RU

Kanadada Ebola təhlükəsi: 3 ölkədən gələnlər üçün 21 günlük karantin tətbiq olunur

Kanada hökuməti Ebola virusunun yayıldığı bölgələrdən gələn səyahətçilər üçün sərt məhdudiyyətlər elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi məlumat yayıb.

Kanada İctimai Səhiyyə Agentliyi rəsmi açıqlamasında virusdan təsirlənən ölkələrdən gələn şəxslərin artıq 21 gün ərzində məcburi özünütəcrid rejimində qalmalı olduqlarını bildirib. "Çox ehtiyatla" tətbiq edilən bu qərarın cari ilin 29 avqust tarixinə qədər qüvvədə qalacağı gözlənilir.

Yeni qaydalara əsasən, ölkəyə daxil olarkən xəstəlik simptomları müşahidə edilən sərnişinlər əlavə müayinə üçün dərhal xəstəxanalara yerləşdiriləcək. Müvafiq şəraiti olmadığı üçün özünütəcrid qaydalarına əməl edə bilməyən şəxslər isə dövlət tərəfindən xüsusi təcrid sahələri ilə təmin olunacaqlar.

Bundan əlavə, ölkənin immiqrasiya xidməti Konqo Demokratik Respublikası, Cənubi Sudan və Uqanda vətəndaşlarının müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandırıb. Kanada hökuməti adıçəkilən üç ölkənin vətəndaşlarının immiqrasiya ərizələri ilə bağlı yekun qərarların verilməsinə 90 günlük moratorium qoyub. Bu müddətin epidemioloji vəziyyətin gedişatından asılı olaraq uzadıla və ya qısaldıla biləcəyi vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına görə, Konqonun şimal-şərqində tüğyan edən Ebola epidemiyası virusun nadir bir variantından qaynaqlanır və yerli səhiyyə sisteminin imkanlarından daha sürətlə yayılır. Mayın 25-də ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus virusa yoluxma şübhəsi olanların sayının 900-ü keçdiyini, onlardan 101-nin laboratoriya şəraitində rəsmən təsdiqləndiyini açıqlayıb. Son epidemiyadan həyatını itirənlərin sayı isə artıq 220 nəfəri ötüb.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
24
redaktor.az

1Источники