayanda bu göstəriciyə xüsusi önəm verəcəyik. Çünki bu göstəricinin aşağı salınması Azərbaycanın dövlət büdcəsinin, makrofiskal siyasətinin və o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asılılığının minimallaşdırılması deməkdir.
Biz qeyri-neft gəlirləri ilə xərclərimizin təminat səviyyəsini artırdıqca, neft və yaxud qazın beynəlxalq bazarlarda qiymətindən asılılığımızı azaldırıq. Biz artıq öz gəlirlərimizi qeyri-neft sektorundan qazanırıq, öz xərclərimizi ona uyğunlaşdırırıq və bu çərçivədə özümüzün maliyyə dayanıqlılığımızı növbəti dövr üçün tam şəkildə təmin edə bilirik”, – deyə o qeyd edib.
S. Babayev vurğulayıb ki, büdcə siyasətinin əsas istiqamətlərindən biri məhz qeyri-neft gəlirlərinin artırılması idi:
“Biz 2026-cı il və növbəti üç il üçün çərçivəni hazırlayıb Milli Məclisə təqdim edən zaman qarşımıza qoyduğumuz əsas hədəflərdən biri o idi ki, hər il Azərbaycanın dövlət büdcəsində qeyri-neft gəlirləri artmalıdır, neft gəlirləri azalmalıdır və büdcə xərclərinin artan tələbatı məhz qeyri-neft gəlirlərimiz hesabına təmin olunmalıdır. Çünki bu, bizim dayanıqlılığımızdır, bu, bizim gələcək inkişafımızdır, neft resurslarının, Neft Fondu resurslarının gələcək nəsillər üçün qorunub saxlanmasıdır. Bu prizmadan yanaşdıqda, ilk 4 ayın nəticələri də kifayət qədər uğurludur. Cari ildə bizim qeyri-neft gəlirlərimiz proqnoza nisbətən təqribən 77 milyon manat artıq icra olunub. Əvvəlki ilə – 2025-ci ilə nisbətən isə bu, 5 % – 372 milyon manat çoxdur. Artıq cəmi 4 ayda bu dinamikanı görürük ki, bizim qeyri-neft gəlirlərimiz ciddi artımla davam edir”.
Nazir qeyd edib ki, paralel olaraq, dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı da artıb: “Əgər ötən ilin ilk 4 ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft gəlirləri təqribən 53 % idisə, artıq cari ilin ilk 4 ayında biz 57,4 %-ə çatmışıq və düşünürəm ki, bu tendensiya davam etdikcə Azərbaycanın büdcə gəlirlərinin içində qeyri-neft sektorunun payı getdikcə daha ciddi şəkildə artacaq”.