RU

Prezidentin aqrar siyasəti - Şəhərlərdən kəndlərə qayıdış

"Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərini əhatə edən siyasi-iqtisadi proqram xarakteri daşıyır".


Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.


O bildirib ki, çıxışda kənd təsərrüfatının inkişafı yalnız iqtisadi məsələ kimi deyil, həm də milli təhlükəsizlik, regional inkişaf, sosial sabitlik və dövlətçilik maraqları baxımından strateji sahə kimi təqdim olunur:

"Prezident çıxışında 2004-cü ildən həyata keçirilən Regional İnkişaf Proqramlarını xüsusi qeyd edərək vurğuladı ki, kənd təsərrüfatının inkişafı bölgələrin sosial-iqtisadi dirçəldilməsi siyasətinin əsas tərkib hissəsidir. Son illərdə regionlarda qaz, elektrik, yol və su infrastrukturlarının yenidən qurulması kənd yerlərində həyat səviyyəsinin yüksəlməsinə, məşğulluğun artmasına və insanların öz torpaqlarına bağlılığının güclənməsinə səbəb olub. Bu siyasət dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır, çünki güclü regionlar ölkədaxili sabitliyi möhkəmləndirir, paytaxtla bölgələr arasındakı fərqləri azaldır və strateji ərazilərdə demoqrafik dayanıqlığı təmin edir.

Prezidentin “kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın” fikri Azərbaycanın yeni sosial-demoqrafik strategiyasını ifadə edir. Bu yanaşma kəndlərin boşalmasının qarşısının alınmasına, kənd təsərrüfatında məşğulluğun genişlənməsinə və milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlət başçısı bölgələrdə məktəb, xəstəxana və digər sosial infrastruktur layihələrinin həyata keçirilməsini də məhz insanların doğma torpaqlarında yaşaması üçün yaradılan şərait kimi qiymətləndirdi".

Deputat qeyd edib ki, çıxışın əsas istiqamətlərindən biri ərzaq təhlükəsizliyi məsələsi idi:

"Prezident dünyada müharibələrin, nəqliyyat zəncirlərinin pozulmasının və enerji böhranının ərzaq təminatına ciddi təsir göstərdiyini vurğulayaraq bildirdi ki, hər bir dövlət özünü əsas ərzaq məhsulları ilə təmin etməlidir. Bu yanaşma dövlətçilik baxımından xüsusi əhəmiyyət daşıyır, çünki ərzaq təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Prezidentin xüsusilə buğda istehsalı ilə bağlı narahatlığı strateji xarakter daşıyır. Azərbaycanın özünü ərzaq buğdası ilə cəmi 55 faiz təmin etməsini “qəbuledilməz” adlandırması dövlətin idxaldan asılılığın azaldılması istiqamətində daha ciddi addımlar atacağını göstərir.

Prezident çıxışında kənd təsərrüfatında dövlət dəstəyinin və subsidiya mexanizmlərinin əhəmiyyətini xüsusi vurğuladı. Gübrə, yanacaq güzəştləri, güzəştli kreditlər və fermerlərə metodiki dəstək dövlətin aqrar sektoru prioritet istiqamət kimi qəbul etdiyini göstərir. Eyni zamanda Prezident subsidiyaların çevik və bazar tələblərinə uyğun şəkildə tənzimlənməsinin vacibliyini qeyd etdi. Bu yanaşma dövlət və bazar mexanizmlərinin uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışda aqroparkların yaradılması və müasir texnologiyaların tətbiqi xüsusi yer tutdu. Prezident bildirdi ki, aqroparklar kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb, lakin məhsuldarlığın daha da artırılması üçün torpaqların elektron xəritələşdirilməsi, süni intellekt, peyk texnologiyaları və rəqəmsal idarəetmə sistemləri tətbiq edilməlidir. Bu yanaşma Azərbaycanın kənd təsərrüfatında ənənəvi üsullardan innovativ və yüksək məhsuldarlığa əsaslanan modelə keçdiyini göstərir".

Deputatın fikrincə, Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialına da xüsusi diqqət ayırdı:

"Azad edilmiş ərazilərdə su anbarlarının, kanalların və müasir suvarma sistemlərinin qurulması həmin bölgələrin iqtisadi reinteqrasiyasına və “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsinə xidmət edir. Dövlət başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın su ehtiyatlarının mühüm hissəsinin formalaşdığı ərazilərdir və bu resurslardan səmərəli istifadə həm həmin bölgələrin, həm də digər rayonların inkişafına mühüm töhfə verəcəkdir.

Çıxışda pambıqçılıq, baramaçılıq, fındıqçılıq, intensiv bağçılıq və istixana təsərrüfatlarının inkişafı ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi strategiyasını nümayiş etdirir. Prezident xüsusilə vurğuladı ki, Azərbaycan yalnız xammal ixrac edən ölkə olmamalı, pambıq mahlıcı deyil, hazır məhsul istehsal edib ixrac etməlidir. Bu yanaşma iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və əlavə dəyər yaradan sənaye modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident çıxışında yerli və xarici investorları kənd təsərrüfatına sərmayə qoymağa çağıraraq bildirdi ki, Azərbaycan beynəlxalq nüfuza malik, etibarlı tərəfdaş kimi xarici investisiyalar üçün əlverişli şərait yaradıb. Dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya qoyuluşunun nəzərdə tutulması aqrar sektorun ölkə iqtisadiyyatında strateji mövqeyə malik olduğunu göstərir".

V.Qafarov onu da bildirib ki, su təminatı məsələsi də çıxışın əsas istiqamətlərindən biri oldu:

"Prezident Taxtakörpü, Şəmkirçay, Suqovuşan, Sərsəng və digər su anbarlarının əhəmiyyətini vurğulayaraq Şirvan və Qarabağ kanallarının yenidən qurulmasının yüz minlərlə hektar torpağın su ilə təmin edilməsinə imkan verəcəyini bildirdi. Müasir suvarma sistemlərinin tətbiqinin 130 min hektardan 300 min hektara çatdırılması planı məhsuldarlığın ciddi şəkildə artırılmasına hesablanıb.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, Azərbaycan kənd təsərrüfatını artıq yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, milli təhlükəsizliyin, sosial sabitliyin, regional inkişafın və iqtisadi suverenliyin əsas sütunlarından biri kimi qiymətləndirir. Çıxışda səsləndirilən hədəflər və prioritetlər dövlətin uzunmüddətli inkişaf strategiyasının kənd təsərrüfatı üzərində qurulan yeni mərhələyə daxil olduğunu nümayiş etdirir".

Избранный
1
1
manset.az

2Источники