AFFA-nın Futbol Təhsili üzrə Vebinarlar təşəbbüsü çərçivəsində təşkil olunan "Uşaq və gənclərlə iş" silsiləsinin ikinci onlayn seminarı keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Uşaq psixologiyası və motivasiya" mövzusuna həsr olunan vebinarda 20-yə yaxın klubun nümayəndəsi iştirak edib.
Tədbir AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri, məşqçi-mütəxəssis Sərxan Hüseynov tərəfindən keçirilib.
Sessiya zamanı məşqçi davranışının uşağın psixologiyasına təsiri, daxili və xarici motivasiya, özünü müəyyənləşdirmə nəzəriyyəsi, effektiv ünsiyyət və geribildirim mövzuları müzakirə olunub. İştirakçılar həmçinin praktik ssenari əsasında uşaqlarla iş zamanı məşqçinin yanaşması, emosional reaksiyaların düzgün idarə edilməsi və dəstəkləyici məşq mühitinin yaradılması barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, vebinar çərçivəsində iştirakçılarla əlavə praktiki resurslar da paylaşılır. Birinci onlayn görüşün sonunda iştirakçılara məşq sessiyası yoxlama siyahısı və mövzu üzrə faydalı məlumatların yerləşdirildiyi Məşq Sessiyası Yoxlama Siyahısı adlı iş aləti təqdim olunub. İkinci vebinarın sonunda isə iştirakçılarla "Məşqçi güzgüsü" adlı iş aləti paylaşılaraq məşqçilərin öz davranışlarını, ünsiyyət tərzini və məşq mühitinə təsirini refleksiya etməsinə dəstək göstərilib. Futbol təhsili sahəsində maarifləndirici vebinarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə məşqçilər üçün başladılan bu təşəbbüsün növbəti mərhələlərdə digər hədəf qruplarını da əhatə etməsi planlaşdırılır.