RU

''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi

Geridə qoyduğumuz mövsümü icarə əsasında ''Komo''da keçirən və müqaviləylə ''Fənərbaxça''ya məxsus olan Dieqo Karlos ilə bağlı yeni xəbər var.

Braziliyalı mərkəz müdafiəçisi çox yaxşı performans sərgiləməsinə və ''Komo''nun tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmasında mühüm rol oynamasına baxmayaraq klub onu daimi əsasda transfer etməmək qərarına gəlib. Bu xəbəri italiyalı insayder Nikola Skira paylaşıb.

Əslində mövsümboyu güman edilirdi ki, ''Komo'' yayda ''Fənər''ə 5-6 milyon avro civarında məbləğ ödəyərək fanatların rəğbətini qazanan futbolçunu heyətdə saxlayacaq. Amma görünür, ''Komo'' ÇL-ə vəsiqə qazandıqdan sonra belə desək, iştahı və hədəfləri artıb. Fransesk Fabreqasın çalışdırdığı klub Dieqo Karlosdan da güclü müdafiəçi tapa biləcəyini düşünür.

33 yaşlı oyunçu bu yay İstanbul nəhənginə geri dönəcək. Onun klubdakı gələcək taleyi yeni məşqçinin qərarından sonra bəlli olacaq. Maraqlıdı ki, Dieqo Karlos ''Fənərbaxça'' tarixinin ən bahalı müdafiəçisi statusundadı. ''Sarı-lacivərdlilər'' təcrübəli oyunçunu 2025-in yanvarında ''Aston Villa''dan 11,47 milyon avroya transfer edib. Amma Karlosun Türkiyə karyerası uğursuz keçdi. O həm oynadığı matçlarda kobud səhvlərə yol verdi, həm də zədə problemi ilə üzləşdi. Bu üzdən ''Fənər'' sentyabrda bu oyunçunu ''Komo''ya icarəyə göndərdi.

''Fənərbaxça'' ilə 2028-ə qədər müqaviləsi olan ''sambaçı'' geridə qoyduğumuz mövsümdə ''Komo''nun heyətində 31 rəsmi oyunda iştirak edərək aktivinə 1 qol, 1 məhsuldar ötürmə yaza bilib.

Избранный
62
1
football-plus.az

2Источники