“WUF13 çoxtərəfli dialoq üçün olduqca güclü qlobal platforma təqdim etdi və mənzil maliyyələşdirilməsi, qeyri-rəsmi yaşayış məntəqələri, münaqişə zonalarında yenidənqurma kimi kritik sahələri əhatəli şəkildə müzakirə edildi”.
Bu fikirləri Musavat.com-a çinli tədqiqatçı Betani Ma bildirib.
Honq Konqdan Bakıya WUF13-də iştirak etmək üçün gələn tədqiqatçının fikrincə, gələcək forumlarda tədqiqat institutları arasında əvvəlcədən koordinasiya edilmiş nümunə mübadiləsinə açıq ehtiyac var:
“WUF13 təşkilatçılığı yüksək səviyyədə idi və tədbirdə çalışan əməkdaşlar və könüllülər son dərəcə peşəkar və qonaqpərvər davranırdılar. Bakı Olimpiya Stadionundakı forum məkanında Azərbaycanın zəngin mədəni ənənələrininin estetik şəkildə nümayiş etdirilməsi və bunun beynəlxalq tədbir standartları ilə uğurla birləşdirilməsi məndə ciddi müsbət təəssürat yaratdı. Logistika demək olar ki, qüsursuz idi; şəhərin əsas bölgələri, hava limanı və stadion arasındakı nəqliyyat əlaqələri aydın istiqamətləndirmə və peşəkar idarəetmə ilə təmin olunmuşdu. Şəhər boyu fəaliyyət göstərən könüllülərin səmimiyyəti və yardımsevərliyi xüsusilə yadda qaldı və bir ziyarətçi olaraq onların göstərdiyi möhtəşəm qonaqpərvərliyə görə səmimi təşəkkürümü bildirirəm”.
Honq Konqlu tədqiqatçı Bakıda qəbul edilən qərarları da şərh edib:
“Şəhərsalma və urban inkişaf baxımından qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” yüksək səviyyəli siyasətlə lokal icra arasındakı boşluğu aradan qaldırmaq üçün vacib çərçivə təqdim edir. Xüsusi relyefi, zəngin tarixi və sıx şəhər strukturu olan liman şəhəri kimi Bakı Honq Konqla maraqlı paralellər paylaşır. Şəhər həm “greenfield”, həm də “brownfield” yenidənqurma layihələri üçün böyük potensiala malikdir. Hazırda davam edən Bakı Ağ Şəhər yenidənqurma layihəsi və Sea Breeze kimi təşəbbüslər əhəmiyyətli nümunə kimi qiymətləndirilə bilər. Qarşıdakı əsas məsələ ondan ibarətdir ki, bu iri miqyaslı layihələr davamlılıq göstəricilərini real şəkildə yaxşılaşdırsın, texnoloji modernizasiya, iqlim dayanıqlılığı və tarixi irsin qorunması arasında dəqiq balans yaratsın və Şərqlə Qərbi birləşdirən strateji mövqedə dayanıqlı, çoxmədəniyyətli iqtisadi mərkəzin formalaşmasına xidmət etsin”, -deyə tədqiqatçı vurğulayıb.
Nigar Həsənli
Musavat.com